"Qorqud" ansamblını yaşatmaq lazımdır - Əməkdar artist Nuriyyə Hüseynova

1 Mart 2023 19:08 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə yenidən baxılmasını xahiş edib.

Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib.

AzNews.az məsələnin təfərrüatlarını bilmək üçün Əməkdar artist Nuriyyə Hüseynova ilə əlaqə saxlayıb:

- Xanım Hüseynova, "Qorqud" ansamblının bərpa olunması Azərbaycan mədəniyyətinə nə verəcək?

- “Qorqud” ansamblının bərpa olunması Azərbaycan mədəniyyətinə çox şey verəcək. 2022-ci ildə Cənab Prezidentin iştirakı ilə Şuşada Azərbaycanda fəaliyyət göstərən xalq folklor ansambllarının tədbirində biz də yer almışdıq. Biz bir cəmiyyət olaraq folklor ansambllarının çıxışlarına, xalqların mədəniyyətlərinə, qədim adət-ənənələrimizə hər zaman dərin hörmət hissi ilə yanaşırıq. Onların inkişafı üçün əlimizdən nə gəlirsə edirik. Bunların hər biri bir millətin, bir ölkənin tarixini əks etdirir. Ümumiyyətlə millətin tarixini, qədimliyini, mədəniyyətini əks etdirən folklor nümunələridir. O tədbirdə həm də türk dövlətlərindən ölkəmizə buyuran folklor ansamblları da çıxıış etdi. Bu da o deməkdir ki, dünya nə qədər inkişaf etsə də, nə qədər modern olsa da, müasirlik və gələcək keçmişin üzərində qurulur. Keçmişini anlamayan, onu dərk etməyən cəmiyyət gələcəyini də qura bilməz.

- “Qorqud” ansamblında sizin hansı konsertləriniz, ifalarınız olub?

- 2014-cu ildən bu yana çox konsertlərimiz olub. Qazaxıstanda “Uluların görüşü” adlı tədbirdə çıxış etmişik. Mən hər iki ildən bir Macarıstanda keçirilən Hun türklərinin qurultayında çıxış edirəm. Hara getmişəmsə, dövlətimizi yüksək şəkildə təmsil etmişəm. 2014-cü ildən bu günə qədər bizim çox sayda tədbirlərimiz olub. Hər il Novruz bayramı ilə əlaqədar həm televiziya çəkilişlərində, həm də Beynəlxaq Muğam Mərkəzində tədbirlər keçirirdik. Çünki biz Beynəlxalq Muğam Mərkəzi ilə memerandom imzalamışdıq. Bu sənədin imzalanmasında əsas təşəbbüskar mən idim. Həmçinin, ideya da məndən gəlmişdi. Bu ideyanın reallaşması üçün inistutumuzun direktoru Muxtar müəllimdən, həm də Beynəlxalq Muğam Mərkəzinin rəhbəri Murad müəllimdən rica etmişdim. Onlar da çox böyük məmnuniyyətlə təklifimi qəbul etdilər. Bizim bu kontraktımıza əsasən, hər il 2-3 tədbirlərimiz muğam mərkəzində keçirilirdi. Cümhuriyyətimizin 100 illiyi, Nizami ili, Nəsimi ili, Hüseyn Cavid ili, Aşıq Veysəl, Yunus Əmrə, Aşıq Ələsgərlə bağlı tədbirlər keçirmişik. İkinci Vətən müharibəsində qələbə qazanmağımız münasibətilə “ Zəfər” konserti təşkil etmişik. Şəhid və qazilərimiz üçün konsertlər vermişik. Bu tədbirlərin geniş ictimaiyyətə yayılması üçün Mədəniyyət kanalına məktub yazıb göndərirdik. Mədəniyyət kanalı da bu təklifimizi dəyərləndirdi və tədbirlərimizi işıqlandırırdı. Üstəlik də, bizim ansamblın xarakteri digər ansambllardan fərqli idi. Burada sadəcə oxumaqdan, ifa etməkdən söhbət getmir, folklor nümunələri təqdim olunur. Sujet xəttlərinə uyğun kompozisiyalar hazırlayırdıq. 2018-ci ildə konsertin sonunda Qarabağ şikəstəsini ifa etdik və sonda dedik ki, bayrağımızı yaxın zamanlarda Qarabağımızda asacağıq. Çox çükür ki, o günü gördük. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bizim ansamblın sənətçiləri təsadüfi adamlar deyil. Onların hər biri konservatoriyanın, incəsənət universitetininin məzunu olan, ali musiqi təhsilli, Azərbaycan, türk, dünya musiqilərini bilən ifaçılardır. Bu gün “Qorqud” ansamblının bağlanması ilə əlaqədar deməzdim ki, biz düz deyirik, onlar səhdir. Bəlkə də belə məsləhətdir. Mən hər zaman qaydalara hörmət edirəm. Amma burada məsələ odur ki, ola bilsin, akademiya və ansamblın şərtləri uyuşmur. Sadəcə, mənim istəyim o idi ki, heç olmasa, bu ansambl hansısa bir qurumun tabeliyinə keçirilsin və orada fəaliyyət göstərsin.

- Ansamblın bərpa olunacağına inanırsınızmı?

- Milli Məclisdə Qənirə Paşayevanın rəhbərliyi ilə iclas keçirildi. Qeyri-maddi mənəvi dəyərlərə dəstək, onların qorunması ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin təşkil etdiyi iclasda mən də çıxış etdim. Elə bu mövzuya toxundum. Çünki, bu mövzuda bu ansamblın dövlət tərəfindən qorunması, saxlanılması, inkişafı, bizim mənəvi dəyərlərimiz, milli kimliyimiz, tariximiz, keçmişimizdir. Bütün bunların fonunda onu da qeyd edim ki, bu dəyərlər, UNESCO-da da qorunub saxlanılır. Bu nümunələrin sahibi də elə xalqın özüdür. Biz də istəyirik ki, folklorumuzu qoruyub saxlayaq. Saxlamaq üçün isə cəhd etmək, əziyyət çəkmək, iş görmək, mübarizə aparmaq lazımıdr. Sadəcə sözdə deməklə iş bitmir. Baxın, biz bu gün muğam sənətini yaşadırıq. Bəs bunu necə, nəyin hesabına edə bilirik? Muğam sənətini ifa etməsək, göstərməsək, onun mahiyyətinə necə varacayıq? Onun fəlsəfi məzmununu necə hiss edəcəyik?

- Folklor nümunələrinin yaşadılması üçün başqa ansambllar varmı?

- Azərbaycanda folklor ansamblı demək olar ki, yoxdur. Uzaqbaşı bir, yaxud ikisi var. Onlar da Novruz bayramlarında milli geyimlərimizlə, qədim musiqi ənənələrimizi göstərməklə çox gözəl bir tarixi yaşadır. Düzdür, “Qorqud” ansamblınınn bağlanması dünyanın sonu deyil. Amma bizim "Qorqud” ansamblı 40 ildir fəaliyyət göstərib. İllər sonra isə bu ansambl AMEA-nın folklorla bağlı institutunun tabeliyinə keçib. Folklor musiqilərimizin itib-batmaması üçün bu ansamblın üzərinə çox böyük iş düşüb.

Aynur HÖKMÜRƏVAN,

AzNews.az

QEYD: Məqalə "Azərbaycan Respublikasının dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.