Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan Respublikasının ərazisi bütün tarixi dövrlərə aid abidələrlə zəngindir. Bu abidələrə maraq hələ XIX ikinci yarısından başlansa da yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeoloji ekspedisiyalar fəaliyyət göstərmiş, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr – arxeoloji materiallar toplanmışdır.
Zəngin tariximizin informasiya daşıyıcıları olan tarixi-arxeoloji abidələrlə bağlı ictimaiyyətin, xüsusilə də gənc nəslin geniş maarifləndirmə işlərinin əhəmiyyətini nəzərə alan Heydər Əliyevin göstərişi ilə böyük şəhərlərlə yanaşı Azərbaycanın demək olar ki, bütün rayonlarında Tarix Diyarşünaslıq muzeyləri yaradılmış, qədim və yaxın tariximizin ən nəfis nümunələri təbliğ, nümayiş etdirmək, qorumaq və tədqiq etmək məqsədi ilə bu muzeylərdə toplanmışdır. Xalqımızın qədim tarixinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilmiş, regionlarda arxeoloji qazıntı işlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün arxeoloji bazalar yaradılmışdır. Heydər Əliyev tarixi abidələrə və arxeoloji qazıntı sahələrinə şəxsən səfərlər etmiş, qədim tariximizin yadigarları olan abidələrimizin tədqiqinin və təbliğinin zəruriliyini dəfələrlə qeyd etmişdi.