Fransa kimi dövlətlər azərbaycanlıların Laçına dönməsini istəmirlər - Millət vəkili

29 Mart 2023 14:47 (UTC+04:00)

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna xüsusi nümayəndə təyin etdiyi zaman dedikləri əminəm ki, Ermənistandan da çox bizə düşmən kəsilən digər mənfurları qıcıqlandırır. Söhbət ilk növbədə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə aparılan quruculuq işlərindən gedir. Diqqət yetirdinizsə, dövlətimizin başçısı bildirdi ki, onlardan biri- Laçın dünyanın ən gözəl və yaşamalı şəhərlərindən olacaq. Və ora uzağı 2025-ci ilin əvvəlinə təyyarə ilə də gedə biləcəyik ki, bizm dörd bir yanımızda hələ indiyə qədər heç kim belə mürəkkəb relyefi olan yerdə hava limanı tikməyib. Bunu savaşdan təzə çıxan, işğal zamanı torpaqlarının 20 %-də bütün infrastruktur dağılmış, yaşayış məntəqələrinin demək olar ki, hamısının altı-üstünə çevrilmiş Azərbaycan, ancaq öz gücünə, öz potensialına dayanaraq reallaşdırır, təsəvvür edirsinizmi?
Minlərlə laçınlı artıq bu ildən doğma şəhərlərində, eləcə də Zabux və Sus kəndlərində yaşamağa başlayacaqlar. O yerlərdə ki, təkcə haylar deyil, cənab Prezidentin riyakar adlandırdığı Fransa kimi dövlətlər də, oralara azərbaycanlıların dönməsini qətiyyən istəmirdilər, bu gün də həzm edə bilmirlər.

Nə yazıqlar ki, həzm edə bilməyənlərin başında da qonşu İran gəlir. Mən əminəm ki, savaşda əldə etdiyimiz qələbə kimi, işğal zamanı son daşınadək sökülən şəhər və kəndlərimizin yerində əvvəlkilərdən qat-qat gözəl və funksionallarının salınması da o ölkəni qıcıqlandırır. Çünki İranda yaşayanlar, ilk növbədə də azərbaycanlılar iki idarəçilik modeli arasındakı kəskin fərqdən bərk təsirlənir və rejimə qarşı nifrətləri daha da artır.

Onlar Arazın bu tayındakıların özlərindən təkcə müqayisə olunmayacaq dərəcədə azad və sərbəst yaşamadıqlarını görürlər. Onu da görürlər ki, İranın qaz və neft ehtiyatları Azərbaycandan qat-qat çox olduğu halda burada insanlar daha yaxşı dolanır, şəhər və kəndlərimiz özlərininkindən xeyli abaddır, ardıcıl olaraq aparılan quruculuq işləri isə aradakı fərqi durmadan artırır. Niyə? Çünki Azərbaycan dövləti əldə etdiyimiz gəlirləri Suriyada, Livanda, İraqda, Yəməndə və daha bir neçə ölkədə proksilərin, terror şəbəkələrinin saxlanmasına yox, xalqın rifahının yaxşılaşdırılmasına, şəhərlərin, kəndlərin abadlaşdırılmasına xərcləyir.
Tehran rejimi təbii ki, bunu özü üçün böyük təhlükə sayır, o üzdən də dövlətimizə qarşı düşmənçilik siyasətini yeritməkdə davam edir və edəcək.

Prezident İlham Əliyev Laçın rayonu üzrə xüsusi nümayəndəsinə insanlar doğma yurdlarına döndükdən sonra orada torpaqların zəbti, meşə fondunun məhvi və digər xoşagəlməz hallara “dözümlülük sıfır dərəcəsində olmalıdır” dedi.

Hay nasistləri Şərqi Zəngəzurda 60 min hektar meşəni necə vəhşicəsinə kəsib-doğramışdılarsa, bax, bu gün fars şovinistləri eyni hirslə bizim mənəvi mühitə zərbə vurmaqdadırlar. Mənəvi mühitin korlanması isə təbii mühitinkindən heç də az fəlakət vəd etmir. Ona görə də Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlərə, bu ölkədə xurafatçılıq, məzhəb qarşıdurması yaymağa çalışanlara casusluq, trolluq edən, onların tapşırığı ilə durub-oturanlara da cəmiyyət və fərd olaraq artıq dözümlü yanaşmaya son qoymalıyıq.

Yoxsa meşələr kəsiləndə bulaqlar quruduğu kimi burada yaxşı nə varsa, hər şey yoxa çıxa, təkcə qara çadralılar deyil, həm də qaragünlülər ölkəsinə çevrilə bilərik.

Sahib Alıyev

Millət vəkili