"Son vaxtlar ölkəmizə qanunsuz yollarla qurudulmuş marixuana maddəsi gətirilir. Aşkar etdiyimiz məsələlərdən biri ondan ibarətdir ki, metanfetamin qədər təhlükəli olan qurudulmuş marixuana maddəsinin üzərinə 1974-cü ildə Avropada geniş yayılmış, daha çox əyləncə zallarında istifadə olunan metapol maddəsi spirt və su ilə hopdurulur".
AzNews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
N. Aydınoğlu bildirib ki, bununla həmin maddə insanlara daha güclü təsir edir.
"Bu maddənin bir dəfə istifadə olunması belə insanda asılılıq yaradır. Ümumiyyətlə, narkomaniya həqiqətən böyük bir bəladır. Bu bəlaya ancaq polis, vətəndaş, hüquq-mühafizə orqanlarının birgə mübarizəsi sayəsində qalib gələ bilərik. Başqa cür bu məsələdən çıxış yolu yoxdur", - deyə o vurğulayıb.
Aynur