Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edib.
Dövlət başçısı Fransanın Avropadan kənarda idarə etdiyi əraziləri fransız müstəmləkə imperiyasının iyrənc qalıqları adlandırıb və qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb.
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndik.
Millət vəkili bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çox mühüm tezislərlə zəngin bir çıxış etdi:
"Bu çıxışında diqqəti cəlb edən məsələlərdən bir neçəsinə toxunmaq istəyərdim. Birincisi cənab Prezident BMT-nin Təhlükəsizlik Şurasında çox ciddi islahatların aparılmasının zəruriliyini vurğuladı. Qeyd etdi ki, bu təşkilat bir çox hallarda öz qərarlarının icraatına primitiv yanaşır. Bir halda qərarlar dərhal icra olunur, başqa hallarda isə heç bir nəticə olmur. Bu konteksdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə diqqəti cəlb etdi və qeyd etdi ki, bu qətnamələr heç biri icra olunmadı. Onun icrasını Azərbaycan Silahlı Qüvvələri vətən müharibəsinin gedişatında təmin etdi. Nəticəni də sanki BMT Təhlükəsizlik Şurasının simasını qoruyub saxlamış oldu. Qoy öz hesabatlarında yazsınlar ki, 1993-cü ildə qəbul edilmiş qətnamələr artıq icra olunub. Cənab Prezident bu təşkilat içərisində islahatların vacib olduğunu vurğuladı. Qeyd edim ki, Təhlükəsizlik Şurasının üzvlərinin sırasında Qoşulmama Hərəkatı da qeyd olunmalıdır".
E. Nəsirov dövlət başçısının Fransa ilə bağlı fikirlərini şərh edərkən qeyd etdi ki, bu çox ciddi bir mesajdır.
"Eyni zamanda Prezident İlham Əliyev elə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransa və onun yeritdiyi yeni müstəmləkəçilik siyasətinə diqqəti cəlb etdi. Qeyd etdi ki, tarixən də, bu gün də Fransa dövləti müstəmləkə, soyqırım siyasəti həyata keçirib və bir çox xalqlar onun əziyyətini çəkir. Bu baxımdan cənab Prezident konkret ölkələrin də adlarını çəkdi. Afrika qitəsi, eyni zamanda dənizarxası ölkələrdə Fransanın bu gün də həyata keçirdiyi müstəmləkəçilik siyasətini ifşa etdi. Qeyd etdi ki, Fransa heç bir halda ədalətli mövqedə durmayıb və dura da bilməz. Çünki onun yeritdiyi siyasətin mənbəyində bu dayanmır. Prezident qeyd etdi ki, həyata keçirdiyi işğalçılıq və soyqırım siaysətinə görə Fransa dövləti üzr istəməlidir. Hesab edirəm ki, bu çox ciddi bir mesajdır. Nəzərə alsaq ki, Fransa həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində vasitəçi olmaq iddiasını ortaya qoydu. Ancaq ATƏT-in Minsk qrupundakı vasitəçilik missiyası da qərəzli idi. Sonradan fərdi şəkildə vasitəçilik etmək niyyəti də qərəzli oldu. Ermənistanın yanında yer aldı, heç bir halda obyektiv mövqe ortaya qoya bilmədi. Fransa tarixən də öz siyasətində ədalətsiz mövqedə dayanıb, bu gün də həmin mövqedə davam etməkdədir. Hesab edirəm ki, Qoşulmama Hərəkatının Zirvə Görüşündə bu faktların gündəmə gətirilməsi həm Azərbaycan Prezidentinin qətiyyətli və prinsipal siyasətçi olduğunu göstərir, həm də bu, Fransaya siyasətində dəyişiklik etməyi, beynəlxalq sülhün, təhlükəsizliyin formalaşması prosesinə töhfə verməyi üçün dəvət idi. Fransa isə bu günə qədər əks proseslə məşğuldur".
Rəşid QARAYEV