Mətbuat Şurası Xalq yazıçısını təltif etdi

14 Mart 2023 16:07 (UTC+04:00)

Martın 13-də Azərbaycan Mətbuat Şurasının bir qrup üzvü sədr Rəşad Məcidin başçılığı altında Azərbaycan Yazıçılar Birliyində olub. Bu ziyarətin məqsədi AYB sədri, Xalq yazıçısı Anarı martın 14-də tamam olacaq 85 illik yubileyi münasibətilə təltif etmək olub.

Aznews.az xəbər verir ki, R.Məcid Anara “Azərbaycan jurnalistikasında milli məfkurənin möhkəmlənməsinə və inkişafına böyük təkan verən zəngin, çoxşaxəli yaradıcılığına, sanballı bədii-publisistik əsərlərinə görə və anadan olmasının 85 illiyi münasibətilə” MŞ-nın plaketini təqdim edib.

Təltifə görə təşəkkür edən Anar özünün də yetərincə uzunmüddətli jurnalistika fəaliyyətini xatırladıb, sözə və söz adamlarına diqqətə görə MŞ-na təşəkkür edib.

R.Məcid də öz növbəsində bildirib ki, Anar Azərbaycan ədəbiyyatının özünəməxsus sözü və çəkisi olan təmsilçisi olmaqla həmişə milli məsələlərdə fərqlənib.

Təqdimatda iştirak edən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov da öz növbəsində Anarın Azərbaycan ictimai fikrindəki yeri, ədəbiyyata verdiyi töhfələr haqqında təqdirəlayiq fikirlərini səsləndirib.

Təqdimatda iştirak edən digər bir jurnalist – AzNews.az saytının baş redaktoru Taleh Şahsuvarlı isə Anarın şəxsiyyəti, milli məfkurəyə verdiyi töhfələrlə bağlı təqdirlərini dilə gətirib.

MŞ İH üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət Anarı yüksək bir zirvəyə bənzətdiyini deyib. O, özəlliklə də Sovet İttifaqının mövcud olduğu dövrdə belə Anarın milli özünüdərki ayaqda tutan fəaliyyətini təqdirlə qeyd edib.

Onu da əlavə edək ki, Azər Həsrət özünün “Mən tanıqlıq edirəm” adlı romanını Anara hədiyyə edib.