Rusiya 1945-ci il siyasi düzənini dəyişməyə çalışır

16 Fevral 2023 15:39 (UTC+04:00)

Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilə yaxın tarixin ən mühüm və diqqət çəkən hadisələri arasında yer aldı. Birinci və İkinci Dünya Müharibələrinin yaratdığı dağıntılara və müharibədən qaçmaq üçün bütün struktur tədbirlərə baxmayaraq, aradan keçən onilliklər və qlobal iqtisadiyyatı formalaşdıran beynəlxalq ticarət şəbəkəsi bu gün müharibə anlayışına tamamilə fərqli bir ölçü əlavə etdi. Şübhəsiz ki, silah və hərbi qüvvələr hələ də döyüş meydanında mühüm rol oynayır. Lakin son aylarda Ukraynada baş verən hadisələrdən də göründüyü kimi, iqtisadi sanksiyalar da ən azı silah və güllə qədər mühüm rol oynaya bilər. Qloballaşan iqtisadiyyat malların və xidmətlərin sərbəst hərəkəti prinsipi ilə bütün ölkələrin bir-birinin istehsal etdiyi əlavə dəyərdən faydalanmasına yol açır. Yanacaq və qida kimi əsas ehtiyaclardan tutmuş lüks mallara və rəqəmsal xidmətlərə qədər geniş çeşidi əhatə edən bu ticarət şəbəkəsinin faydaları ölkələrin ümumi milli məhsulu üçün böyük əhəmiyyət kəsb edir. Sərhədlərarası bank xidmətləri və kommersiya əlaqələrinin yaratdığı iqtisadi əlaqələr də qlobal iqtisadiyyatın aktorlarını bir-biri ilə əməkdaşlıq etməyə sövq edir. Qlobal ticarət şəbəkəsinin tərəfləri arasında müharibələr hamımızın faydalandığı bu sistemi pozur. Müharibəyə reaksiya verən ölkələr qlobal ticarətdəki mövqelərindən istifadə edərək Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən, Rusiya da bu ölkələrə qarşı iqtisadi kozırını təhlükə kimi təqdim edir. Bütün qitəyə təsirin ötürülməsindən narahat olan təşkilatlar, o cümlədən ATƏT sanksiyalarla Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmağı hədəfləyir. Bundan başqa, Rusiya şirkətlərinə və yüksək səviyyəli dövlət məmurlarına qarşı sanksiyalar Kremlin Ukraynaya qarşı iradəsini qırmağa çalışır. Qarşılıqlı gedişlərin təsirləri təkcə tərəflərdə deyil, bütün dünyada öz izini qoyur.

Təsadüfi deyil ki, Fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyası ərəfəsində ATƏT-ə üzv olan 20 ölkədən 81 parlamentari Avstriya hökumətini Rusiya nümayəndə heyətini dəvət etməməyə çağırıb. Bu addım təkcə Ukrayna ilə savaşdan qaynaqlanmır. Rusiya onilliklərdir ki, Avropanın təhlükəsizlik sisteminə zərbə vurur. Son 30 ildə ən azı üç müstəqil dövlət bu təcavüzə məruz qalıb: Azərbaycan, Moldova, və Gürcüstan. Bu addımlar digər beynəlxalq hüquq prinsipləri kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Yekun Aktının müddəalarını, ATƏT-in əsas prinsiplərini və Avropada Adi Silahlı Qüvvələr haqqında Konvensiyanı birbaşa pozur. Rusiyanın birtərəfli olaraq canlı qüvvəsini və texnikasını genişləndirməsi, Qara dənizdə döyüş gəmilərinin sayını artırması, Belarus və işğal olunmuş Krımda nüvə silahının yerləşdirilməsi ehtimalı birbaşa beynəlxalq nizama təhlükədir. Konvensiyanın pozulması daxili siyasətdə də özünü büruzə verir: müxalifət liderlərinə (Nemtsov, Navalnıya) qarşı sui-qəsd, insan haqlarının sistematik şəkildə pozulması, məhbuslara işgəncə verilməsi, üstəlik, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını qanuni olaraq tanımaqdan imtina etməsi, keçmiş prezident Dmitri Medvedevin ölüm hökmünün bərpasının zəruriliyi ilə bağlı son bəyanatlar və Ukraynada müharibəyə qarşı çıxan etirazçıların vəhşicəsinə həbs edilməsi. Rusiya indiki formada təkcə Ukrayna üçün deyil, bütün sivil dünya üçün ölümcül təhlükədir. Çünki, Rusiyanın hərəkətləri təkcə milli deyil, qlobal təhlükə yaradır. Xarkov və Mariupol yaşayış məntəqələrinin “Qrad” reaktiv yaylım atəşi ilə bombalanması, Çernobıl AES-in işğalı, Zaporijjya AES-ə qarşı silahdan istifadə təhlükəsi, Kiyev SES-ə raket atılması bütün sərhədləri aşdı. Bu durumda ATƏT də daxil olmaqla, beynəlxalq təşkilatların Rusiyanın işğalçılıq və digər qanundan kənar addımlarına duyarsız qalması mümkünsüzdür. Hər şeydən öncə, reaksiya verilməməsi kəskin presedentlərin yaşanmasına yol aça bilər. Rusiya isə beynəlxalq gücləri tamamən görməzdən gəlir. İşğalçılıq və hədə-qorxulara davam edir. Bunları nəzərə alsaq, Moskvanı hansısa təşkilatla əlaqələrin yüksək səviyyədə saxlanması maraqlandıra bilməz. Bu əlaqələrə önəm verən ölkə nüvə təhdidini ortaya ata bilməz. Aşkar şəkildə başqa ölkənin suveren ərazisinə daxil ola bilməz. Mülki insanlara qarşı qəddar davrana bilməz. Demək ki, Rusiya bu müharibə ilə yalnız Ukrayna ilə bağlı hədəflərini yerinə yetirmir, həm də 1945-ci ildə formalaşmış siyasi düzəni də dəyişməyə çalışır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi