"Bütün bunlar general Əli Nağıyevin gərgin və danılmaz əməyinin nəticəsidir" - MİLLƏT VƏKİLİ

28 Mart 2023 15:09 (UTC+04:00)

- Cənab Nağıyev, öncə Sizi Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibəti ilə təbrik edirik.

- Təşəkkür edirəm. Azərbaycan xüsusi xidmət orqanları dövlət təhlükəsizliyimizin keşiyində duran bir strukturdur. Öz peşə spesifikasına görə, bu orqan məxfi şəraitdə fəaliyyət göstərir və buna görə də əməkdaşları göz önündə olmur. Mən də fürsətdən istifadə edib bu gün münasibəti ilə bütün xüsusi xidmət orqanları əməkdaşlarını, rəhbər heyətini öz tərəfimdən təbrik edirəm. Fəxr edirəm ki, omrümün yarısından çoxunu bu orqanda çalışmışam.

- 104 il öncə Azərbaycan kəşfiyyatı yeni yaranmışdı. Buna baxmayaraq sonralar SSRİ Nazirlər Soveti sədrinin müavini olmuş məşhur Lavrenti Beriyanı öz agenti kimi fəaliyyətə cəlb etmişdi. Bu inanılmaz bir hadisə idi..

- Lavrenti Beriyanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsi tarixi həqiqətdir. Bu həmin dövrdə tam məxfi məlumat idi. Ancaq sonralar Beriyanın məhkəməsində ittiham aktında yer aldı və Beriya özü də Azərbaycan kəşfiyyatı ilə əməkdaşlığını danmadı. Ancaq konkret olaraq onun necə, kimin tərəfindən əməkdaşlığa cəlb edilməsi açıq deyil. Bütün hallarda, bu addımın atılması cəlb edən orqanın hüquqlarına və maraqlarına uyğun həyata keçirilib.

- Sovet dövründə xüsusi xidmət orqanlarında daha çox erməni və ruslar xidmət edirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan DTK-nın sədri olduqdan sonra xüsusi xidmət orqanlarında təmizləmə apararaq milli kadrları önə çəkdi. Xüsusi xidmət orqanlarında Heydər Əliyev necə xatırlanır?

- Ulu Öndər Heydər Əliyevin sovet dönəmində- 1944-cü ildən başlayaraq 1969-cu ilə qədər xüsusi xidmət orqanında işləməsi Azərbaycan üçün böyük tarixi töhfələr verib. Məhz Heydər Əliyevin sayəsində DTK-nın kadrları və fəaliyyəti milliləşib. Məlumdur ki, başda ermənilər olmaqla bir sıra millətlər həmişə çalışıblar ki, xüsusi xidmət orqanlarında nümayəndələri daha çox olsun. Bu çoxluqdan da istifadə edərək öz məkrli siyasətlərini daim həyata keçiriblər. Hətta xüsusi xidmət orqanlarında onlar çox təmsil olunduğundan 30-cu illərin repressiyalarında Azərbaycan ziyalı elitasına böyük zərbələr vurublar. Lakin Ulu Öndər DTK sədrliyinə gəldikdən sonra qarşısına qoyduğu ən böyük məsələ orqanın milliləşdirilməsi olub. Məhz Ulu Öndərin apardığı siyasətin nəticəsidir ki, xüsusi xidmət orqanları öz işini peşəkarcasına qura bilir. Heydər Əliyev əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərinə qədər, yəni leytenant rütbəsindən general-mayor rütbəsinə qədər bütün etapları, mərhələləri keçmişdi. Onun rəhbərliyi altında unikal əməliyyatlar keçirilib. Unutmaq lazım deyil ki, Azərbaycan İranla həmsərhəddir və SSRİ dövründə sərhəd respublikası kimi Azərbaycan DTK-nın xüsusi tapşırıqları vardı.

- Etiraf edək ki, Azərbaycan xüsusi xidmət orqanları bir müddət gözdən düşmüşdü. Generallar və yüksək rütbəli zabitləri həbs edilmişdi. Necə düşünürsünüz, general-polkovnik Əli Nağıyevin rəhbərliyi altında DTX bu ləkəni öz üzərindən ata bildimi?

- Bəli, qeyri-peşəkar bir sıra insanlar Azərbaycan xüsusi xidmət orqanlarının nüfuzuna ciddi zərbə vurmuşdular. Müxtəlif orqanlardan transfer olunan və demək olar ki, işinin peşəkarı olmayan şəxslərə həvalə olunmuş müəyyən hissələr, istiqamətlər çox ciddi problemlərlə üzləşmişdi. General-polkovnk Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunandan sonra kadların seçimində peşəkarlıq əsas götürüldü. Müavinlər, baş idarə rəisləri və digər qurumların rəhbərləri həmin orqandan çıxmış, eyni zamanda həmin orqanın işini yüksək səviyyədə bilən əməkdaşlardan ibarətdir. Ona görə də düşünürəm ki, Əli Nağıyevin təyinatından sonra Dövlət Təhlükəsizlik Xidmətinin nüfuzu olduqca yüksəkdir. Eyni zamanda keçirilən əməliyyatlar da göz qabağındadır. Bu gün təkcə ictimai-siyasi aktivlər arasında deyil, ucqar kəndlərdə də Dövlət Təhlükəsizlik Xidmətinə böyük bir rəğbət var. Azərbaycan xalqı başa düşür ki, onu müstəqilliyini, təhlükəsizliyini qoruyan, təmin edən bir qurum var. Bütün bunlar Əli Nağıyevin gərgin və danılmaz əməyi ilə bağlıdır.

\

Arzu Nağıyev

- 44 günlük müharibə dövründə Azərbaycan kəşfiyyatının göstərdiyi xidmətlərdən də ağızdolusu danışılır. Hərçənd bu elə sahədir ki, görünməyən qatlar və qəhrəmanlar daha çoxdur...

- 44 günlük müharibədə də Azərbaycan xüsusi xidmət orqanları özünü yüksək səviyyədə göstərdi. Düşmən dezinformasiyana qarşı mübarizə son dərəcə peşəkar aparıldı. Eyni zamanda xüsusi təyinatlıların apardığı əməliyyatlar, Ermənistan xüsusi xidmət orqanlarının fəaliyyətinin iflic edilməsi qələbəmizdə misilsiz rol oynadı. Bu barədə sənədli filmlər də çəkilib. Eyni zamanda, müharibədən sonrakı dövrdə uğurla aparılan anti-terror əməliyyatlarından danışmaq olar. Müharibə bitsə də, hələ münaqişə bitməyib. Ermənilər də öz havadarları vasitəsilə bu istiqamətdə ciddi addımlar atır. Azərbaycan xüsusi xidmət orqanlarının əsas işi informasiya almaq, təhlil etmək və onu əsasında müvafiq qərarlar qəbul etməkdir. Bu baxımdan DTX öz işinin öhdəsindən mükkəmməl gələ bilir.

- Bu yaxınlarda Ermənistan MTN-nin zabiti DTX tərəfindən ifşa olunmuşdu. Dünən isə DTX tərəfindən İran agentləri ifşa olundu. İran casus şəbəkəsinə qarşı əməliyyatlar davam edəcəkmi?

- Ermənistanın xüsusi xidmət orqanlarına qarşı DTX daim tətikdədir. Bu tək Ermənistanla bağlı deyil. Son əməliyyatlardan da gördüyümüz kimi, İran xüsusi xidmət orqanlarının, radikal dini qrupların Azərbaycana qarşı təşkil etdiyi təxribatların qarşısı alınır və bu istiqamətdə də çox peşəkar, professional tədbirlər həyata keçirilir. Vətənə xəyanət- Cinayət Məcəlləsinin ən ağır maddəsidir. Vətənə xəyanət edənlər bilməlidir ki, ölkənin xüsusi xidmət orqanları sayıqdır və istənilən tapşırığı yüksək peşəkarlıqla icra etməyə qadirdir.

Rəşid QARAYEV,

AzNews.az