Qərbi azərbaycanlılara qarşı deportasiyanın soyqırımı kimi tanınması üçün kifayət qədər əsaslar var - TƏHLİL

31 Mart 2023 11:57 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) ana prinsiplərindən biri də 2 Yerli Xalqların Hüquqları Haqqında Bəyannaməsidir və burada təsbit edilən hüquqların hamısı fundamental insan haqları kimi müdafiə olunan bəşəri dəyərlər toplusuna aiddir. BMT konvensiyasının vacib prinsiplərindən biri də bütün dünya dövlətlərinin yerli xalqların hüquqlarını, onların tarixi və mədəni irsinin qorunması və hörmət edilməsini təmin etməkdir ki, son illər bunun üçün təsirli tədbirlər görülməsinə ehtiyac yaranması BMT-nin özü tərəfindən etiraf edilir. Bunun üçün BMT İnsan Hüquqları Şurasında “Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizmi” kimi köməkçi orqan təsis edilib. Onun mandatı Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsində təsbit edilən yerli xalqların hüquqları, dini, tarixi və mədəni irsinin hörmət edilməsi və qorunması ilə bağlı Şuraya ekspert rəyi və məsləhətlər verməklə üzv dövlətlərə Bəyannamənin məqsədlərinə nail olmaqda vasitəçilik etməkdir. Əlbəttə, bu məsələdə üzv dövlətlərin problemlərə yanaşmasında səmimiyyəti vacib rol oynayır ki, deportasiya və repressiya siyasəti ilə monoetnik dövlət formalaşdırmış Ermənistandan belə səmimiyyət gözləmək sadəlövhlükdür. Ermənistanın da qəbul etdiyi “Yerli Xalqların Hüquqları haqqında Bəyannamə”də yerli xalqların bütün digər xalqlarla bərabər olduğu, eyni zamanda, onların bir-birindən fərqli olmaq, özlərini başqalarından fərqli hesab etmək hüququnun olması və bu hüquqa hörmət etmək öhdəliyi mövcuddur. Lakin bədxah qonşularımızın Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı deportasiya və soyqırımı siyasəti, yerli xalq kimi azərbaycanlıların bəşəriyyətin ümumi irsini təşkil edən sivilizasiyaların və mədəniyyətlərin müxtəlifliyinə və zənginliyinə töhfəsi olan etnik, milli və mədəni irsini dağıtması, mədəni və milli kodunun dəyişdirilməsi yönündə cinayətləri bəşəri cinayətlər olmaqla onun öhdəliklərinə ziddir.

Bu fikirləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva AZƏRTAC-a açıqlamasında söyləyib.

O bildirib ki, tarixən dünyanın diqqət mərkəzində olan regionumuzda istər XIX əsrdə, istərsə də XX əsrin əvvəllərində qlobal güc dairələrinin maraqlarının təmin edilməsində könüllü maşa rolunu oynayan Ermənistan həmin proseslərdə icraçı qismində iştirak etməklə öz çirkin siyasətini həyata keçirmək üçün geniş imkanlar əldə edib. Həmin proseslər çərçivəsində Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı bir neçə mərhələdə - 1905, 1918-1920, 1948-1956 və 1987-1988-ci illərdə deportasiyalar həyata keçirilib. Statistik və arxiv sənədləri ilə təsdiqlənən məlumatlara əsasən göstərilən dövrlərdə ümumilikdə Qərbi Azərbaycandan olan 1,5 milyon soydaşımız deportasiyaya məruz qalıb. Ermənistanda azərbaycanlıların yaşadığı 940 yaşayış məntəqəsindən 698-nin adı dəyişdirilib, həmin proses Qərbi Azərbaycandan olan soydaşlarımızın tam deportasiyasından sonra yekunlaşıb. Ümumilikdə isə soydaşlarımıza qarşı milli mənsubiyyət zəminində həyata keçirilən deportasiya və soyqırımı siyasəti onların məcburi köçürülməsi, milli-dövlət birləşmələrinin ləğvi, milli-ərazi sərhədlərinin və onların adlarının dəyişdirilməsi terror və zorakı üsullarla, cinayətlərlə müşayiət olunub. Azərbaycan isə Ermənistanın əksinə olaraq Vətən müharibəsindən sonra Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası prosesi istiqamətində tədbirlərə başladı, həmin ərazilərdəki erməni icmalarına müraciətlər ünvanlandı, dəfələrlə dövlət səviyyəsində onların Azərbaycan vətəndaşları olduğu bildirildi. Hər zaman götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan bu məsələdə də humanist yanaşma tətbiq edir. Ölkəmizin erməni əsilli vətəndaşlara qarşı sərgilədiyi münasibəti Ermənistan da nümayiş etdirməli, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdıb orada yaşaması məsələsinə müsbət yanaşmalı və milli, etnik mənsubiyyətə görə ayrı-seçkilik ideologiyasını aradan qaldırmalıdır. Görünən odur ki, xəmiri riyakarlıq, vəhşilik və mənimsəmə cəhətləri ilə yoğurulan ermənilərin reallıqlarla barışmaq, insanpərvər yanaşma prinsiplərinə gözünün ucu ilə də olsa baxmaq niyyəti yoxdur. Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasına da adət edilən reaksiyanı verən ermənilər BMT-nin həmin konsepsiyanı rəsmi sənədi kimi yaymasına mane ola bilmədilər. Bunun əsasında BMT-nin Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması, siyasi, iqtisadi, habelə mədəni və mənəvi ənənələrinə hörmət prinsipi durur. Bu, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması istiqamətində onların tarixinə və fəlsəfəsinə əsaslanan ayrılmaz hüquqlarına, xüsusən də öz torpaqlarına, ərazilərinə və sərvətlərinə olan hüquqlarına hörmətlə yanaşmanın təşviq edilməsi istiqamətində bir mərhələdir.

“Ermənistanın Azərbaycan xalqına qarşı dəfələrlə həyata keçirdiyi deportasiya siyasətinin soyqırımı kimi tanınması üçün beynəlxalq təşəbbüslər vacibdir. Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı Ermənistan tərəfindən təşkil edilmiş deportasiyasının soyqırımı kimi tanınması ilə bağlı müraciət üçün kifayət qədər əsaslar var. Ermənistanın Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı soyqırımı siyasətinin dünya ictimaiyyəti tərəfindən tanınması nəinki tarixi ədaləti bərpa edə, həm də gələcəkdə digər xalqlara qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almağa kömək edə bilər”, - deyə İctimai Birliyin sədri vurğulayıb.