Rusiya İbrahimbəyovu dəstəkləyir? - Rəy

23 İyul 2013 14:39 (UTC+04:00)
Kremlin apardığı hazırkı siyasətin ideoloqu kimi tanınan Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin avqust ayında nəzərdə tutulan Putin-Əliyev görüşü öncəsi "Kavpolit" internet qəzetinə maraqlı açıqlamalar verib.

Modern.az saytı xəbər verir ki, öz açıqlamasında A.Duqin Rusiya-Azərbaycan əlaqələrinin hazırda çətin bir mərhələdə olduğunu dilə gətirib.

"Azərbaycan mövqeyini dəyişməlidir. Bölgədəki güc mərkəzlərinin dəyişdiyi bir dövrdə bu labüddür", – deyən politoloqun fikrincə, ABŞ və bütövlükdə Qərblə yaxınlaşma Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana keçməsi ilə nəticələnə bilər.

"Putinin Əliyevlə ciddi söhbət etməsi və durumun aydınlaşması gərəkdir. Rəsmi Bakı ərazi bütövlüyünün zamini olaraq ABŞ, ya da Türkiyəni deyil, Rusiyanı görməlidir... Rusiya Azərbaycana böyük rəğbətlə yanaşır. Dost və müttəfiq olaraq ona ehtiyac duyur. Hazırda Moskva, Bakı, Yerevan və Tehran birlikdə Qarabağ münaqişəsini həll etməlidirlər. Ancaq ABŞ və Avropa Birliyi (AB) bu məsələdən kənarda qalmalıdır".

A. Duqin Rusiya prezidenti V. Putinin Azərbaycana gözlənilən rəsmi səfərinə toxunaraq qeyd edib:

"Putin öz dostu və qardaşını ziyarət eləmək üçün Bakıya gedir. O, Bakıda necə danışacaq? ABŞ və Avropa Birliyi rədd edilsin! NATO və Avropa Birliyi layihələri təxirə salınsın!".

Beynəlxalq Avrasiya Hərəkatı liderinin fikrincə, rəsmi Bakının ABŞ-ı dəstəkləməkdən vaz keçdiyi təqdirdə danışıqlarda problemlər yaşanmayacaq.

Müsahibəsində A.Duqin Azərbaycan müxalifətini birləşdirən Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahiməyovun Kremlin dəstəyinə malik olub-olmamasına da aydınlıq gətirib.

"Moskvanın İbrahimbəyovu dəstəkləməsinə dair dəqiq bir şey söyləyə bilmərəm. İbrahimbəyovla danışıqlar aparılır, ancaq hələ son qərar verilməyib".

AzNews.az