İranın və AXCP-nin Saatlıda bulandırdığı su

30 Mart 2023 13:03 (UTC+04:00)

28 aprel 2021-ci ildə AXCP sədri Əli Kərimlinin növbəti doğum günü idi.

Məlum olduğu kimi, o, 1965-ci ildə Saatlı rayonunun ərazisindəki Azadkənddə dünyaya göz açıb.

İki il öncə AXCP sədrinin ad günü ərəfəsində Saatlıda bir qrup kəndli ayağa qalmış, əkin sahələrinə su tələb etmişdi.

O günlərdə bir çox AXCP fəalları, o cümlədən partiyanın Saatlıdan olan bəzi üzvləri lokal etirazları “həmyerlilərinin Əli Kərimliyə ad günü hədiyyəsi” kimi təqdim edirdilər.

Əlbəttə, AXCP sədri siyasi hazırlığı aşağı olan bu tərəfdarlarının təqdimatından, göstərdikləri “ayı xidməti”ndən narahatlıq keçirməyə bilməzdi.

Bütün bunları təsadüfən xatırlatmadıq.

Artıq 3 ildir ki, hər yaz Saatlıda suvarma problemi ilə bağlı narazılıqlar açıq etiraz forması alır.

Öz coğrafiyasına görə, Saatlının suvarma problemi ilə üzləşməsi təbiidir. Sovet dövründə Mil-Muğan bölgəsində kənd təsərrüfatını inkişaf etdirmək üçün kanallar, kollektorlar çəkilib, drenlər qazılıb. O dövrdə özəl təsərrüfatlar olmadığından sudan vətəndaş razılığına və ya narazılığına əhəmiyyət verən də olmayıb.

Müstəqilliyin ilk illərində ölkəmizin bir çox yerlərində olduğu kimi, əkin-biçin işləri Saatlıda da axsadığından şəxsi təsərrüfatlarda suvarma problemləri o qədər də nəzərə çarpmırdı. Son bir neçə ildə isə, hər yerdə olduğu kimi, bu rayonda da əkin-biçin işləri intensivləşib. Odur ki, hər zaman eyni kanallardan, eyni kollektorlardan, eyni drenlərdən eyni miqdarda axan su fermerlər üçün qıt olub. İndi dövlət və hökumət bu qıtlığı aradan qaldırmaq üçün yollar arayır, yeni layihələr hazırlayır.

Təbii şərtlərlərə bağlı olan və obyektiv səbəblər üzündən meydana çıxan problemlər qarşısındakı kəndlilərin narazılığından isə siyasi çıxar əldə etmək istəyənlər, əlbəttə, həmişə tapılacaq.

Bunlardan birincisi, heç şübhəsiz ki, Saatlıda anadan olmuş AXCP sədri Əli Kərimlidir. O, obyektiv su çatışmazlığından yaranan emosiyaları həm qızışdırmağa, həm də ondan faydalanmağa maraqlıdır. Təzahürlərini az sonra açıqlayacam.

İkincisi, Saatlı camaatı zəhmətkeş, qoçaq, elmə, təhsilə meyilli, fanatizmdən uzaq olsa da, son illər rayonda İran təsiri xeyli güclənib. Bunun iki mühüm səbəbi var. İlki rayonun İrana yaxın olmasıdır. Digər nədən isə, Arazqırağı rayonlarımızda əhalinin az qala hamısının ənənəvi şiə məzhəbinə mənsub olmasıdır. Bu da digər qonşu rayonlar kimi, Saatlını da destruktiv təsirə məruz qoyur və İran bölgələrdəki ənənəvi şiəliyi öz ideologiyası ilə əvəz etməyə çalışır.

Əgər bir bölgədə davamlı sosial problem və üstəlik bu problemlərdən istifadə edərək Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün rıçaqlar varsa, münasibətlərin son dərəcə gərgin olduğu bir dövrdə İran bu imkanı əldən verərmi?

Verməz!

Buyurun, Saatlıda keçirilmiş aksiyada xəsarət alan Abuzər Soltanovun anası, kamera önünə çıxarılmazdan öncə təlimatlandırıldığı açıq şəkildə hiss olunan Bahar xanımın müxalifət media kanallarına verdiyi açıqlamalardakı ifadələrə diqqət yetirək. O, baş verənlərə dini məzhəb çalarları verməyə çalışır: “Kərbəlaya and olsun mən düz deyirəm”, “polis dedi ki, Allah su verəndir?” Bundan başqa, o, “yezid”, “su”, “firon”, “zalım hökumət” sayaq ifadələri işlətməklə az qala Əli Kərimlinin müdafiəsinə qalxdığı Hacı Taleh kimi danışır.

AXCP-nin Hacı Talehlərlə əməkdaşlığı və işbirliyi təzə məsələ deyil. Biz Gəncə (2018) və Nardaran (2015) hadisələrində də AXCP-nin İrandakı molla rejimin Azərbaycandakı əlaltılarına qıy verdiyini görmüşük. Hazırda isə Bəxtiyar Hacıyevin müxalifət düşərgəsində “qaynatdığı samovar”dan sonra qərbyönümlü aktiv sosial qruplar imic böhranı keçirir və bunun fərqində olan Əli Kərimli dini kəsimlərə daha çox nüfuz etmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Bir tərəfdən dini kəsimlərə xitab edən AXCP, digər tərəfdən də öz mövcudluğunu sübut etmək, Qərb dairələrinə “ayaqdayam” mesajı verərək yan-yörəsindəki QHT-lər vasitəsi ilə böyük məbləğdə qrantlar almağa çalışır.

Aldığı qrantların cüzi bir hissəsini xərcləyib Əli Kərimli Saatlıda bircə artezian vurduracaqmı?

Ağlım kəsmir!

Fəqət Saatlıda bircə artezian quyusu qazdırmağa gəlməyən əli ilə Kərimli, kərimliçilər və kəriməçilər etirazları kampaniyaya çevirməyə, əvvəlki illərlə müqayisədə sönük keçən aksiyaları “izdihamlı hadisə” kimi təqdim etməyə çalışır.

“Azad söz” kanalında Tural Sadıqlı ondan qabağa gedərək Azərbaycan dindarlarını İranın bayrağı altında təşkilatlandırmağa cəhd edir.

Ümumi mənzərədən ortaya çıxan nəticə budur ki:

- İran mollaları Saatlıdakı suvarma problemlərindən yeni insidentlər törətmək üçün yararlanmaq istəyir;

- Bu məsələdə mollalarla AXCP-nin maraqları tam üst-üstə düşür.

- İranın sifarişi ilə işləyən mühacir internet TV-ləri, “Azad soz” kimi kanallar insidentləri ölkə miqyasına yaymağa çalışırlar.

Taleh ŞAHSUVARLI