Türkiyədəki zəlzələdən manipulyasiya aləti kimi istifadə edən qüvvələr tək daxildə deyil. İran və Ermənistan kimi ölkələr də zəlzələ üzərindən provakasiyalara əl atmaqla növbəti dəfə insanlıq dərsindən sinifdə qaldılar. Təbii fəlakətin baş verdiyi vaxtda ölkələrin fəsadlarının aradan qaldırılmasına başının qarışdığı vaxtda məkirli təxribat planı hazırlandı. Planın icrası üçün işlər hələ də davam etdirilir. Hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür.
Təxribatların icra olunmasında Ermənistanın məqsədi hazırki status-kvonu davam etdirmək, mümkün olduğu qədər növbəti seçki periodunadək zaman qazanmaqdır. Digər tərəfdən, təxribatların mövcudluğu Rusiyanın bölgədə yarıtmazlığını göstərmək və anti-Rusiya meyillərini gücləndirmək üçün də İrəvanın işinə yarayır. Bu məqam dolayı yolla Qərb, məxsusi olaraq Fransa jandarmasının regionda yerləşdirilməsinə hesablanıb. Paşinyanın havadarı olan Avropanın regionda dayaqları möhkəmləndikcə, Sorosun tələbləri yerinə yetirilmiş sayılır.
İranın da təxribatlarda özünəxas maraqları var. Əvvəla, təxribatlar davam etdikcə, üçtərəfli bəyanatın prinsipləri geri plana atılmış olur. Sülhə götürən yolun ləngidilməsi reallıqların dəyişdirilməsi kimi anlaşılır. Üçtərəfli bəyanatın əsas öhdəliklərindən biri də Zəngəzur dəhlizidir ki, Tehran bu layihənin icrasına tamamilə qarşıdır. Digər tərəfdən, təxribatlar davam edildikcə bölgədə Avropa monitorinq missiyasına ehtiyac daha qabarıq şəkildə ortaya çıxır ki, bu da Fransa hərbçilərinin bölgədə yerləşdirilməsi deməkdir. İran bu prosesə təkan verməklə, Parisin pozitiv mövqeyini qazanır. Sanksiyalar məngənəsində boğulan, İsraillə mübarizədə təklənən İran üçün yeni dəstəkçilərin qazanılması hava və su qədər vacibdir.
Fransa isə Cənubi Qafqazdan kənara atılmasını hələ də həzm edə bilmir. O qədər hikkəlidir ki, Türkiyənin ən acı günündən belə məsxərə mənbəyi kimi istifadə etməkdən çəkinmir, əsl xislətini Charlie Hebdo jurnalındakı iyrənc karikaturası ilə bir daha göstərir. Yelisey sülh sazişini özü diktə etməyə çalışır. Monitorinq adı altında, özü də mülki monitorinq adı ilə ehtiyatda olan hərbçilərini sərhəddə yerləşdirmək yeni təxribatlara yol açmaqdan başqa niyyət daşımır. Üstəlik, Cənubi Qafqaz yenidən Rusiya ilə Qərb arasında mübarizə poliqonuna çevrilmək istənir. Əlbəttə ki, suya düşəcək…
Məşhur italyan mütəfəkkiri Nikkolo Makiavelli siyasətin fundamental əsaslarından bəhs etdiyi “Hökmdar” əsərində “Məqsəd vasitəyə haqq qazandırır” deyərkən məkirli ölkələrin bu cür riyakarlığından xəbərsiz olub. Bir ölkədə yaşanan fəlakət, insanların faciəsi üzərindən həm də belə çirkin planların qurulması heç bir məqsədə haqq qazandıra bilməz..
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi