Üzüqara xaç: BQXK nümayəndələrini Bakıdan qova bilərikmi? - ŞƏRH

13 Mart 2023 16:58 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report" informasiya agentliyinə müsahibə verib.

Hikmət Hacıyev öncə onu qeyd edib ki, Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.

Rəsmi Bakının digər köklü narazılığı BQXK-nın Xankəndidəki ofisinin hələ də Bakıdakı ştabına deyil, siyasi cəhətdən Cenevrəyə, logistika baxımından isə İrəvan ofisinə tabe olmasıdır.

“Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq"- prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Beləliklə, prezidentin köməkçisinin açıqlamasından məlum olur ki, rəsmi Bakının BQXC-dən narazıdır və bu narazılığının əsasında üç başlıca amil dayanır.

- BQXC-nin öz missiyasına hörmətsizliyi;

- BQXC-nin Azərbaycanda fəaliyyət göstərməsi üçün imzalanan sazişə hörmətsizliyi;

- BQXC-nin Xankəndidəki fəaliyyətini siyasiləşdirərək nizamnaməsini, beynəlxalq və milli hüququ pozması.

1863-cü ildə yaradılmış və Cenevrə Konvensiyalarına əsasən tanınmış Beynəlxalq Qızıl Xaç Komitəsi öz fəaliyyətində humanizm, qərəzsizlik, neytrallıq və müstəqillik prinsiplərinə arxalanmalıdır. İkinci Qarabağ savaşında itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti ilə maraqlanmaması və ya onların taleyi barədə konkret məlumatlar təqdim edə bilməməsi sözügedən prinsiplərin hər birinə ziddir. Ermənistan bu məsələdə beynəlxalq humanitar hüququ nəzərə almaya bilər, çünki törətdiyi cinayətləri ört-basdır etmək istəyir. Lakin “Qızıl Xaç” Ermənistanın yalnız təqdim etdiyi və təqdim etmək istədiyi məlumatlardan çıxış etməməli, Cenevrə Konvensiyaları ilə ona həvalə edilmiş vəzifələri yerinə yetirməli, silahlı münaqişələrdə tətbiq olunan beynəlxalq humanitar hüququn müddəalarına ciddi riayət olunmasına töhfə verməli və iddia edilən pozuntularla bağlı şikayətləri araşdırmalıdır.

Ən azından BQXK çox yaxşı bilir ki, döyüş əməliyyatları başa çatdıqdan sonra münaqişə tərəfləri itkin düşdüyü elan olunan şəxsləri aramalıdır. Komitənin başlıca məqsədlərindən biri məhz silahlı münaqişə qurbanlarının, o cümlədən itkin düşən şəxslərin aşkarlanmasıdır. Əgər Ermənistan belə axtarışlar həyata keçirməyibsə və bu yöndə BQXK-nin fəaliyyətinə imkan verməyibsə, bu, artıq beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

29 iyul 1996-cı ildə Bakı şəhərində Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında Saziş imzlanıb. Saziş 8 oktyabr 1996-cı ildə Prezident Heydər Əliyev tərəfindən təsdiq edilib. Sazişə əsasən, BQXK ölkəmizdə diplomatik missiya statusunda faəliyyət göstərir. Azərbaycanın dövlət səviyyəsində razılığı olmadan bir səfirlik ölkəmizin hər hansı ərazisində konsulluq aça bilməyəcəyi kimi, BQXK də Xankəndidə ofis saxlaya bilməz.

Əks halda xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası BQXK-ya öz qərarının motivlərini bildirmədən diplomatik münasibətlər haqqında 1961-ci il 16 aprel tarixli Vyana Sazişinin 9-cu bəndi ilə nəzərdə tutulan şərtlər əsasında və onlardan irəli gələn nəticələrlə BQXK nümayəndəliyin üzvünü istənilən vaxt «PERSONA NON GRATA» elan edə bilər. Bu bəyanat Xarici İşlər Nazirliyi tərəfindən (əgər həmin şəxs nümayəndəliyin üzvüdürsə, onun başçısı deyilsə) nümayəndəliyin başçısına — həmin şəxs nümayəndəliyin başçısı və yaxud BQXK-nın nümayəndəlik üzvü olmayan hər hansı başqa nümayəndəsi olduqda, BQXK-nın Cenevrədəki qərargahına göndərilir.

