Bu yay mövsümündə 529 əlil istirahətə göndərildi

23 İyul 2013 15:26 (UTC+04:00)
Cari ilin yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 529 nəfər əlilin ölkənin istirahət və sağlamlıq mərkəzlərində istirahəti təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 349 nəfəri Qəbələ, 180 nəfəri isə Lənkəran rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Mövsümün sonuna kimi daha 500 nəfər əlil istirahət guşələrinə yola salınacaq.

Qeyd edək ki, tədbir "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" çərçivəsində təşkil olunur. Proqrama uyğun olaraq, il ərzində min nəfərdən çox əlilin istirahətinin təşkili nəzərdə tutulur.

İstirahət mərkəzlərində xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, stolüstü oyun (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), futbol və voleybol yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), göldə üzgüçülük və ətraf rayonlara gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq kimi tədbirlər həyata keçirilir.

AzNews.az