Nikol Paşinyanla görüşdən sonra Prezident İlham Əliyevin verdiyi açıqlamadan görüşün qazanan tərəfinin kim olduğunu görmək olur. Bu halda Ermənistan Azərbaycanın sülh şərtləri ilə razılaşacaqmı? Razılaşacaqsa, buna Rusiyanın reaksiyası necə olacaq?
Mövzu ilə bağlı AzNews.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfinin az qala bir il bundan qabaq Ermənistana təklif etdiyi beş maddəlik sülh planı var: “Bu planı Avropa İttifaqı da, Ermənistan da, Rusiya da müsbət qarşılamışdı. Bu istiqamətdə danışıqların aparılması ilə bağlı razılıq da əldə olunmuşdu. Sonradan Ermənistan bir dəfə altı maddəlik, indi də yeddi maddəlik hansısa təkliflər irəli sürür. Azərbaycanın irəli sürdüyü təkliflərə müsbət reaksiya vermədən, Azərbaycan təklifləri müzakirə olunmadan Ermənistanın təkliflər paketinin ortaya çıxması nədir? Yaxud həmin paketdə Azərbaycan təklifləri nə dərəcədə nəzərə alınıb?"
S. Soltan qeyd edib ki, Ermənistanın irəli sürdüyü təkliflər Azərbaycan tərəfini qane etmir:
"Hər halda Ermənistanın irəli sürdüyü təkliflər Azərbaycan ictimaiyyətinə bəllidir: Bu sadəcə olaraq Azərbaycan hakimiyyəti, Ermənistan, Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı təmsilçilərinə təqdim olunub. Bu baxımdan prezidentin verdiyi açıqlamadan görürük ki, bu təkliflər Azərbaycan tərəfini tam qane etmir. Ona görə ki, orada Ermənistan tərəfi “Dağlıq Qarabağ" ifadəsi işlədib. Azərbaycanın Ermənistanın irəli sürdüyü təklifləri müsbət qarşılayacağı ağla batan görünmür. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç bir müzakirənin mövzusu ola bilməz. Bu baxımdan Ermənistanın sülh müqaviləsi adlandırdığı təklifləri paketi Azərbaycan ərazi bütövlüyü, Azərbaycanın suverenliyi məsələsi ilə bağlı problem yaranarsa, hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni müzakirə etməyəcək. Bunu Rusiya da bilir, Fransa da bilir, ABŞ-də bilir. Bir sözlə dostlar da bilir, düşmənlər də".
Siyasi şərhçi ABŞ-nin dövlət katibi Entoni Blinkenin rəsmi Vaşinqtonun sülh müqaviləsinin imzalanmasında vasitəçilik edə biləcəyinə işarə etməsi ilə bağlı danışarkən vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyü, suverenliyi çərçivəsində bütün sülh müqavilələrinin imzalanmasına və bu istiqamətdə vasitəçilərə həmişə müsbət yanaşıb: "Azərbaycan bölgədə sülhü, əməkdaşlığı ən çox istəyən, bu istiqamətdə ən çox fəaliyyət göstərən dövlətdir. Azərbaycanın bütün səyləri sülh və əməkdaşlıqla bağlıdır. Sadəcə olaraq Ermənistanın irəli sürdüyü bir sıra təkliflər və bu təkliflər zamanı qıcıqlandırıcı, Azərbaycan hüquqlarının pozulması, beynəlxalq hüquqlara zidd olan məsələləri daxil etməsi sülh müqaviləsinin və əməkdaşlığın həmişə ziyanına olub. Hesab edirəm ki, Paşinyanın irəli sürdüyü sonuncu təkliflər paketində də bu kimi müddəalar yox deyil. ABŞ-nin də vasitəçiliyini Azərbaycan tərəfi müsbət qarşılayır. Bunu rəsmi Bakı dəfələrlə elan edib".
Rəşid QARAYEV,
AzNews.az