Bununla belə, Azərbaycan BQXK humanitar missiyasına xüsusi əhəməiyyət verərək meydana çıxan ziddiyyətləri danışıqlar yolu ilə tənzimləməyə üstünlük verdiyini bəyan edir. Fəqət fikir ayrılıqlarını danışıqlar yolu ilə tənzimləmək mümkün olmadıqda məsələ qəti qərar qəbul etmək üçün üç hakimdən ibarət münsiflər məhkəməsinə verilir ki, onlardan birini BQXK-nın başçısı, digərini dövlət, üçüncüsünü isə hər iki tərəf və ya, razılıq əldə edilmədikdə, Beynəlxalq Məhkəminin sədri təyin edir. Məhkəmə qərarından apellyasiya verilə bilməz.

BQXK-nin spesifik qurum olaraq Azərbaycanda fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etməyə və onu bütün ölkə ərazisində yeganə təşkilat kimi tanımağa borcludur. Cəmiyyət haqqında respublikamızın ayrıca qanunu var. Qanunda deyilir:

“Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən YEGANƏ milli Qızıl Aypara Cəmiyyətidir və öz fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində baş qərargahı, Naxçıvan Muxtar Respublikası komitəsi, regional mərkəzləri, ərazi və sahə komitələri və ilk təşkilatları vasitəsi ilə həyata keçirir”

Eyni qanunun 2-ci maddəsinə görə, Cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dəniz silahlı qüvvələrinin tərkibində olan yaralıların, xəstələrin və gəmi qəzasına uğramış şəxslərin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları (bundan sonra- Cenevrə Konvensiyaları), Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nizamnaməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsi, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də Cəmiyyətin Nizamnaməsi təşkil edir.

Həmin qanunda göstərilir ki, QAC-nin vəzifələrindən biri də silahlı münaqışələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər haqqında məlumatları almaq, onların uçotunu aparmaq və müvafiq dövlət orqanlarına və ya təşkilatlara təqdim etməkdir.

Bütün bunlar o sadə həqiqətin isbat edir ki, BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təkliflərini qulaqardına vura, onun beynəlxalq və milli hüquqa əsasən vəzifələrini yerinə yetirməsinə mane ola bilməz.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatlarının fəaliyyətini tənimləyən ən mühüm sənədlərdən biri 1986-cı ilin oktyabrına keçirilmiş konfransda qəbul olunan və 1995, 2006-cı illərdə düzəlişlərə məruz qalmış Nizamnamədir.

Nizamnamədə göstərilir ki, özünə olan inam və etimadı qorumaq üçün Hərəkat silahlı münaqişələrdə tərəf tuta, siyasi, irqi, dini və ideoloji xarakterli mübahisələrə girə bilməz.

Əgər BQXK Xankəndidəki ofisinin Bakıdakı nümayəndəliyinə tabe olmasını təmin etmək istəməyəcəksə, bu, artıq neytrallıq prinsipinin daha bir dəfə pozulması, münaqişə və mübahisəyə tərəf olması anlamına gələcək.

Haqqında danışdığımız Nizamnamənin 4.1bəndinə əsasən milli Qızıl Xaç və Aypara cəmiyyətlərini ancaq və ancaq Cenevrə Konvensiyalarını tanıyan müstəqil dövlətlər tərəfindən öz ərazisində yaradıla bilər. Başqa sözlə, Ermənistanın yerli Qızıl Xaç Cəmiyyəti başqa bir dövlətin ərazisində filial aça, nümayəndəlik yarada bilməz. Sənədin növbəti bəndində isə qəti şəkildə qeyd olunur ki, bir ölkədə iki Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti mövcud ola bilməz və təşkilata istisnasız olaraq vahid orqan rəhbərlik etməlidir.

Üçüncü bənddə o da vurğulanır ki, yerli cəmiyyətlər Cenevrə Konvensiyalarına və milli qanunlara əsasən, öz ölkələrinin qanuni hökuməti tərəfindən humanitar sahədə hakimiyyət orqanlarına kömək edən könüllü yardım quruluşu kimi lazımi qaydada tanınmalıdır.

Əlbəttə, Azərbaycan nə BQXK-nı ölkədən qovmağa hazırlaşır, nə də Xankəndi və ətrafındakı erməni mənşəli şəxsləri humanitar yardımdan məhrum etməyi planlaşdırır. Sadəcə, BQXK-nin Qarabağdakı fəaliyyəti istər beynəlxalq hüquq, istərsə də milli qanunvericiliyimiz baxımından Azərbaycandakı ümumi fəaliyyətinin tərkib hissəsi olmalı, komitənin Xankəndidəki insanlara köməyi İrəvandakı ofisi üzərindən göstərilməməlidir.

Taleh ŞAHSUVARLI