"Qarabağ" yoldaşlıq oyunu çərçivəsində "Qalatasaray"a məğlub olub (VİDEO)

26 Mart 2023 22:49 (UTC+04:00)

Bu gün Azərbaycanın "Qarabağ" klubu ilə Türkiyənin "Qalatasaray" klubu arasında yoldaşlıq oyunu keçirilib.

Aznews.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray"ın heyətində qolları B.Qomis (4-cü dəqiqə) və M.İkardi (87) vurublar. "Qarabağ"ın yeganə qolunu 19-cu dəqiqədə R.Cica vurub.

Qeyd edək ki, bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.