Azərbaycan öz mövqeyində israrlıdır - Deputat

20 Fevral 2023 18:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Münxen şəhərinə səfər edib. Prezident səfər çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxış edib, bununla yanaşı Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenlə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid və bir sıra digər rəsmi şəxslərlə görüşü baş tutub.

Dövlət başçısının Münxenə səfəri, həmçinin Blinken və Paşinyanla görüşü ilə bağlı deputat Aydın Hüseynova suallarımızı ünvanladıq.

Deputat ölkə Prezidentinin Münhen səfərinin Azərbaycanın növbəti uğurunun təcəssümü olduğunu bildirib: "Bildiyiniz kimi, ölkə Prezidenti əsasən üçtərəfli görüşdə Ermənistanın Baş Nazirinin, eləcə də ABŞ nümayəndələrinin görüşündə Azərbaycanın mövqeyini bir daha kəskin şəkildə qoydu. “Əgər Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də olmayacaq” deyən ölkə Prezidentin bu açıqlaması bir daha onu göstərir ki, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır və bu ən başlıca olaraq beynəlxalq hüquqa söykənir. Əgər delimitasiya gedərsə, hər bir ölkənin girişində onun postları qurulmalıdır. Ermənistan iki ildən çoxdur ki, sülh müqaviləsinin vaxtını uzadır. Bu dəfə də ölkə Prezidenti Azərbaycan dövlətinin milli maraqlarını və beynəlxalq hüququn normalarını əsas götürərək bu müddəanı irəli sürüb. Bu isə o deməkdir ki, Azərbaycan tərəfi öz suveren hüquqlarını tam bərpa edəcək və bu isə gələcəkdə regionda uzunmüddətli və dayanıqlı sülhün təmin edilməsinin rəhmi olacaq. Sülhün əldə olunması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün bölgə üçün iqtisadi və humanitar yanaşmanı daha da dərinləşdirəcək və region üçün daimi sülhün olması deməkdir".

Millət vəkili rəsmi Vaşinqtonun sülh müqaviləsinin imzalanmasında vasitəçilik fikrinə Azərbaycanın mövqeyi ilə bağlı danışarkən qeyd edib ki, maraqları, suveren hüquqları və beynəlxalq hüquq qorunursa, Azərbaycanın buna heç bir etirazı yoxdur.

Rəşid QARAYEV,

AzNews.az