- Cənab Oruc, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə üçün gecikir?
- Vətən müharibəsindəki qələbə sülh gündəliyini meydana gətirdi. Bu yöndə ilk olaraq üç dövlət arasında razılaşmanın əsas tərəflərindən biri olan Rusiyanın bilavasitə moderatorluğu ilə danışıqlar başlandı. Biz şahidik ki, o zamanlar Azərbaycan məhz bu müqaviləni hansı prinsiplər əsasında gördüyünü elan etdi. Öz-özlüyündə cəmiyyətlər, o cümlədən beynəlxalq ictimaiyyət əmin oldu ki, Azərbaycan qəti bir şəkildə 30 illik işğal dövrünün danışıqlarını indiki qələbə zamanına daşımayacaq. Bu üzücü, ağır bir proses olardı, həm də bizim millətimizin iradəsini ifadə etməzdi. Təzədən biz illər ərzində seriyalı, həm də nəticəsiz danışıqlarda niyə iştirak edək ki?! O səbəbdən xatırlayırsınızsa, Davos görüşündə cənab prezidentə moderatorun ünvanladığı “danışıqlar nə yerdədir?” sualına ölkə rəhbəri tərəfindən “heç bir yerdə” deyə cavab verildi. Zənn edirəm ki, burada bizim üçün ən önəmli iki məqamı gündəmdə saxlamaqdır. Onlardan biri ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi qlobal toqquşmalara yol açlb. Hazırda Azərbaycan-Ermənistan münasibətləri də həmin qlobal təhlükəsizlik sisteminin, daha doğrusu “Yeni Düzən” adlandırılan, amma xaos olan hissəsinə çevrilib. Tərəflər artıq onu dəyərləndirirlər ki, Azərbaycanın mənafeləri əgər bütövlükdə hərbi meydandan sənəd üzərinə, diplomatik masaya daşınacaqsa da, bu halda həmin dövlətlər regiondan çıxmağa məcbur olacaqlar.
- Ermənistan hər dəfə xarici himayədar tapır və onların vasitəsilə bu prosesi yubadır. Ümumiyyətlə Ermənistanın məqsədi nədir?
- Fransa, digər Qərb dövlətləri Vətən müharibəsinin qəfil başlandığını nəzərə alaraq düşünürlər ki, bu onlara hərbi, siyasi, iqtisadi, diplomatik cəhətdən prosesə qoşulmağa bu dövrdə imkan verməyəcək. Həm də pandemiya yeni başlanırdı və o da ayrı çağırışlar, təhlükələr meydana gətirirdi. Avropa Birliyinin 100, qeyri-rəsmi məlumatlara görə, 200-ə qədər olan monitorinq missiyasına bilavasitə Fransa jandarmının nümayəndələrinin daxil olması üç il əvvəl onların itirdikləri mövqelərin bərpası cəhdidir. Beləliklə, Rusiyanın danışıqlarda dominantlığı və Qafqazda mövqeyi bu və ya digər formada zəiflədiyini görən xarici tərəflər özləri danışıq platforması yaratdılar. Təbii ki, bu, birbaşa ABŞ-ın diqtəsi ilə baş verdi. ABŞ-ın Fransa ilə maraqları üst-üstə düşürdü. Çünki Minsk qrupu formatı 44 günlük müharibənin sonunda ləğv edildi. Bu şəraitdə onlar yeni bir düzən, yeni bir proses formalaşdırmaq istəyirlər. İkinci məqam ondan ibarətdir ki, Ermənistan çox yaxşı başa düşür ki, onlar yüz illər ərzində müxtəlif imperiyaların, ayrı-ayrı dövlətlərin əlaltısı, təsir aləti olmaqla erməni xalqının həyatı məhv olub.
- Bizim Ermənistana əsas təsir rıçaqlarımız nədən ibarətdir?
- Dünyada müxtəlif dövlətlərin statusları fərqlidir. Məsələn, Belçika, Niderland, Lüksemburq modeli kimi. Hamı bilir ki, o dövlətlər hansı siyasətlə qütblərə, ərazilərə, ayrı-ayrı formatlara itələnirlər. Amma onların hər biri yaxşı yaşayan dövlətlər və xalqlardır. Ermənistan Lüksemburqun əvəzi ola bilərmi ki, hansısa dövlət ondan faydalansın? Yox! Deyə bilərəm ki, “ Vətən” müharibəsinin qələbəsinin ən mühüm yekunlarından biri də budur. Geosiyasi inqilab baş verib, regionda ənənəvi qüvvələr nisbəti dəyişib. Eyni zamanda Ermənistan artıq Rusiyanın for-postu deyil. Bu, yüz illərlə Pyotra, çarlara, Sovet rəhbərlərinə ümid bəsləyən bir xalqın durumunun kəskin dəyişməsi deməkdir. Bu həm də bizim qələbəmizin ən mühüm nəticələrindən biridir. Amma Ermənistan Qərbin, daha dəqiq desək, Fransanın for-postu olmaq istəyir, yaxud da ABŞ-la münasibıtdı də eyni məqsədi var. Bu, 1918-1920-ci illərdə Vilsondan “Qərbi Ermənistan” adı ilə Qarsdan daha böyük ərazilər ələ keçirmək üçün aldıqları arbitraj qərarına oxşayır. Onlar indi də ona tez-tez istinad edirlər ki, Türkiyənin ərazilərinin mühüm bir hissəsi guya ermənilərə məxsusdur. Ona görə də düşünürəm ki, sülh danışıqlarının əvvəlki iki ildə daha fəal getməsi, lakin sonradan parçalanmanın yaranması və iki fərqli müstəvinin meydana gəlməsi problemin özəyində yer alır. Ancaq Ermənistan cənab prezidentin “bu ilə fürsət kimi və son həlledici dövr kimi yanaşırıq” fikirlərini, əminəm ki, dərindən qiymətləndirib. İki gün öncə Paşinyan geniş bir açıqlama ilə çıxış edərək qeyd edir ki, hazırkı anda onlar bütün kommunikasiyaları açmağa hazırdırlar. 6 fevralda baş vermiş böyük zəlzələnin fonunda 35 illik bağlı sərhədlərin humanitar koridor kimi açılmasının özü də onu sübut edir ki, sülh danışıqlarının uğurlu nəticə verməsini istəyirlərsə, Ermənistan sərhədləri açmalıdır. Bu gerçəkdən də danışıqlara real töhfə verər. Ondan sonra delimitasiya, demarkasiya, diplomatik münasibətlər, kommunikasiyalar, başqa məsələlərə baxıla bilər.
- Ermənilər sülh müqaviləsinin imzalanmasını nə vaxta qədər uzatmaq fikrindədirlər?
- Bir qism dairələr, xüsusilə də ənənəvi olaraq Ermənistanın mifologiyasını formalaşdıran qüvvələr daha artıq dərəcədə təşviq edirlər ki, Azərbaycanla indiki vəziyyətdə hər hansı sənəd imzalamasınlar. Onlar da prosesi gələcəyə daşısınlar. Hansısa bir şərti sabahda güclənərək, imkanlar qazanaraq, hərbi cəhətdən tam təminatlara yiyələnərək sonradan bizə zərbə vursunlar və s. Bir daha söyləyirəm, Azərbaycan yerində dayanıb onların bundan sonrakı hansısa otuz illik revanş dövrünü müşahidə etməyəcək. Biz 20%-lik işğal vəziyyətindən indiki qələbə zirvəsinə gəlmişik. Hər hansı təbii sərvətlərə, iqtisadi resurslara malik olmayan və ötən otuz ildə yürütdüyü siyasətə görə tam izolyasiyada qalan bir ölkənin sülh danışıqlarını uzatmaqla vəziyyəti dəyişə biləcəyi mümkünsüzdür. Bu, onların dövlət proqramıdırsa, milli ideloloji hədəfləridirsə, növbəti fəlakət proqramıdır. Ermənilərin hədəfi "Böyük" yox, "kiçik Ermənistan" olmalıdır. Bunu onların sabiq prezidenti açıq şəkildə söylədi. Belə bir şəraitdə onların uzatma planlarının qarşılığında Paşinyan daha sərt və öz milləti üçün faydalı mövqe seçir. Bir tərəfdən isə Qərb dövlətləri ona "sənəd imzalama" deyir. O da əvəzin də sanki bu prosesi satır, ticarətə çevirir. Yəni, əgər mən Azərbaycanla razılaşmıramsa, mənə təhlükəsizlik qarantiyaları verin, silah göndərin, müttəfiqlik edin və s. Belə demək mümkündürsə, məğlubiyyəti resursa çevirib ondan faydalanır.
- Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalatdırmaq üçün bu beynəlxalq müqaviməti qıra biləcəkmi?
- Təəssüf ki, son baş verən zəlzələ fonunda müəyyən daiərələr öz təzyiqlərini gücləndirəcəklər. Zəlzələ onlar üçün bir fürsətdir. Baxmayaraq ki, hər biri humanitar yardımlar göstəriblər. O dövlətlərin öz mənafelərini yerə qoyması mümkün deyil. Ani bir pauza edərlər, amma sabah onlar fəal bir şəkildə çalışacaqlar ki, Türkiyənin Qafqazlarda da, dünya çapında da mövqeyinə zərbə vursunlar. Digər tərəfdən bizim ölkənin mənafelərini sıxışdırmaq üçün əllərindən gələni edəcəklər. Diqqət edin, biz 6 fevral günündən bu yana coğrafi sədd tanımadan, sərhəd görmədən Türkiyə ilə çiyin-çiyinəyik. Bir millət statusunda təbiətlə döyüşürük. Bu həm də Vətən müharibəsində apardığımız müqəddəs müharibənin davamıdır. Zəlzələ bu iki xalqın arasındakı doğmalığı, birliyi, qardaşlığı, tale vahidliyini ortadan qaldıra bilmədi. Belə şəraitdə, heç şübhəsiz, prezident İlham Əliyev və sayın Rəcəb Tayyib Ərdoğan öz regional və beynəlxalq geosiyasi addımlarını davam etdirəcəklər. Bunun əlamətlərini görmək üçün çox da uzaq tarixə getməyə ehtiyac yoxdur. Beynəlxalq təhdidləri dəf etməyə dövlətimizin kifayət qədər hərbi, siyasi, iqtisadi iradəsi var.
- Azərbaycan Qafqaz regionunu sülh və əməkdaşlıq regionu kimi görmək istəyir. Ancaq müttəfiqlərimizi saymasaq bu prosesdə demək olar tək başınaylq. Dünya nədən Qafqazın münaqişə zonası kimi qalmasında maraqlıdır?
- Təəssüf ki, dünya, o cümlədən dəyişən siyasi hakimiyyətlər qeyd edilən bölgəyə bəlli bir prizmadan yanaşırlar. Çox təəssüflər olsun ki, bu bölgə imperiyaların həmişə hədəfində olub. Onların işğalları bu millətlərin tarixinin əsas hissəsini təşkil edir. Qafqazın sülh və əmin-amanlıq yüz illiyini ağla gətirmək mümkün deyil. Ümumiyyətlə, neçə il bu bölgədə davamlı xoş münasibətlər olub? Hansı tarixə baxsaq, bunu görə bilərik? Yalnız Sovetlər dövründə, o da vahid imperiya idi. Onda müxtəlif xarakterli konfliktlər daxildə qalırdı. Baxmayaraq ki, bolşeviklər regionun xəritəsini öz bildikləri kimi cızdılar. Ona görə də Qafqaza sülhün Parisdən, yaxud da Vaşinqtondan gələcəyini gözləyən adamlar çox sadəlövhdürlər. Prezident İlham Əliyev tarixin ruhunu dəyişir. Biz hansısa İslam ideolojili təşkilatlar kimi daimi savaş, cihad edən toplum deyilik. Bölgəyə həqiqətən də sülh gətirmək istəyirik. 1999-cu ildə Ulu Öndər ATƏT-in İstanbul sammitində Cənubi Qafqazda "Sülh və Təhlükəsizlik Paktı” modelini irəli sürmüşdü. “ 3+3” formatı o vaxt dilə gətirilmişdi. Təəssüflər olsun ki, o zaman bunu qiymətləndirə bilməmişdilər. Prezident İlham Əliyevin irəli sürdüyü sülh və təhlükəsizlik arxitekturası ermənilərin də bu bölgədə dinc yaşayışını təmin edir. Bir daha söyləyirəm ki, biz Böyük Azərbaycan ideallarını, yaxud Qərbi Azərbaycan stratejisini irəli sürərkən hamını silahdan keçirmək, onları qılıncımızın altında saxlamaq kimi bir imperiya refleksi ortaya qoymuruq. Bizim kültürümüzdə dinc yanaşı yaşama hər zaman olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan xalqının terror birləşmələrinə heç vaxt qatqısı olmayıb.
Rəşid QARAYEV,
AzNews.az