Siyasi oyun meydanında Bakıdan master klass

27 Fevral 2023 17:50 (UTC+04:00)

Rusiya XİN Lavrovun Bakıya səfəri bundan öncəki onlarla səfərdən daha çox əhəmiyyət daşıyır. Ermənistanla münasibətlərin qırıldığı vaxtda mütləq ki, Lavrov diplomatında önəmli təkliflər gətirib. Diplomatda mütləq ki, həm sülhməramlılar, həm regional, həm də geostarteji məsələlər yer alıb.

Bu dəfəki səfəri Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, elə məhz Rusiya-Azərbaycan əlaqələri kontekstində dəyərləndirə bilərik. Ermənistanla aralarında soyuq küləklərin əsdiyi bir vaxtda Bakı ilə əlaqələrin yeni səhifəsini açmaq istəyi gözləniləndir.

Rusiya üçün həyati önəm daşıyan Cənubi Qafqaz təhlükə altındadır. Bölgədə uzun illərdən bəri hərbi varlığını qoruyan Rusiya bugün alternativ güclərlə qarşı-qarşıyadır. Avropa İttifaqı missiya qrupu monitorinq adı ilə hərbi qüvvələrini Ermənistanla Azərbaycanın şərti sərhədlərinə yerləşdirib. Bu addım İrəvanın Moskvaya soyuq savaş elanıdır. Bölgədə Rusiya əleyhinə arxa cəbhənin açılması deməkdir. Bunlardan əlavə, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Qərb bir addım önə gəlməyi bacarıb. İrəvan tamamilə Qərbyönümlü siyasət yürüdür. Bakı isə Brüsselin moderatorluq imkanlarını yüksək qiymətləndirir. Bu durumda Lavrovun səfəri proseslərin gələcək dinamikası üçün xüsusi rol oynaya bilər. Çünki, indiki reallıqlarda vasitəçilik imkanlarını tarazlaşdıra biləcək tək ölkə Azərbaycandır. Tarazlaşmanı təşviq edəcək addım da atıldı Kreml tərəfindən. Vardanyanın istefaya göndərilməsi İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında ifadə etdiyi tələbinin qarşılığı idi.

Paşinyan üçün isə bu tələbin yerinə yetirilməsi ayrıca avantajlar daşıyır. Əvvəla, özünə rəqib olan “lider” sıradan çıxarıldı. Beləcə, İrəvana olan təhdid aradan qalxdı. İkincisi, Bakıya irəli sürdükləri Laçın yolunda etirazların dayandırılması və məhdudiyyətlərin aradan qaldırılması istəklərini artıq daha zil səslə ifadə edəcəklər. Üçüncüsü isə Vardanyanın yerinə gətirilən Qurqen Nesisyan Paşinyana loyal şəxsdir və bununla, Xankəndidəki vəziyyəti ələ alacağına ümid edə bilər. Lakin unutmaq olmaz ki, Vardanyan fiqurunun sıradan çıxarılması birbaşa İlham Əliyevin uğurlu diplomatiyasının nəticəsidir. Bu diplomatiya Paşinyanın da başını əzməyə qadirdir. Bundan əlavə, Bakının tələbləri hələ də yerinə yetirilmiş sayılmır. Laçın yolunda nəzarət postu quraşdırılmayıb. Mədənlərə ölkəmizin çıxışı təmin edilməyib. Ən önəmlisi, Vardanyan istefaya göndərilsə də, hələ də Azərbaycan torpaqlarındadır.

Bu durumda İrəvan heç bir vəchlə pası Bakıya ötürə bilməz. Top Azərbaycanın meydanındadır. “Futbolçular” isə əsl master klass göstərir. Oyunun nəticələləri çox yaxında bəlli olacaq. Bu dəfə hakimlər ədalətli olmaq məcburiyyətindədir....

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi