"İranın agentura şəbəkəsi Fazil Mustafanı təhdid edirdi" - Oqtay Qasımovla müsahibə

29 Mart 2023 16:47 (UTC+04:00)

Dünən saat 21:51 radələrində Milli Məclisin deputatı Fazil Mustafaya evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən atəş açılıb. Açılan atəş nəticəsində millət vəkili sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb. Hadisə üzrə aidiyyəti qurumlar müvafiq prosesləri icra etməyə başlayıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yayılan məlumatda hadisə terror aktı kimi xarakterizə olunub.

AzNews.az analitik-informasiya portalının suallarını mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov cavablandırır:

- Cənab Qasımov, hazırda Fazil Mustafanın səhhəti necədir?

- Hazırda Fazil bəyin durumu normaldır. O ikinci dəfə əməliyyat olunub. Əməliyyət uğurlu keçib. Hazırda həyati təhlükəsi yoxdur, özünü normal hiss edir. Bu hadisə birmənalı şəkildə terror hadisəsidir. Çünki ilkin mənzərə göstərir ki, sui-qəsdi həyata keçirən terrorçu bu işi əvvəlcədən planlaşdırıb. Fazil bəyin evinin qarşısında özünə mövqe seçib və o evinə yaxınlaşdığı zaman 8 güllə atıb. Güllələrdən ikisi Fazil bəyə xəsarət yetirib. Fazil Mustafa uzun zaman idi ki, müxtəlif təhdidlər alırdı, bununla bağlı məlumatlar da mövcud idi. Buna səbəb Fazil bəyin tutduğu mövqe idi. O Azərbaycanda destruktiv fəaliyyətlə məşğul olan agentura şəbəkələrinə sahiblik edən ölkələrlə bağlı kəskin fikirlər səsləndirirdi. Bu da həmin ölkələrdə ciddi şəkildə narazılıq yaradırdı. Həmin ölkələrin və qurumların Fazil bəyə münasibəti ortada idi. Bu təhdidlər bir çox hallarda sosial şəbəkələr üzərindən də edilirdi.

- Hazırda Fazil Mustafanın özünə və ailə üzvlərinə qarşı yeni təhdidlər, təhlükələr varmı?

- Terror elə hadisədir ki, bundan kimsə sığortalanmayıb. Nəzərə almalıyıq ki, Cənubi Qafqaz hazırda ciddi şəkildə geopolitik mübarizənin əsas məkanlarından birinə çevrilib. Burada müxtəlif dövlətlərin maraqları toqquşur. Həmin dövlətlərin kəşfiyyatları burada ciddi şəkildə mübarizə aparırlar. Müxtəlif ölkələr Azərbaycana təzyiqlər etməyə çalışırlar, bu təzyiq və təhdidlərin də bir forması terror hadisəsidir. Ona görə də bu cür terror cəhdlərinin təkrarlanacağı istisna deyil. O baxımdan, əlbəttə ki, elə təhlükələr qalmaqdadır. Dünyanın heç bir ölkəsində terroru tam şəkildə sıfırlamaq demək olar ki, mümkün deyil. Amma onun əhəmiyyətli dərəcədə qarşısını almaq mümkündür. Mən inanıram ki, Azərbaycan hüquq mühafizə orqanları qısa müddətdə bu terrorun təşkilatçılarını və onun icraçılarını müəyyən edərək qanun qarşısına çıxaracaqlar. Bununla onlar öz layiq olduğu cəzanı alacaqlar.

- Siz hadisədən necə xəbər tutdunuz? Dünən hadisədən dərhal sonra Fazil Mustafanı sevənlərin bir qismi evinin və xəstəxananın qarşısına gəlmişdi. Hadisə ilə bağlı ümumi fikir necə idi?

- İlk olaraq yaxın şəxslərdən məlumat aldım. Dərhal evinə getdik, amma yarı yolda məlum oldu ki, artıq Fazil bəy xəstəxanaya aparılıb. Ona görə də xəstəxanaya getdik. Xəstəxanadakı proseslərdən ictimaiyyət də artıq xəbərdardır. Biz sonuna qədər onun yanında olduq. Əməliyyat olunduqdan və yeri dəyişdiriləndən sonra artıq tam şəkildə rahatlandıq ki, həyati təhlükə sovuşub, Fazil bəy artıq həm sağlamlıq, həm də mühafizə baxımından təhlükəsiz vəziyyətdədir. Ondan sonra geriyə döndük. Bu gün də xəstəxanada olan yaxınları ilə müntəzəm şəkildə əlaqə saxlayırıq. Onun vəziyyəti ilə bağlı daim məlumatlıyıq. Bir az əvvəl də əlaqə saxladıq və onun özünü yaxşı hiss etdiyi, ikinci əməliyyatın da uğurlu keçdiyi barədə məlumat aldıq.

- Hər bir terror aktının törədilməsində məqsəd cəmiyyətdə xof yaratmaq olur. Necə düşünürsünüz Fazil Mustafaya qarşı törədilən akt Azərbaycan cəmiyyətində xof yaratdı, yoxsa Azərbaycan cəmiyyətini daha da birləşdirdi, daha da ayıq-sayıq etdi?

