Hacı Şahin sekulyarların rəğbətini necə qazanmışdı?- ARXİVDƏN ÇIXARIŞ

3 Mart 2023 00:34 (UTC+04:00)

Dünən Hacı Şahin Həsənli redaksiyamızda idi. Məlumunuz, “Gündəlik Teleqraf” dünyəvi qəzet olaraq tolerantlığa böyük önəm verir.

Bu isə həm də o deməkdir ki, dünyəvi bir dövlətdə hər kəsin inanc özgürlüyünə sayğı ilə yanaşırıq, yanaşmalıyıq.

Yetər ki, o inanclarla manipulyasiya edilməsin, doqmalar bütün cəmiyyətə şamil edilməsin, ehkamlar bütün fərdlərə kəsilməsin.

Yəni, din imandan, ibadətdən, məsciddən kənara çıxmasın, dövlət işlərinə qarışmasın. Yəni, hər kəs öz inandığında və inanmadığında sərbəst olsun.

İndi 21-ci əsrdir, kimsə kimsəyə darğalıq edə, əqidə müfəttişi ola bilməz. Eyni zamanda, heç bir cəmiyyət dinsiz ola, yaşaya bilməz- ən azı bu əsri belə başa vurmalı olacağıq.

Mənim dini görüşlərə tənqidi baxışlarım aşkardır. İslamı Azərbaycanda daha çox bir ənənə olaraq qəbul edirəm.

Hacı Şahin Həsənli ənənəvi məzhəblərdən birinin üzdə olan liderlərindəndir.

Onu “Brifinq”ə dəvət etmişdik. Nərgiz Cavadzadənin moderator olduğu layihə çərçivəsində əməkdaşlarımızın hansı suallarını necə cavablandırdığını oxumaq üçün yarını gözləyin.

Mən indidən ancaq onu deyim ki, Hacı Şahin əməkdaşlarımızda müsbət təəssüratlar yaradıb. Onu sayğı ilə qarşılayıb, dost kimi yola saldıq.

Bu adamı sayğılı edənsə ilk növbədə Azərbaycanın dindarı olmasıdır.Təbiidir, biz kimsənin əqidəsini təftiş etməyəcəyik.

Deyə bilmərik ki, Hacı Qamət Allaha daha çox və səmimi inanır, yoxsa Əlixan Musayev? Sorğulamaq eyib olardı ki, Elşad Mirinin savabı çoxdur, yoxsa Hacı İlqarın?

Amma bunu sezməmək və anlamamaq mümkün deyil ki, Azərbaycana İrandan, Səudiyyə Ərəbistanından, heç təəccüblənməyin, hətta xristian sayılan ölkələrdən sırınan dindarlar, icmalar, təriqətlər var.

Bu kontekstdən baxanda Hacı Şahin məhz Azərbaycanın dindarı kimi görünür. Hacı Şahinin üzdə və öndə olması niyə lazmdır, nəyə faydalıdır?

İlk növbədə ona görə ki, Azərbaycan şiə ənənələrini İranın təsirinə vermək olmaz.Wikileaks sənədlərindən də məlumunuz, qeyri-ənənəvi təriqətlərin Azərbaycanda yayılmasını Qərb, Səudiyyə Ərəbistanının timsalında şəriət Şərqi ona görə arzulayır ki, tarixi balans dəyişsin.

Zira bu prosesdə, bütün xarici dəstəkli dini icmalar radikallaşır, əsas instrument olaraq topanı, zopanı və bombanı görürlər. Ancaq Azərbaycanın Quran ayələrini bir ehkam kimi yaşamayan, sadəcə, içində Tanrıya inam, ədalətə iman, Həzrət Əliyə sevgi olan dünyəvi insanları fərqli hədəfə- Avropaya yürümək istəyir.

Mən bu yürüşdə Azərbaycan insanının elm və texnikaya sahib çıxmasını, istehlakçı toplumdan istehsalçı topluma çevrilməsini, fərd olaraq vicdan və hüquq anlayışları ilə hərəkət etməsini istəyirəm.

Əgər mənim bir insan olaraq vicdanımın qaynağı fəlsəfədirsə, qoy Hacı Şahin qardaşım üçün bu, din olsun- heç fərq etməz, məgər özgür olmalı olan da vicdan deyilmi?

Belə olanda, məhz belə olanda Azərbaycan tolerant ölkə olacaq, heç bir xarici qüvvə hansısa əli təsbehli, uzun saqqallı, gödək şalvarlı ilə Azərbaycanımızı təhdid edə bilməyəcək.

Azərbaycanda islamlaşmanın belə boy göstərməsinin bir səbəbi də sovetlər dönəmində sıxışdırılmış dinin öz yerinə qayıtmasıdır- bunu da unutmayaq.

Hacı Şahin Azərbaycanda məhz öz yerinə qayıdan dinin, ənənələrin, məzhəbin, təriqətin təmsilçisidir, mənim müşahidələrimə görə və elə buna görə qorxu yox, hörmət yaradır.

Vikipediadan şəxsi məlumatlarına baxıram və sekulyar olsam da, Hacı Şahinə niyə simpatiya bəslədiyimi bir daha özüm üçün aydınlaşdırıram.

Bu adam nə Səudiyyə Ərəbistanında təhsil alıb, nə İranda, nə Türkiyədə...

Azərbaycan Texniki Universitetini, ikinci ali təhsil ocağı kimi Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, ərəb, fars, rus dillərini bilir, ilahiyyata öz çabaları ilə vaqif olub.

Belə bir adamı qeyri-ənənəvi təriqətlərin ayağına vermək Azərbaycan adına, elə sekulyar yazarlar olaraq bizim də adımıza utanc olardı.

Yolunda olmasaq da, yanındayıq, Hacı!

Taleh Şahsuvarlı