VƏTƏN ANAya 8 mart təbriki

8 Mart 2023 16:52 (UTC+04:00)

Xalqımızı Yaxın və Orta Şərqin digər xalqlarından fərqləndirən ən önəmli keyfiyyətlərdən birini Azərbaycan qadınları yaradır. Azərbaycan qadınlarının fərdi və ümumi ləyaqəti, mədəni-intellektual səviyyəsi, hüquq və azadlıqlara dəyərlərlə birgə sahib çıxması, ailə institutunun qorunmasında fədakarlıq göstərməsi cəmiyyətimizi digər müsəlman ölkələrindən fərqləndirdiyi kimi, millətimizə çağdaş dünyada da xüsusi yer qazandırır.

Dünyada Azərbaycan qadının ümumiləşmiş obrazı kimdir?

Məncə, bu suala cavab vermək, həm də fəxrlə cavab vermək heç kim üçün çətin deyil: Mehriban xanım Əliyeva!

Adətən biz 8 mart- Beynəlxalq Qadınlar Günündə öz ailə üzvlərimizi, doğmalarımızı, tələbə və iş yoldaşlarımızı, ictimai-siyasi həyatdan tanıdığımız qadınları təbrik edirik. Sosial şəbəkələrin yaratdığı imkandan istifadə edərək bu gün mən çağdaş tarixdə ilk dəfə Azərbaycan qadınının ümumiləşmiş dünyəvi obrazını yaratmış Mehriban xanımı təbrik etmək istəyirəm.

Mehriban xanım Əliyeva müstəqil respublikaçılıq tariximizdə ilk dəfə "first lady" institutunu yaratmaqla dövlətçilik ənənələrimizə böyük bir töhfə vermiş oldu.

Mehriban xanım Əliyeva ən böyük azərbaycanlı Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi həyata keçirdiyi xeyriyyəçiliklə təkcə vətəndaşlarımızın ümid yerinə çevrilmədi, eyni zamanda dövlətimizin "yumşaq güc" siyasətini koordinasiya edərək 44 günlük savaşda qazandığımız qələbənin memarlarından oldu.

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi islahatlar və yeniləşmə kursunun mərkəzində dayanaraq Azərbaycan dövlətinin gələcəyə hesablanmış viziyasının formalaşmasında tarixi rol oynadı.

Mehriban xanım Əliyevanı ictimai-siyasi lider, dövlət xadimi kimi mənim nəzərimdə daha da ucaldan isə, onun Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyana qarşı sərgilədiyi davranış oldu.

Anna Akopyan hərbi forma geyinərək Şuşadan Bakıya snayper tuşlayır, Azərbaycanın Birinci Xanımını işğal altında olan torpaqlarımızda keçirəcəkləri konsertlərə dəvət edirdi. Bu mesaj, sadəcə, Mehriban xanıma ünvanlanmamışdı. Qadınlı-kişili bütün Azərbaycan xalqına meydan oxunur, tənə edilirdi. Mehriban xanım əsl Azərbaycan aristokratlığı ilə Akopyanın siyasi vulqarizminə heç zaman cavab vermədi. Eyni zamanda, səbr və təmkinlə çox BÖYÜK CAVAB verdi.

Xanım Əliyevanın o böyük cavabı torpaqlarımız işğal altında olanda da, "Dəmir yumruq" havaya qalxanda da, azadlığa qovuşmuş Qarabağın şikəstəsi bütün dünyaya ədalətin himni kimi yayılanda da sərigilədiyi milli duruş, şəxsi ləyaqət, yüksək mədəni-intellektual səviyyə, bir silahdaş, siyasətçi və dövlət adamı üçün ən önəmli keyfiyyətlərdən olan - ÜFÜQ GENİŞliyi idi.

Bu gün 8 mart- Beynəlxalq Qadınlar Günüdür.

Azərbaycan xalqının tarixi şüurunda Yurd- ATA, Vətən- ANAdır.

Çox hörmətli Mehriban xanım Əliyeva, Sizi- VƏTƏN ANAnı 8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimiyyətlə təbrik edir, ANA VƏTƏNə xidmətlərinizdə yeni nailiyyətlər arzu edirəm.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru