Avropa və ABŞ arasında parçalanma

17 Fevral 2023 16:05 (UTC+04:00)

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra maraqlı proseslər yaşandı. Birincisi, Rusiyanın bir neçə günə Ukraynanı tamamilə işğal edəcəyi ilə bağlı proqnozlarla qarşılaşdıq. Eyni zamanda Ukraynanın Rusiya ordusu qarşısında tez təslim olacağına dair şərhlərin də şahidi olduq. Bundan başqa, Avropa ilə ABŞ arasında (xüsusilə Tramp administrasiyası zamanı) fikir ayrılıqları və Avropanın Rusiya qazından asılılığı nəzərə alınmaqla, yeni Transatlantik inteqrasiyanın çox çətin olduğu bildirilirdi. Müharibənin başlanmasından bir il keçib və bu gözləntilərin heç biri özünü doğrultmayıb. Son hadisələrə nəzər saldıqda görünür ki, Qərb müharibənin əvvəlindən bəri mövcud olan fikir ayrılıqlarına baxmayaraq birliyini qoruyub saxlaya bilən bir quruluş yarada bilib. ABŞ və Avropa İttifaqının (Aİ) birlikdə Rusiyaya qarşı bir çox sanksiyalar imzalaması bunun nümunəsidir.

Rusiya ilə birbaşa hərbi qarşıdurmadan yayınan ABŞ müharibə boyu Ukraynaya maliyyə və hərbi dəstək verib və indi də dəstəkləməkdədir. Bu kontekstdə ABŞ Konqresi ötən ilin mart və may aylarında 13,6 milyard və 40 milyard dollarlıq iki təcili yardım paketini təsdiqlədi. Ağ Ev indi Konqresə 12 milyard dollarlıq üçüncü hərbi və iqtisadi yardım paketi üçün təzyiqlər etməyə çalışır.
Aİ isə enerji ticarətində məhdudiyyətlərlə Rusiyaya iqtisadi təzyiq göstərməyə çalışır. Avropa Rusiyanın enerji resurslarından ən çox asılı olan regionlardan biridir. Avropa Rusiyadan idxal etdiyi kömürdə də bəzi güzəştlər tətbiq edib. Xüsusilə, ötən il Avropa Komissiyası Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı direktivini yeniləyib və bəyan edib ki, Rusiya kömürünə qarşı sanksiyalar Rusiyadan üçüncü ölkələrə kömür daşınmasına mane olmayacaq. Bu hadisələri nəzərə alaraq, Avropa eyni ritorikadan istifadə etməyə davam etsə belə, yaxın aylarda Rusiyaya qarşı sanksiyaları yumşaltmağa başlaya bilər. Bu, Avropa və ABŞ siyasətində parçalanmaya səbəb olacaq və bu parçalanma Avropaya fərqli ikinci dərəcəli siyasi təzyiq yaradacaq.

ABŞ da Rusiyaya qarşı aqressiv mövqeyini davam etdirir. Ötən günlərdə ABŞ-ın Rusiyadakı səfirliyi amerikalıları ölkəni dərhal tərk etməyə çağırıb. Əslində mövcud reallıqlar kontekstində baxsaq, müvafiq xəbərdarlığı Vaşinqtona qarşı terror təhlükəsindən deyil, hegemonyanın itirilməsi təhlükəsindən qaynaqlandığını demək mümkündür. Səbəb odur ki, Obamanın geri çəkilmə və Trampın təcrid siyasətindən fərqli olaraq, Bayden müdaxiləçi siyasət yürüdür. Son dövrlər Çinlə aralarında yaşanan konfrontasiya da Rusiya ilə bağlı “suyu üfürərək içmə” yanaşmasını gücləndirir. Mövcud xəbərdarlıq fonunda, ABŞ Rusiya-Ukrayna müharibəsinə qarşı yürütdüyü siyasət də daxil olmaqla, digər misallarla müttəfiqlərini bütün təhdidlərdən qoruyacaq gücə və iradəyə malik əvəzolunmaz dünya lideri obrazını təqdim etməyə çalışır. ABŞ daxilindəki vəziyyətə nəzər saldıqda görərik ki, bu ölkənin daxili siyasəti həm sosial, həm də siyasi baxımdan hər zamankindən daha çox bölünmüşdür. Üstəlik, Baydenə dəstək getdikcə azalır və aralıq seçkilər yaxınlaşır. Belə dərin siyasi fikir ayrılıqlarına baxmayaraq, Çin və Rusiyaya qarşı qətiyyətli mövqe tuta bilmək sonradan konqresmenlər tərəfindən Baydenə böyük dəstək gətirəcək. Bundan əlavə, ABŞ-ın siyasi gündəmini Rusiya-Ukrayna müharibəsi və ya Çinlə rəqabət kimi beynəlxalq məsələlərlə məşğul etmək Bayden administrasiyasına daxili problemlərin üzə çıxmaması üçün əsas töhfədir. Rusiya-Ukrayna müharibəsi kontekstində xarici siyasətdə dəyişiklik Bayden administrasiyasına mənfi təsir göstərəcək. Yəni, Avropada müşahidə oluna biləcək istənilən siyasət dəyişikliyində (bu dəyişikliklərin proqnoz edilməsi üçün kifayət qədər arqumentlər var) ABŞ çox güman ki, aqressiv siyasətini və Ukraynaya hərbi dəstəyini davam etdirəcək. Bu müddət ərzində Bayden administrasiyasının Ukraynaya hərbi və maliyyə yardımı səbəbindən respublikaçıların artan müqaviməti ilə qarşılaşa biləcəyini də nəzərdən qaçırmaq olmaz. Lakin bu, hələlik siyasi xətt dəyişikliyi üçün kifayət deyil. Dünya post-Qərb nizamına (post-western order) doğru irəlilədikcə, ABŞ dünya sistemində hegemonluğunu qorumaq və sübut etmək üçün böyük problemlə üzləşir. Bu müddət ərzində ABŞ diqqətini iki fərqli cəbhəyə yönəldib: Rusiya və Çin. ABŞ-ın siyasəti birinci cəbhədə uğursuz olarsa, Çin qalib gələr. Bu baxımdan, həm cəbhədə, həm diplomatiyada Moskvaya təzyiqlər güclənir. Terror təhlükəsinin qabardılması da bu təzyiqlərin bir nümunəsidir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi