BMT-nin baş katibi Gürcüstanda gərginliyin artmasının qarşısını almağa çağırıb

9 Mart 2023 12:17 (UTC+04:00)

BMT-nin baş katibi Antonio Quterreş xarici agentlərlə bağlı qanun layihəsinə etirazların davam etdiyi Gürcüstandakı vəziyyəti izləyir və bütün tərəfləri gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə Baş katibin sözçünün müavini Fərhan Haq TASS-a bildirib.

"Baş katib Gürcüstandakı vəziyyəti izləyir. O, bütün aidiyyatı tərəfləri gərginliyi artıra biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır. Baş katib ifadə azadlığının, medianın və vətəndaş cəmiyyətinin maneəsiz işinin vacibliyini vurğulayır və insanların dinc etiraz etmək hüququ xatırladır.”, - deyə Fərhan Haq bildirib.

Qeyd edək ki, Çərşənbə axşamı Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsinin gürcü variantını birinci oxunuşda qəbul edib. Parlamentin iclasına paralel olaraq, qanun layihəsinə qarşı çıxan minlərlə etirazçı çöldə toplaşıb. Qanunvericilər bu qanun layihəsinə səs verəndə gərginlik artıb. Çevik polis qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Gecə təhlükəsizlik qüvvələri etirazçıları parlament binasına bitişik ərazidən çıxarmağa məcbur edib.

Mövsüm