Münhen görüşü: Makron və Paşinyana soyuq duş effekti

20 Fevral 2023 16:39 (UTC+04:00)

Ötən həftə dünyanın diqqəti Almaniyada idi. 17-19 fevral tarixlərində burada ənənəvi Münhen Təhlükəsizlik Konfransı keçirildi. 59-cu sessiyanı özəl edən məqam bugün dünyanın təhlükəsizliyə həmişəkindən daha çox ehtiyacının olmasıdır. Yeni dünya nizamının yaradılması uğrunda mübarizədə nizamsızlıq periodunun yaşanması təhlükəsizliyi açar mövzuya çevirir. Elə bu açar mövzu ətrafında konfran işinə başladı. Söhbət yalnız siyasi, hərbi təhlükəsizlikdən deyil, həm də enerji, qida, kibertəhlükəsizlikdən də gedirdi. Avtoritar rejim tətbiq edən İranla, işğalçılıq siyasəti aparan Rusiya elə müvafiq səbəblərdən tədbirə dəvət edilməmişdi. 40-dan çox ölkənin dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərinin dəvət edildiyi platformada cənab prezident İlham Əliyev də var idi. Əsas panellərdən birinin mövzusu Cənubi Qafqazda təhlükəsizlik mövzusuna həsr olunmuşdu. Tarixdə ilk dəfə Cənubi Qafqaz ölkələrinin birgə görüşü keçirildi.

2020-ci il Paşinyan debatının da şahidi olduq. həsr olunması və panel çərçivəsində Paşinyanla dialoqun keçirilməsi oldu. Çoxları Paşinyanın bu dəfəki panelə qatılmayacağını düşünsə də, Paşinyan sonda üçtərəfli müzakirələrə qatıldı. Erməni mediasının iddiasına əsasən Paşinyanın görüşdə iştirakına təkidi ABŞ dövlət katibi Entoni Blinken edib. Demək ki, 3 il əvvəl İlham Əliyevin Paşinyana diplomatiya və tarixdən master-klass keçməsi Nikolun yadından hələ də çıxmayıb. Psixoloji travma da o qədər ağır olub ki, baş nazir təsirindən hələ də çıxa bilməyib və təkrarlanacağından yana çox narahat olub. Əlqərəz, üç Cənubi Qafqaz ölkəsi arasında vasitəçi olmadan birbaşa görüş, şübhəsiz, yaxşı gedişatdır və bunu daimi instutlaşdırılmış platformaya transformasiya etdirmək lazım gələcək.

Prezident İlham Əliyev görüşdə növbəti dəfə ölkəmizin milli maraqları kontekstində uğurlu çıxış etməkdən ziyadə, bütün qapıların Azərbaycanın üzünə açıq olduğunu göstərdi. Bakı kimdənsə nəyisə rica etmir, əksinə öz şərtlərini irəli sürür. Hazırda ölkəmiz tərəfindən icra olunan işlərə və perspektiv planlara olan beynəlxalq dəstək də bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev görüşdə bir daha Vardanyanla heç bir danışıqlar olmayacağını qeyd etdi. Prezident Vardanyanı bir daha cinayətkar və Rusiya adamı adlandırmaqla, onunla bütün kommunikasiya imkanlarını qapatdı. Əliyev həm də Qərbin diqqətinə çatdırdı ki, Qarabağ erməniləri ilə danışıqlara hazırdırlar, amma bunun üçün Vardanyan Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini tərk etməlidir. Bu, həm “Qarabağ erməniləri ilə danışın” çağırışları edən Qərbə, həm də onu göndərən Rusiyaya mesaj idi. Əliyev Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qurulmasının vacibliyini qeyd etdi. Paşinyan Blinkenlə görüşdə buna etiraz etmədi, amma üçtərəfli paneldə Laçın dəhlizinin maneəsiz keçidinin olmasına yenə işarə etdi. Bütövlükdə bu məsələdə tərəfimizdən qətiyyətin ortaya qoyulması ölkəmizin öz iradəsini diktə etmək gücünə sahib olması ilə yanaşı, rəsmi Parisin öz bacısına havadarlıq niyyətlərinin də iflasa uğradığının göstəricisi idi.

Münhen görüşündə "Laçın dəhlizinin blokadası" ilə bağlı Paşinyanın çıxışları ciddi rezonans doğurmadı, şübhəsiz enerji böhranı fonunda Qərb indi Azərbaycanla daha yaxın əməkdaşlığa maraqlıdır, məhz buna görə də, Aİ-nin baş diplomatı Jozef Borrell rəsmi şəkildə dəhlizdə olanlara görə Azərbaycana heç bir sanksiya tətbiq etməyəcəyini qeyd etdi, bu şübhəsiz Azərbaycanın manevr imkanlarını artıran amildir.
Üçtərəfli görüşün Entoni Blinkenin təşəbbüsü ilə keçirilməsi Fransanın bölgədə heç bir rolunun olmadığını təsdiq etdi.

Münhen görüşü son zamanlar ləngiyən prosesi irəlilətmək üçün imkandır, birbaşa danışıqlar və müəyyən ortaq nöqtələr cənab prezidentin də qeyd etdiyi kimi, görüşün konstruktiv olmasını deməyə əsas verir.

Ümumilikdə, prezident İlham Əliyevin konfransda uğurlu iştirakı göstərdi ki, regionun təhlükəsizliyinin açarı məhz Bakıdadır. Ölkəmiz dayanıqlı sülhün bərqərar olması üçün aydın təsəvürə və təkliflərə malikdir. Ermənistan isə nə istədiyini bilmir, reallığı nəzərə almır, “pis yola düşən” bacısının yolu ilə gedir və absurd ideyalarla gündəmi pozur.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi