Bu il də Azərbaycanın feminist qadınları Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd ediblər. Bu aksiya cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bununla bağlı suallara aydınlıq gətirmək üçün KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərovaya müraciət etdik.
AzNews.az onunla müsahibəni təqdim edir:
- Azərbaycanda uzun illərdir 8 Mart - Beynəlxalq qadınlar günü kimi qeyd olunur. Bu bayramınn qeyd olunmasına müsbət baxanlarla yanaşı qarşı çıxanlar da var. Səbəb olaraq isə bu günün xristianlara aid olması və bizim ölkədə keçirilməsinin düz olmaması kimi arqumentlər gətirilir.
- Bu məsələ bir az həssas məsələdir. Sözün düzü, kəskin bir mövqe səsləndirsək, bəzi xanımlarımızın xətrinə dəymiş ola bilərik. Amma düzünü desəm, mən də düşünürəm ki, bizim özünəməxsus təqvimimiz olarsa, daha yaxşı olar, nəinki 8 Mart - Beynəlxalq Qadınlar Günü.
- Azərbaycan qadınının sosial statusu baxımından bu günün qeyd edilməsi nə qədər əhəmiyyətlidir?
- İstənilən halda, qadınla bağlı hər bir mövzu əhəmiyyətlidir. Təqvimdə də sırf qadını xüsusiləşdirərək hansısa sosial problemlərinə və yaxud digər istiqamətlərdə problemlərinə diqqət yönəldib, xüsusi bir günün olması mühümdür. Misal üçün , mən 8 martı xüsusi bir gün kimi qeyd etmirəm. Təbrik edənlərə əlbəttə ki, geri dönüş edirəm. Çünki bu etik cəhətdən də düz olmaz. Hətta ailə üzvlərimdə olan xanımlara belə hədiyyə almamışam. Biz bunu aramızda danışaraq anlaşmışıq. Azərbycan qadını hər şeyin ən gözəlinə layiqdir.
Mən çox ölkədə olmuşam, çox qadınlarla tanış olmuşam. Bidiyim bir həqiqət oldu ki, Azərbaycan qadını çox fədakardır, qoçaqdır, ağıllıdır, öz üzərində işləməyi sevəndir, gözəl ana, yaxşı həyat yoldaşıdır. Ona görə də qadını xüsusiləşdirən bir günün təqvimdə olması çox gözəl bir şeydir.
- Neçə ildir ki, marjinal bir qrup tərəfindən Fəvvarələr meydanında "8 Marş" aksiyası keçirilir? Bu aksiya sizə görə cəmiyyət tərəfindən nə qədər dəstəklənir?
- Mən düşünmürəm ki, bu aksiya kifayət qədər dəstəklənir. Özünüz də qeyd etdiniz ki, bu aksiya bəlli bir qrup tərəfindən həyata keçirilir. Mənim fikrimcə, həmin bəlli qrupun da öz çevrəsi var və bu kimi fəaliyyətləri dəstəkləyir. Görüntü də onu göstərir ki, bu elə həmin bəlli çevrə üçün keçərlidir.
- Əgər bu aksiya dəstəklənmirsə, niyə bu aksiyanın iştirakçıları meydana çıxıb, özlərini bu şəkildə göstərmək istəyirlər?
- Ümumiyyətlə, onu deyim ki, bəşər tarixi mövcud olduqca bu kimi məsələlər olub və olacaq da. Hər zaman müxtəlif qruplar, müxtəlif ideyanın daşıyıcıları və müxtəlif ideologiyanı yaşadanlar var. Bəzi ideyalar uzun ömürlüdür, davamlıdır. Amma bəzi ideyalar da çox da geniş çevrə qazana bilmirlər. Bəzi ideyalar elədir ki, aliləşir və əsrlər boyu özünü qoruyur. Düşünürəm ki, bu bir hərəkatdır. Hansısa insanların düşüncə tərzini, ideologiyasını təbliğ məqsədi daşıyır. Burada müəyyən mənada tolerant yanaşmaqda fayda var.
- Həmin aksiyalarda səslənən şüarlar Azəebaycan cəmiyyətinə nə qədər adekvatdır?
- Hər bir cəmiyyətin mental dəyərləri var. Biz nə qədər tolerant, demokratik, açıq fikirli olsaq da, müəyyən məqamlar var ki, onları qorumaq lazımdır. Fikrimcə, orda da diqqəti daha aydın mövzulara çəkmək olar, nəinki cəmiyyətin böyük əksəriyyəti tərəfindən neqativ qəbul olunan fikirlərə. Hesab edirəm ki, aksiya iştirakçıları toplandıqları zaman daha vacib və cəmiyyətin əksəriyyətinin, xüsusilə də qadın cəmiyyəti tərəfindən təsdiqlənəcək problemlərə yönəlsələr, daha yaxşı nəticə verə bilər.
- Bu şəxslər əslində feminizm adı altında çıxış etsələr də, əslində, feminizmin mahiyyətindən heç də məlumatlı deyillər. Bu insanların fəaliyyəti ilə feminizm anlayışı arasında bir ziddiyət var. Bu ziddiyətləri necə şərh edərdiz?
- Bu feminizim anlayışı əslində çox dərin bir nəzəriyyədir. Əslində, feminizm özündə çox vacib məqamları əks etdirir. Təəssüf ki, bizim gördüyümüz bu aksiyalarda isə daha çox qadınların başqa istiqamətdə azadlıqlarına çağırış edilir. Amma feminizmin məqsədi başqadır və özündə daha vacib məqamları əks etdirir. Bu aksiyalar vacib məqamlara yönəlsə, daha yaxşı nəticələr əldə oluna bilər.
Aynur HÖKMÜRƏVAN