- İstənilən terror hadisəsinin bir məqsədi olur. O da terrorun hədəfi olan dövlətlərdə müəyyən qədər xofun, tədirginliyin, qorxu hissinin yaradılmasıdır. Törədilən terror aktı yalnız Fazil Mustafaya qarşı törədilməyib, ona atılan güllə Azərbaycan dövlətinə qarşı atılmış güllə kimi qəbul edilməlidir. Bunun da cavabı qəti şəkildə veriləcək. Terror hadisəsi üzərindən Azərbaycana bir mesaj verilməyə çalışdılar. Əlbəttə ki, bu mesajlar alındı və cavabı veriləcək. Bəs, bu terror hadisəsi Azərbaycanda qorxu hissini gücləndirəcəkmi? Mən düşünürəm ki, bu hadisə Azərbaycan cəmiyyətini daha da sıx birləşdirirdi. Azərbaycana qarşı təhdidlər cəmiyyətin birliyini artırır. Terroru törədən və arxasında duran qüvvələrin, dövlətlərin də müəyyən edilməsi ilə bağlı cəmiyyətdə müəyyən fikirlər mövcuddur. Son sözü isə hüquq mühafizə orqanlarının araşdırmalarından sonra ortaya çıxacaq həqiqətlərə uyğun demək olar.

- DTX dünən gecə açıqlama yayaraq bu hadisəni terror aktı kimi qiymətləndirdi. Ancaq bir sıra müxalif siyasi partiya rəhbərləri məsələni adi kriminal kimi qələmə verməyə çalışırlar. Sizcə, bu, həmin terror aktının arxasında duranlarla “mənəvi həmrəylik” nümayiş etdirilməsi deyilmi?

- Belə bir hadisənin adi məişət hadisəsi, kriminal kimi dəyərləndirilməsi ən azı vicdansızlıqdır. Bu artıq ya həddən artıq cahillk və qərəzlilik, ya da siyasi korluqdur. Söhbət Fazil Mustafaya qarşı törədilən terrordan getmir, söhbət Azərbaycana qarşı olan təhdidlərdən gedir. Bunu necə adi məişət məsələsi kimi dəyərləndirmək olar? Adam gəlib Fazil Mustafanın evinin qarşısındakı hasarın arxasında mövqe seçir və gözləyir Fazil Mustafa evinə gəlib maşını saxladığı zaman ona hücum etsin, terror aktı törətsin. Fazil Mustafanın kimləsə şəxsi qərəzi, ədavəti yoxdur, hansısa neqativ hadisədə adı hallanmır. Azərbaycan siyasətində ən şəffaf, ən dürüst adamlardan biridir. Dürüst, şəffaf, açıq fikirli, sözünü hər zaman açıq şəkildə deyə bilən biridir. Bu Fazil Mustafanın şəxsində Azərbaycan dövlətinə qarşı yönəlmiş bir cinayətdir, terror hadisəsidir və qəti şəkildə pislənməlidir. Onu törədənlərə qarşı ciddi şəkildə mübarizə aparılmalıdır.

- Türkiyə ilə Ermənistan arasında baş tutan futbol matçında orada “Nemesis” şüarı qaldırılmışdı. Bu olayın arxasında İran və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlığının olması nə qədər inandırıcıdır?

- Cənubi Qafqaz bölgəsində vəziyyət o qədər qarışıqdır ki, kimin kimlə dost, kimlə düşmən olduğunu müəyyən etmək çətindir. Hər şey ola bilər. Son dövrdə Ermənistanla İran arasında münasibətlər o qədər dərinləşib ki, onlar Azərbaycana və Türkiyəyə qarşı ciddi şəkildə birgə fəaliyyət göstərirlər.

- Azərbaycanda ictimai rəy bu yöndədir ki, hadisənin arxasında İranın xüsusi xidmət orqanları dayanır. Bununla bağlı sizin versiyanız necədir?

- Ən azından Azərbaycan hüquq mühafizə orqanları bu məsələyə tam şəkildə yekun vurana qədər bunlar ehtimallardır.

- Ancaq ictimai rəyin bu yöndə inkişaf etməsində İranın da rolu az deyil. Bu mənada ki, İran son zamanlar Azərbaycana qarşı əsl düşmənçilik siyasəti aparır...

- Bəli. Cəmiyyətdə bunun İran tərəfindən təşkil olunduğu qəbul edilir və bu da əsassız deyil. Çünki son bir neçə ildə Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi nümayiş etdirməsi, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı və Fazil Mustafanın özünə qarşı agentura qrupları tərəfindən edilən təhdidlər cəmiyyətdə bunun arxasında İranın olması fikrini yaradır. İranın son dövrlər həbs olunan xeyli sayda agentura şəbəkəsinin nümayəndələri Azərbaycanda ictimai və siyasi müstəvidə tanınmış şəxslərə qarşı sui-qəsdlərin təşkil edilməsi ilə bağlı tapşırıq aldıqlarını etiraf ediblər. O baxımdan diqqətlər daha çox İrana yönəlir. Hər halda son sözü Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin əməliyyat qrupları, məhkəmə deyəcək. Bir müddət əvvəl supermarketdə törədilən terror aktının təşkilatçısı və icraçısı qısa müddətdə zərərsizləşdirildi. Düşünürəm ki, eyni şəkildə, qısa müddət ərzində Fazil Mustafaya qarşı törədilən bu terror aktının təşkilatçısı və icraçıları müəyyənləşdiriləcək.

Rəşid QARAYEV

AzNews.az