İnsan hüquqları təşkilatlarından biri olan "Freedom House"un 2022-ci il üçün dünyada insan haqları və medianın durumu haqqında hesabatında Azərbaycanın adı Çin, Myanma, Yəmən kimi ölkələrlə bir sırada yer alıb.
Mövzu ilə bağlı Aznews.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib ki, “Freedom House”un fəaliyyət tarixi saxtakarlıqlarla zəngindir. Özünü hüquq müdafiə, insan haqları təşkilatı elan edib. Amma həmişə ABŞ siyasi çevrələrinin əlində alətə rolunda çıxış edib.
Onun sözlərinə görə, son 20 ilin təcrübəsi göstərir ki, təşkilat ABŞ-nin maraqları ilə uzlaşan qeyri-demokratik, avtoritar rejimləri müdafiə edir. Maraqlarına əks mövqedə olanları isə “avtoritar” damğası ilə yarğılayıb hədəfə çevirir. ABŞ hədəf seçdiyi ölkələri ilk öncə “Freedom House” qismində təşkilatların “bəyanatları”, “hesabatları” ilə vurur:
“Freedom House 1941-ci ildə ABŞ-da siyasi xadimlər tərəfindən təsis edilib. Təşkilatın ilk lideri rolunda ABŞ prezidentinin xanımı Eleanor Ruzvelt çıxış edib. 1940-cı il seçkilərində prezident Ruzeveltə alternativ olmuş Respublikaçılar Partiyasının namizədi Wendell Willkie də “Freedom House”nin yaradılmasında iştirak edib. O, təşkilatın qurucuları sırasında yer tutub və həmsədrlərindən biri olub. ABŞ-nin iki əsas siyasi partiyasının funksionerlərini öz sıralarında birləşdirən “Freedom House” yaranışdan bəri siyasi təşkilatdır və ABŞ-ın xarici siyasətinin icraçılarından biridir. Təşkilat “insan haqlarının müdafiəçisi” adını, sadəcə manipulyasiya edir”.
M. Ələsgərli bildirib ki, “Freedom House” öz saytında fəaliyyətinin siyasi maraqlardan kənar olduğunu, xalqların təhlükəsiz, demokratik mühitdə yanaşmasına töhvə vermək üçün çalışdığını göstərir:
"Amma təşkilatın ABŞ auditoriyasına münasibətdə rəhbər tutduğu bu prinsip ABŞ sərhədlərindən kənarda heç də həmişə qorunmur. "Freedom House"un ayrı-ayrı ölkələrə yanaşmasında tendensiya, siyasi konyuktura özünü göstərir. Bəzi ölkələri olmayan faktlara görə hədəf alır, bəzilərində isə pozuntulara şüurlu şəkildə göz yumur".
Ekspert onu da qeyd edib ki, son 2 ilin hadisələri “Freedom House”un ABŞ siyasi çevrələrində də öz nüfuzunu, etimadını itirərək ayrı-ayrı qrupların əlində alətə çevrildiyini göstərir:
"Bircə nümunə verməklə, bu faktı isbat etmək mümkündür. 2021-ci ilin dekabr ayında ABŞ-də Demokratiya sammiti keçirildi. Karnegi Fondu ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edəndə belə bir faktı aşkarlamışdı ki, tədbirə dəvət alanlar sırasında qeyri-demokratik ölkələrin iderləri də yer tuturlar".
M.Ələsgərli sonda vurğulayıb ki, təşkilat o qədər saxtakarlıq edib ki, onu təsis edənlərin də gözündən düşüb:
"Fond tərəfindən hazırlanan və “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən analitik məqalədə bildirilirdi ki, sammitə dəvət alan ölkələrdən 3-ü “Freedom House” təşkilatının 2021-ci il hesabatında “azad olmayan” (qeyri-demokratik) ölkələr kimi təsnif edilib. Yəni, artıq ABŞ-nin özündə belə demokratiya barədə danışılarkən, “demokratlar siyahısı hazırlayan” “Freedom House”a istinad edilmir. Təşkilat o qədər saxtakarlıq edib ki, onu təsis edənlərin də gözündən düşüb.
Bu baxımdan, təşkilat indi ayrı-ayrı lobbi qruplarının təsirində fəaliyyət göstərir. Erməni şəbəkəsinin təsiri də bariz görünür. Onun son hesabatının Azərbaycanla bağlı bölümünü, sanki Ermənistanda yazıb göndəriblər. Heç bir reallığı əks etdirmir. Hətta Azərbaycanın ərazi bütövlüyünü şübhəyə alır, Qarabağı öz xəritəsində fərqli rənglərlə göstərir. Bu baxımdan “Freedom House”ni ciddi təşkilat kimi qeydə almağa zərurət qalmır".
Rəşid QARAYEV