"Oğru çərşənbələrimiz də var" -Etnoqraf

28 Fevral 2023 21:00 (UTC+04:00)

Xalqımız Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edir. Azərbaycan Milli Elmlər Akademeiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əzizlə çərşənbələr barədə deyir:

“Bu gün od çərşənbəsidir. Od çərşənbəsi anlayışı mətbuatın, kütləvi İnformasiya vasitələrinin ictimai rəydə möhkəmləndirdiyi bir fikirdir. Əslində isə bu anlayışda çox variantlılıq var. İllər əvvəl, bu ad od çərşənbəsi yox, fərqli cür adlandırılıb. Od çərşənbəsinə üfkü, həbati, ikinci çərşənbə də deyilir. Günümüzdə od çərşənbəsini dönə-dönə təkrarlamaqla, zərdüşt dini ilə əlaqələndirməyə çalışırlar. Əslində isə bu yanaşma səhvdir. Ümumiyyətlə bu elementləri zərdüştlüyün üstünlük fəlsəfəsi ilə əlaqələndirməyə ehtiyac yoxdu. Zərdüştlükdə 8 elementdən söhbət gedir. Biz isə Novruz bayramında 4 elementdən danışırıq. Necə ki, bu gün od çərşənbəsidir, eləcə də keçən həftə su çərşənbəsində hava da, su da isinmişdi. Bugünkü od çərşənbəsinə kül çərçənbəsi də deyilir. Yel çərşənbəsinə də yelli çərşənbə də deyilir".

Çərşənbələrin mənasından danışan Bəhmən Əziz, əslində, 4 deyil, 7 çərşənbəmizin olduğunu bildirdi:

“Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə doğru hərəkət etməsi astronomik bir prosesdir. Xüsusilə də bu proses Kiçik çillədən düz Novruz bayramına qədər, təxminən 50 gün ərzində baş tutur. Hər 7 gündən bir havanın isindiyini, təbiətdə canlanmanın, yaza doğru dəyişdiyini hiss edirik. Əslində isə günəş astronomik baxımdan eyni məsafəni qət edir. Bizim də bu çərşənbələri qeyd etməyimizin səbəbi də elə budur. bu günü yox, sabahı qeyd edirik. Digər bir variant da cəmrələrlə bağlıdır. Sonrakı gedişatda cəmrə termini sıxışdırılıb, çıxarılıb. Bu anlayış bizdə də, Qədim Qarabağ folklorumuzda olub. Hazırda isə Anadoluda var. Çərşənbələrlə bağl başqa bir məqamı da qeyd etmək istəyirəm. Bizdə 4 çərşənbədən danışılır. Əslində isə, 7 çərşənbə var. 7 çərşənbənin 3-ü kiçik çillədə, 4-ü də boz ayda qeyd olunur. Onlardan 3-ü oğru çərşənbə, digər 3-ü isə doğru çərşənbə adlanır. Bir də sonuncu çərşənbəmiz- İlaxır çərşənbə var. Tarix ürə fəlsəfə doktoru həmçinin bildirdi ki, çərşənbələrlə bağlı müxtəlif mərasimlər var. Amma təəssüf ki, zaman keçdikcə bu mərasimlər bir-birinə qarışıb":

“Bununla belə, çərşənbələr ilə bağlı müxtəlif mərasimlər var. Ancaq, zaman keçdikcə bu mərasimlər bir-birinə qarışıb. Urbanizasiya, miqrasiya prosesi, şəhərlərin, kəndlərin, insanlarının sayının artması ilə, dünyagörüşünün dəyişməsi ilə bağlı bu mərasimin su, yel, yaxud ilaxır çərşənbəsi ilə bağlı olduğunu demək get-gedə çətinləşir. Məsələn, su ilə bağlı müəyyən mərasimlər var. Deyək ki, səhər tezdən oyanıb bulağa gedib, su gətirib evə çiləyərdilər ki, ev bərəkətli, məhsuldar olsun. Bəzi inanclara görə isə, su çərşənbəsi günü gecə axar sular dayanır. Həmin zaman insanlar bir-birinə xoş sözlər deməlidirlər. Çərşənbələrdə deyirlər ki, süfrə qurulmalı, naz-nemətlərlə bəzədilməlidir. Bu bayram abu-havası da bir növ, insanları birləşdirir, onlarda xoş bayram ovqatı yaradır. İnsanlar təsərrüfat həyatına hazırlaşır. Kimisi öz oğluna qız axtarır, gözaltı etdikləri olur. Ümumiyyətlə araşdırma etsək, görərik ki, ən çox toya-nişana hazırlaşma bu dövrə təsadüf edir. Novruz bayramının əsas atributlarından olan paxlava, şəkərbura, qabaqlar yalnız Novruz bayramında bişirilərdisə, indi adi gündə də yeyilən şirniyyatlardandır. Yəni, Novruz məhsulları bu gün insanlar arasında geniş istehlak olunur”.

Müsahibimiz son olaraq fikirlərini belə tamamladı:

“Mən oxuculara demək istəyirəm ki, bizim etnoqraflar, folklorçular tədqiqatlar aparıb. Bu tədqiqatlarda da çox variantlılıq var.Amma bu çox variantlılıq heç də bir-birinə zidd olan məsələlər deyil. Bir-brini tamamlayan, bütövləşdirən məsələlərdir”.

Aynur HÖKMÜRƏVAN