Siyasət yoxsa vicdan...

7 Fevral 2023 17:01 (UTC+04:00)

Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsıtdı. Fəlakət qurbanlarının sayı artdıqca ürəyimizin sızıltısı da artdı. Qardaş xalqın acısını öz acımız kimi hiss etdik, duyduq.
Məlumdur ki, Türkiyə seysmoloji cəhətdən dünyanın ən aktiv bölgələrindən sayılır. Ölkənin böyük hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu faktor zəlzələlərin mütəmadi baş verməsinə səbəb olur. 6 fevral zəlzələsi isə dağıdıcılıq qabiliyyətinə görə ən güclülərdən oldu. Bu faciə Türkiyə tarixində 1939-cu ilin dekabrında Türkiyənin şimal-şərq hissəsində 7.8 bal gücündə baş verən Ərzincan zəlzələsi ilə müqayisə olunur. Həmin zəlzələdə 30 mindən çox insan həyatını itirmişdi. 1992-ci ildə 6,6 şiddətində yenə Ərzincanda, 1999-cu ildə 7.6 bal gücündə İzmitdə, 7,4 bal gücündə Gölcükdə, 7,2 bal şiddətində Düzcədə, 2011-ci ildə 7,2 bal şiddətində Van zəlzələləri də dağıdıcılığı ilə seçilib. Bu təbii fəlakətlər nəticəsində 10 minlərlə insan həlak olub. Sonuncu dəfə isə 2020-ci ilin yanvarında Türkiyənin şərqindəki Elazığ şəhərində baş verən 6.7 bal gücündəki zəlzələ 41 nəfərin həyatına son qoymuş, 1600-dən çox insan yaralanmışdı.

7.8 bal gücündə olan 6 fevral zəlzələsi ölkənin hər yerində, eləcə də Suriya, Livan, Kipr və İsraildə də hiss edilib. Artıq dünyanın ayrı-ayrı təşkilatlarından, ölkələrindən Türkiyəyə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Azərbaycan isə qardaşının imdadına heç bir sorğu sualsız yollanıb. Artıq üç böyük xilasedicilər qrupu, üst-üstə 500-ədək şəxsi heyət hadisə yerindədir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”-deməklə bütün Azərbaycan xalqının fikrini ifadə etmiş olub.
Fəlakətlə bağlı təəssüf doğuran bir məqam da, bu cür genişmiqyaslı faciənin bəzi qüvvələr tərəfindən alətə çevrilməsi oldu. Təbii fəaləkət əlbət ki, ölkə iqtisadiyyatına böyük təsir göstərəcək. Təkcə 2022-ci ildə Türkiyə qəbul etdiyi 50 milyondan artıq turistin məmnunluğu hesabına 70 milyard dollara yaxın gəlir əldə edib. Fəlakət ölkənin əsas gəlir sahəsi olan turizm sahəsini sarsıtmış olacaq. Dövlətin qeyri-kommersiya xarakterli xərcləmələrinin miqdarı artacaq. Sosial ödənişlər çoxalacaq. Büdcə kəsiri artacaq. Bütün bunlar türk lirəsinin məzənnəsinin dəyərsizləşməsinə və istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Lakin bu neqativ proseslərin mövcud hakimiyyətlə əlaqələndirilməsi sadəcə propoqanda nümunəsidir. İnşaat sektoru ilə bağlı dövlətin günahlandırılmasına gəlincə, tikinti işlərinin yüksək səviyyədə icra olunduğu Sovet dönəmində Ermənistanda baş verən zəlzələnin nəticələri məsələnin şəxslər çərçivəsinə endirilməsini bir daha absurd edir. Təbii fəalkətlər hər zaman gözləniləndir. İnsanların acısından bəzi qüvvələrin hakimiyyətə yönəlik kampaniya vasitəsi kimi istifadəsi sadəcə olaraq, sözün ən yaxşı mənasında çirkinlikdir, vicdan yoxsunluğudur.

Türkiyə bugünə qədər çox ağır sınaqlardan alnıağ çıxdı. Bu fəlakətindən öhdəsindən gələcək. Fəsadları aradan qaldıracaq. Bugün üçün önəmli olan dağıntılar altında qalan insanların sağ çıxarılmasıdır. Belə bir vaxtda iqtisadiyyata yönəlik proqnozlar vermək, insanların çaşqın vəziyyətini monipulyasiya etmək heç bir insani dəyərlərə sığmır. Zaman yumruq kimi bir olmaq zamanıdır. Çünki, dərd hər birimizin dərdidir. Allah TÜRK millətinin yar və yardımçısı olsun. Bu da keçər...

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi