"Azərbaycan ordusu istənilən təxribata qətiyyətlə cavab verəcək" - Deputatla müsahibə

9 Fevral 2023 14:22 (UTC+04:00)

- Cənab Mirzəzadə, Vardanyanın Rusiya sülhməramlıları tərəfindən Moskvaya qaçırılması barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

- Bu onu göstərir ki, Rusiyanın müəyyən dairələrinin Vardanyan layihəsi baş tutmadı. Elə hesab edilirdi ki, zəngin bir ermənini Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə göndərməklə orada erməni revanşizminə bir güc verəcəklər. Azərbaycanı ərazi bütövlüyünü güzəştə getməyə məcbur edəcəklər. Yarımçıq da olsa özlərinin "Artsax planları"nı həyata keçirəcəklər. Amma Azərbaycan ilk gündən o siyasi dəllalı görmək istəmədiyini, onu Qarabağ bölgəmizdəki erməni icmasının nümayəndəsi kimi qəbul etmədiyini bildirdi. Eyni zamanda orada olan erməni icmasının özü də Vardanyanı bir lider, nümayəndə kimi qəbul etmədilər.. Çirkli pulların yuyulması ilə var-dövlət qazanan bu şəxs siyasətdə biznesdə olduğu kimi çirkin oyunlar oynamağa başladı. Aydın məsələdir ki, qarşısına qoyduğu məqsədi həyata keçirə bilmədiyinə görə aradan çıxmalı oldu. Vardanyan variantı həyata keçmədi. Azərbaycan artıq Dağlıq Qarabağ problemini birdəfəlik həll edib. Orada yaşayan əhali bizim vətəndaşlarımızdır. Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquq və azadlıqlara onlar da vətəndaşlıq əldə etməklə malik ola bilərlər. Azərbaycanın təklif etdiyi regionda birdəfəlik stabil şəraitin yaranması variantıdır. Heç bir halda ölkəmiz, Azərbaycan xalqı çirkin siyasi oyunları qəbul etməyəcək, onların layiqli cavabını verəcək. Artıq 2 aydır ki, eko-fəallarımız Xankəndi-Laçın yolunda Azərbaycanın maraqlarını ictimai təşəbbüslə qoruyurlar. Bütün dünya görür ki, vətəndaş bu gün dövlətinin yanındadır. Bu gün dövlətlə vətəndaşın fəaliyyəti üst-üstə düşür. Biz regionu siyasi qalmaqallarsız, hərbi qarşıdurmasız, sakit inkişaf edən bir region kimi görmək istəyirik. Vardanyan isə özünün çirkli biznesini davam etdirməyi daha üstün tutaraq Xankəndini tərk etdi.

- Vardanyanın Moskvaya qaçıran Rusiya sülhməramlıları onu yenidən Xankəndiyə daxil edə bilərlərmi?

- Hərhalda bu gün eko-fəallarımız oradadır. Onlar gəlib-gedən yüklərə nəzarət edirlər. Onun necə qaçırıldığı kino ssenarisi ola bilər. Amma heç bir halda onun yenidən Qarabağa qayıdarak özünü oranın söz sahibi elan etməsi mümkün deyil. Hərhalda Azərbaycan xalqı, dövləti öz sözünü deyib. Vardanyan bir daha ora qayıtmasa daha yaxşıdır.

- Trend İnformasiya Agentliyinin diplomatik mənbələrdən əldə etdiyi etibarlı məlumata görə, İran və Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribat hazırlayır. Yayılan bu informasiyaya münasibətiniz necədir?

- Əgər onların belə bir fikirləri varsa, çox böyük ölçüdə yanılırlar. Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Azərbaycan iki əsr bundan əvvəl Türkmənçay və Gülüstan dövrünün Azərbaycanı deyil. Biz öz hüquqlarımızı bilirik, özümüzü qorumağı bacarırıq. Azərbaycan ordusu istənilən təxribata qətiyyətlə cavab verəcək. Qoy cəhd etsinlər. Onlar Azərbaycanın hüquqlarına bircə qarış da olsa toxunmağa çalışsınlar.

- Ermənistan sosial şəbəkələrindən Türkiyəyə qarşı insanlığa yaraşmayan rəylər, mülahizələr ifadə olunur. Bu zəlzələnin törətdiyi fəlakətdən hədsiz dərəcədə məmnun görünürlər. Bu erməni cəmiyyətinin ksenofobiyasından xəbər verir. Ermənistan cəmiyyətindəki bu ksenofobiyanı necə dəyərləndirirsiniz?

- Erməni cəmiyyəti, ümumiyyətlə, türkə nifrət hissindən uzaq olmalıdır. Bu onun ən ağır problemidir və inkişafına, regionda gedən proseslərə inteqrasiyasına maneçilik törədən amildir. Nə Türkiyə, nə Azərbaycan heç vaxt hansısa xalqın problemlərinə biganə yanaşıblar. Buna kədərdən başqa münasibət bildirməyiblər. Bütün dünya görür ki, erməni cəmiyyətində millətçilik o həddə gəlib çatıb ki, onlar zəlzələdən zərər çəkən insanların ağrısına sevinirlər. Bu insanlığa yaraşmayan bir məsələdir. Yaddan çıxarmasınlar ki, 1989-cu ilin 7 dekabrında Ermənistanda zəlzələ zamanı Azərbaycandan gedən təyyarə qəzaya uğradı. Cəmi 1 nəfər o qəzadan sağ çıxdı. Nədənsə Ermənistan bunu unudur. Türkiyə də o zaman Ermənistana kömək edən ölkələrdən biri oldu. Bu gün Türkiyədə 300 minə qədər erməni yaşayır və özünün sosial problemlərini həll edir. Ermənistan vətəndaşları Türkiyəyə sərbəst gedə bilirlər, onun imkanından yararlanırlar. Ona görə də millətçi dairələr özlərinin çirkin niyyətlərindən əl çəkməlidirlər. O təkcə Türkiyənin ağrısı deyil, bəşəriyyətin ağrısıdır. Bu insanlığa yaraşmayan bir hərəkətdir və qınanılır. Belə hərəkət heç zaman heç kəsə xoşbəxtlik gətirə bilməz. Bu gün bütün dünya Türkiyənin yanındadır. Hətta aralarında müəyyən gərginlik olan Yunanıstan belə Türkiyəyə dağıntıların altından insanları çıxarmaqda kömək edir. Bu erməni millətçilərinə dərs olmalıdır. Onları qəflət yuxusundan ayıltmalıdır. Türk onsuz da güclüdür. O istənilən çətinlikdən, ağırlıqdan çıxa bilir. Bu gün Türkiyənin yanında Azərbaycandır, türk dövlətləridir. Türkiyəni sevən qüvvələrdir. Bir qrup erməni millətçisinin sevinc bildirməsi onlarla türklər arasında yerlə göy qədər fərq olduğunu göstərir.

- Qardaş Türkiyədə çox şiddətli zəlzələlər baş verdi. Bu zəlzələdə zərər çəkənlərə Azərbaycanda yardım kampaniyası aparılır. Xalqımız çox mütəşəkkil bir şəkildə qardaş Türkiyə xalqı üçün yardımlarını göndərir. Bu kampaniyanı necə dəyərləndirirsiniz?

- Çox ciddi kampaniya gedir. Türkiyəyə kömək edən ölkələr arasında öndə Azərbaycandır. Dünən bir statistika oxudum. Bildirilirdi ki, ən çox xilasedicini Azərbaycan göndərib. Onların sayı 710 nəfərdir. Digər ölkələrin göndərdiyi xilasedicilərin sayı 100 nəfərdən aşağıdır. Azərbaycan bundan başqa səyyar xəstəxana, həkim personalı, eyni zamanda həm dövlət, həm Heydər Əliyev Fondu xətti vasitəsilə humanitar yardım göstərilir. Həmçinin burada Azərbaycan cəmiyyətinin də hər bir üzvünün türk qardaşlara köməyi çox yüksək səviyyədə görüldü. İnsanlar öz yorğan-döşəklərini, paltarlarını Türkiyəyə yardım üçün göndərirdi. Özünü köhnə "Jiquli" markalı avtomobilində yaxınlarının yorğan-döşəyini kömək üçün daşıyan gəncimiz fenomen oldu. O bunu qəhrəman olmaq üçün etmirdi. Bu onun içindən gələn bir hiss idi. Bu gün hər bir kəs kömək etməyə çalışır. Dünən Milli Məclisin deputatları da Türkiyəyə yardım üçün kampaniyaya başladılar. Böyük bir vəsait toplandı. Yaxın günlərdə Milli Məclis bununla bağlı açıqlama verəcəkdir.

Rəşid QARAYEV,

AzNews.az