Bu gün Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlətimizin başçısı deyib ki, Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik.
Ölkə liderinin fikirlərini şərh etmək üçün politoloq Turan Rzayevə müraciət etdik.
“Cənab Prezident haqlıdır, çünki Azərbaycan faktiki olaraq son günlər müvafiq qrupların fəallaşması və Ermənistanla sülh müqaviləsinin imzalanması, eyni zamanda tərəflər arasında mövcud gərginliyin aradan qaldırılması üçün səylərini kifayət qədər artırıb”.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi Qərbin, xüsusilə də Fransanın dəstəyini alaraq hər vəchlə istər təyin edilməmiş şərti Azərbaycan-Ermənistan sərhədində, istərsə də seperatçılar fonunda gərginlik yaratmağa cəhd göstərir:
“Yeri gəlmişkən, bir neçə gün öncə seperatçıların Azərbaycan hərbçilərini şəhid etməsi, eyni zamanda Ermənistanda Qarabağa qanunsuz silahlar daşınmasının aşkarlanması onu deməyə əsas verir ki, rəsmi Bakı daha ciddi addımlar atmalıdır, istər seperatçılara, istərsə də Ermənistana qarşı. Faktiki olaraq rəsmi İrəvan seperatçılara dəstək verməsi və digər yardımlar etməsi Azərbaycanın ərazi bütövlüyünün pozulması Azərbaycanın suverenliyinin təhdidi kimi qiymətləndirilməlidir. Bu faktiki olaraq Ermənistanın danışıqların prinsiplərinə, eyni zamanda sadiqlik məsələsində hələ də mövqeyinin fərqli olduğunu göstərir”.
T. Rzayev bildirib ki, Azərbaycanın göstərdiyi bütün diplomatik fəaliyyətə, humanitar addımlara baxmayaraq rəsmi İrəvan regionda gərginlik yaratmaqda qərarlı olduğunu göstərir:
“Təbii ki, Ermənistanın çox dəyişən siyasi xəttində qərbli havadarların, eynin zamanda İranın verdiyi dəstəyin kifayət qədər önəmi var. Görünür ki, Ermənistan 44 günlük vətən müharibəsindəki ağır məğlubiyyətin təəssüratlarını unudub. Cənab Prezidentin dediklərindən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan bütün diplomatik təmaslarını işə salıb və müxtəlif platformalarda eyni zamanda vasitəçilər Rusiya və Brüssel çərçivəsində təmasları artırmışdı. Lakin biz Ermənistanın bütün bunlara baxmayaraq proseslərə neqativ və destruktiv yanaşdığının şahidi olduq. Cənab Prezidentin son açıqlamasında bu nəticəyə gəlmək olar ki, əslinə qalsa, verilən bu mesaj bir müddət öncə Azərbaycanlı nümayəndələr ilə erməni icması arasında keçirilən görüşə də bir işarə idi ki, Azərbaycan daxili məsələlərini özü həll etmək iqtidarındadır. Lakin həmin görüşdən bir neçə gün sonra biz şahidi olduq ki, seperatçılar məqsədyönlü şəkildə gərginliyi artırdılar və hərbçilərimizi şəhid etdilər. Bu həm də erməni icması ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilən görüşə bir zərbədir”.
Politoloq son olaraq qeyd edib ki, Prezidentin açıqlamasından bu nəticəyə gəlmək olar ki, rəsmi Bakı bundan sonra Ermənistanın atacağı istənilən neqativ addıma qarşı daha sərt reaksiya verəcək:
“Ümumiyyətlə, mən bu fikirdəyəm ki, yaxın vaxtlar ərzində genişmiqyaslı olmasa da əməliyatların şahidi ola bilərik. Bu hazırda zəruridir. Xüsusilə də Şuşa ətrafı kəndlərdə, yaxud Laçın dəhlizinə nəzarət mütləq şəkildə lazımdır. Azərbaycan hüquq mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin Laçın dəhlizində rus sülhməramlıları ilə yanaşı müşahidə məntəqələri olmalıdır. Qarabağa, Azərbaycan ərazisinə girən bütün nəqliyyat vasitələri təyinatından asılı olmayaraq bütün nəqliyyat vasitələri yoxlanılmalıdır. Bunun üçün də hesab edirəm ki, hazırda diplomatik məsələlər bir fayda vermir. Prezident İlham Əliyev də son açıqlaması ilə bu mesajı verdi ki, artıq qarşı tərəf hər şeyə hazır olmalıdır. Mümkündür ki, anti-terror əməliyyatları yaxın günlər ərzində başlaya bilər”, - T. Rzayev bildirib.
Rəşid QARAYEV