İsraildə nə baş verir?

30 Mart 2023 17:54 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi yeni hökumət bu ilin yanvar ayında and içdikdən sonra ilk gündən ölkənin hüquq sistemində islahatlar aparacağını bəyan edib. Netanyahunun başlatdığı islahatlar əhali arasında genişmiqyaslı aksiyalara, hökumət daxilində parçalanmalara və Qərb ölkələrinin sərt reaksiyasına səbəb olub. Bu lahiyənin əsas məğzi ölkə sistemini tamamilə iudaist qaydalarına uyğunlaşdırmaqdır. Bu qanun lahiyəsi ilə Netanyahu İsrail yüksək məhkəməsinin hökumət, İsrail parlamenti olan Knesset üzərində nəzarət gücünü aradan qaldıracaq mühüm dəyişikliklər etməyə çalışır. Təklif olunan bir neçə qanun layihəsi məhkəmənin konstitusiyaya zidd hesab etdiyi qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdıracaq və Knessetdə sadə səs çoxluğu da İsrail yüksək məhkəməsinin qərarlarının rədd edilməsinə zəmin yaradacaq. Təklif edilən əsasnamə ilə hakimlərin təyinatında hökumətə daha çox səlahiyyət veriləcək və hökümət hüquq sisteminə daha rahat müdaxilə edə biləcək. Bu və digər nəzərdə tutulan dəyişikliklər parlament üzərində məhkəmə nəzarətini zəiflədəcək, eyni zamanda məhkəmə sistemini siyasi təzyiqlərə daha həssas edəcək. İsrailin konstitusiyasının olmaması vəziyyəti daha da həssas edir.
Şübhəsiz ki, bu qərarın arxasında yatan daxili və xarici səbəblər var. İsrail cəmiyyəti Netanyahu və Anti-Netanyahu blokuna bölünüb. “Bibi” indiyə qədər bir-çox sınaqlardan çıxsa da, bu dəfəki müqavimət daha güclüdür. Netanyahu faktiki olaraq ordunu, müxalifəti və demək olar ki, bütün sistemi qarşısına alıb. Netanyahunun koalisiya ortaqları son zamanlar seçkilərdə az səs toplayırdılar, Netanyahuya qarşı istintaq, korrupsiya araşdırmaları onun işini çətinləşdirmişdi, lakin İran və HƏMAS-la problemlər ölkədə qütbləşmə sağ qismi onun ətrafında birləşdirirdi. Netanyahu son seçkilərdə hakimiyyətə gəlmək üçün İsrail tarixinin ən radikal koalisiyasını qurmağa məcbur qaldı. Koalisiyaya daxil olan Yahadut Ha Tora (Birləşmiş Tövrat Yəhudiliyi), ŞAS (Tövrat Qoruyucuları Partiyası) və Tsionit Datit( Sionist Dindarlar) və hademilər kimi təşkilatlar radikal dindar fikirlərlə seçilirlər. Onlar İsrail hüquq sisteminin tamamilə Tövrata uyğunlaşdırılmasını tələb edirlər.
İsrail yarı-teokratik qaydalarla idarə olunsa da və İudaizmin siyasətə təsiri olsa da, lakin sekulyar dövlətdir və sol yəhudilər tərəfindən qurulub. Dövlətin xarici və daxili siyasətinə solun böyük təsiri var. Digər tərəfdən İsraildə şəriət məhkəmələri olsa da, Ali məhkəmə önəmli balanslaşdırıcı rol oynayırdı. Misal olaraq, Netanyahunun Qəzza və İordan çayının qərb sahilində yəhudiləşmə planı Ali Məhkəmə tərəfindən İsrail qanunlarına zidd hesab edilmişdir. Bu isə Likudla Ali Məhkəmə arasında fikir ayrılığını artırıb. Hazırda İsraildə dini mərkəz olan Qüdslə iqtisadi mərkəz, daha çox Z nəslinin cəmləşdiyi Tel-Əviv arasında siyasi və demoqrafik toqquşma gedir. Hazırda baş verən etirazlar dinlə sekulyarlığın mübarizəsidir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi