Separatçılar erməni icması ilə dialoqa mane oldu. Bundan sonra…

15 Mart 2023 17:21 (UTC+04:00)

Qarabağ ermənilərinin Bakı nümayəndələri ilə martın 1-də Xocalıda Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə ilk rəsmi görüşün keçirilməsi bir daha göstərdi ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz vətəndaşlığımızı qəbul edəcək erməni əhali ilə dialoqa da, onların konstitusiya çərçivəsində haqqlarının təmin olunmasına da hazırıq. Görüş çərçivəsində dialoq formatının fərqli yerlərdə davam etdirilməsi qərara alındı. Bir müddət sonra Azərbaycan Prezident Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün erməni icmasının nümayəndələrini ikinci görüşə dəvət edib. Bu təklif əlbəttə ki, həm də strateji əhəmiyyətə malik idi. Çünki, separatçılar hər vəchlə özlərini Bakıya tərəf olaraq təqdim etməyə çalışırlar. Bakıda keçiriləcək görüş isə onların bu hədəflərinin üzərindən xətt çəkmiş olur. Elə buna görə də, separatçılar yenə də prosesə müdaxilə etdilər. Lakin bu addım da Bakının əlini gücləndirdi. Bugünə kimi separatçılara qarşı atılan addımlarımızı erməni əsilli əhaliyə qarşı siyasət kimi qiymətləndirən Qərb açıq şəkildə gördü ki, bizim mübarizəmiz bu dialoqu pozan separatçılardır. Bundan öncəki, Laçın yolunan paralel torpaq yolunda baş verən təxribat da göstərdi ki, biz separatçılara qarşı adekvat addımları mütləq atmalıyıq. Bunu sahədəki təxribatlar da göstərdi.

Ermənilərin son günlər təxribatları artırmaları isə bir neçə səbəblə bağldır. Əvvəla, sərhəddə təxribatlar hər zaman davam edib. Onlar bu yolla rus sülhməramlılarının mövqeyini zəiflətməyə, beynəlxalq güclərin varlığına ehtiyac olduğunu göstərməyə çalışırlar. İndi isə məhz Qarabağda yaşayan erməni icması ilə danışıqlar başlandığı vaxtda təxribatların artması danışıqlar predmetinə xələl gətirmək məqsədi daşıyır. Məlumdur ki, Ermənistan tərəfi bu görüşü Bakı ilə separatçılar arasında keçirilən görüş kimi qələmə vermək istəyir. Silahsız ermənilərin Azərbaycanla dialoqa keçməsini qəbullanmaq istəmirlər. Üstəlik ən son Xəlfəli yolunda qarşıdurmanın yaşanması birbaşa Laçın-Xankəndi yolundakı etirazların nəticəsinə bağlı idi. Etirazların olması Laçın yolunda monitorinq imkanlarını artırdığı üçün separatçılar Xankəndiyə silah-sursat və digər qanunsuz ləvazimatları alternativ yoldan istifadə etməklə daşımağa çalışır. Əlbəttə ki, bu tərəfimizin diqqətindən yayınmır. Xüsusən Sarıbaba yüksəkliyinin nəzarətə götürülməsi həmin yola nəzarət imkanlarımızı da artırıb. Bu təxribatı törətməklə ermənilər bir daha xislətlərini nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət şahid oldu ki, Laçın dəhlizində nəzarət postunun quraşdırılması həqiqi ehtiyacdır. Elə separatçıların təmizlənməsi də!

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi