Elçin Şıxlı bu məsələdə haqlıdır

17 Mart 2023 12:38 (UTC+04:00)

Elçin Şıxlı ilə münasibətlərimiz heç sərin də deyil, kəskin şəkildə pisdir. Onu dəfələrlə sərt tənqid etmişəm və bu tənqidlərimdən indi də geri çəkilmirəm. Bizim özünü “kult” zənn edən ictimai fiqurların da bir adəti var, tənqiddən, polemikalardan dərhal küsürlər, inciyirlər, salam-kəlamı kəsirlər. Əlbəttə, mən belə tövrlərdən alınan adam deyiləm, çünki hər kəs öz həqiqətlərindən çıxış etməyə haqlıdır. Fəqət bir adamla hansısa məsələlərdə əks mövqedə olmaq onun həmişə haqsız olması anlamına gəlmir. Novruz ənənələrimizdən olan və “papaqatdı” kimi təqdim olunan əyləmə Elçin müəllimin yanaşması birmənalı şəkildə doğrudur. Çox təəssüf ki, sosial şəbəkələr fikirləri kontekstdən çıxarmağa, fikri və mənanı bir yana qoyub, şəxsləri hədəfə almağa müsaid bir ortamdır. Bu ortam istənilən müzakirənin keyfiyyətini bir az kobud desək, cırtqozların hesabına aşağı salır, məhv edir və təhqirlə əvəzləyir.

Azərbaycan mədəni areal olduğu kimi, həm də mental areadır. El bayramları mental dəyərlərə zidd ola bilməz və bir xalqın mifoloji şüur qatlarından başlayaraq topladığı yaddaşın təntənəsidir. Araşdırmaçıların qənaətincə, Novruz bayramında miflə tarix yanyana, iç-içədir.

Məhərrəm Qasımlı bu barədə yazır ki, Novruz bayramının tərkibi aşağıdaki iki qatdan ibarətdir:

a) təbiətin oyanmasını əks etdirən mifoloji qat;

b) müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas edən siyasi-ideoloji qat

Bəli, Börtəçinənin arxasınca düşüb Ergenokondan çıxdığımız gündən bəri biz türklər börkü, sarığı, papağı kişilik, qeyrət, namus rəmzi saymışıq. Köhnə kişilər papağı nəinki qapıya, ayaq altına atıb, sovqat diləyib, hətta onu isti-soyuğa görə də qoymayıb. Xalqımızın yarımköçəri həyat tərzini qorumuş seqmentlərində, məsələn Zəngəzur dağlarında maldarlıqla məşğul olan el və obalarda Novruz ənənələri xalisliyini daha çox saxlayıb. Əhali qara damlarda yaşayıb, qara damların bacasından torba sallanıb, bayram sovqatı da məhz o torbalara qoyulub. Mənim uşaqlığım Bərdədə keçib. Bayramdan qabaq anamız, nənələrimiz bezdən iki torba tikərdi, biri nisbətən iri, biri xırda. Torba sallamağa gedəndə- papaq atmağa yox!- hər ikisini götürər, evlərin qapısını aralayıb balacanı içəri atar, topladığımız sovqatı yekəsinə doldurardıq. Şəxsən mənim yaddaşımda “papaqatdı” kimi bir ənənə yoxdur, “torba sallamaq” var.

İndi dövr dəyişib və urbanizasiya torba sallamağı “papaqatdı”ya çevirib. Elçin Şıxlı papağın rəmzi mənasını yada salıb, bunun yolverilməz olduğuğunu deyir, ancaq məsələnin mahiyyətini bir qırağa qoyub bəziləri tərs köşədən düşünür: Novruzda papaq atmaq el adətidir, niyə “papaq atan” namussuz olsun ki? Nə Novruza qarşı çıxan var, nə də ənənələrə, sadəcə, urbanizasiyanın yaşadılması lazım olan bir el adətini transformasiya yox, deformasiya etməsinin dəyərlərə vurduğu zərbədən danışılır.

Folklorşünas, filologiya üzrə doktor, professor Ramazan Qafarlı yazır ki, keçmişdə papaq yox, xurcun, torba, qurşaq atılıb:

“Papaq qeyrət, namus, yaylıq abır-həya rəmzidir. Papaq və yaylıq insandan yuxarıda yerləşdiyi üçün Yaradana daha yaxındır. Papağın və yaylığın ayaqlar altına atılması, pay tələb edilməsi, əslində, aşağılıqdır. Qadının baş örpəyi ancaq savaşın, qan tökməyin qarşısı alınarkən araya atılırdı. Evin bacasından xurcun, torba sallamaq, yerə qurşaq sərməklə bağlı qədim adət ölkəmizin müstəmləkə çağlarında papaqla əvəz edilmişdir

Göründüyü kimi, məsələnin mahiyyətində türk törəsini qorumaq dayanır. Bu törələri qorumaq ona görə vacibdir ki, sovet ideoloji maşını və repressiya aparatı qarşısında xalqımız Novruz bayramının timsalında öz milli identifikasiyasının əsas dayaqlarından birini mühafizə edib.

Professor Cəlal Qasımov “Novruz bayramı milli-mənəvi dəyərlərin repressiyası kontekstində” kitabında yazır:

Bolveşik ideoloqları nəyi unudur, yaxud nəyi bilmirdilər:

- Novruz, sadəcə olaraq, bir bayram yox, Azərbaycan xalqının ritual-mifoloji yaddaşının funksional formulu, mifik-kosmoloji düşüncə ilə yaşayan türk etnosunun gerçəkliyə münasibətinin etnopsixoloji mexanizmidir...

- Novruz bayramı əski türkün məkan-zaman haqqında bütün görüşlərinin yaddaş modeli və bu modelin funksional sistemidir...

- Yaddaş hərəkətə gəlməklə etnosu yaşadır: etnos yaddaş formulları əsasında funksionallaşır

- mövcudluğunu qoruyur və inkişaf etdirir...

- Etnosun fiziki-mənəvi təcrübəsinin bütün aksioloji dəyərləri ilkin kökdən başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini epoxalar) boyunca Novruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə – etnoenergetik sistemə çevirir...

- Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını keçirən etnos qapalı-dövrəvi ritmlə ondan keçməklə hər dəfə özünü etnoenergetik arxetiplərlə təchiz edir...

Deməli, “torba sallamaq” adətimiz “papaqatdı”ya çevriləndə arxiteplərimiz dəyişir.

Bu isə heç də təqdirolunacaq bir dəyişiklik deyil, yaddaşın, etnopsixologiyanın deformasiyasıdır.

Qeyd: Yazının hazırlanmasında Sevinc Qasımovanın “Azərbaycanda Novruz ənənə və inancları” kitabından (Bakı, 2018) istifadə olunub.

Taleh ŞAHSUVARLI