Laçının deputatı dəhlizdəki son durumdan danışdı: “Qəti qadağandır”

31 Mart 2023 11:58 (UTC+04:00)

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşımızda duran əsas məsələlərdən biri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və bölgəyə davamlı və təhlükəsiz sülhün gəlməsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib.

Millət vəkili ötən gün ordumuzun Laçın istiqamətində nəzarətə aldığı ərazilərdən və bunun ordumuza vəd etdiyi üstünlüklərdən söz açıb.

M. Abbaszadə xatırladıb ki, bu məqsədlə Azərbaycan bir neçə dəfə Ermənistanla danışıqlar aparıb:

“İlk vaxtlarda Azərbaycan tərəfindən baza prinsipləri ermənilərə təqdim edilib. Amma son vaxtlar sülh danışıqları ilə bərabər, eyni zamanda görürdük ki Ermənistan tərəfi, regionda vəziyyəti gərginləşdirmək və hərbi ritorikanı inkişaf etdirməyə can atırdı. Belə məqsədlərdən biri Qarabağa Laçın yolu vasitəsilə silahların, minaların və canlı qüvvənin daşınmasını idi ki, bu da təbii ki, Qarabağın dağlıq hissəsində, ermənilər yaşayan ərazilərdə hərbi qarşıdurmanı gərginləşdirirdi.

Belə olan təqdirdə etiraz əlaməti olaraq uzun müddətdir ki, ekofəallarımız Laçın-Xankəndi etiraz aksiyaları təşkil edirlər. Lakin erməni tərəfi bu yoldan istifadəni dayandırıb, əvəzində Xəlfəli-Qaybalı yolundan qeyri-qanuni yüklərin daşınmasını həyata keçirirdi”.

Deputatın fikrincə, Azərbaycan ordusunun Laçın rayonunun Zabux və Cağazur kəndinin yuxarı hissələrindəki mövqeləri ələ keçirməsi Azərbaycana çox böyük üstünlük verdi:

“Çünki Qarabağdan çıxaraq Ermənistana gələn Laçın yolu deyilən ərazinin bir hissəsi Zabux və Sus kəndlərinin yüksəklərindən ordumuzun nəzarəti altında keçib. Belə olduğu təqdirdə, ordumuz demək olar ki, bu ərazilərdəki yollarla nəzarət edə bilirdi.

Birmənalı şəkildə bundan sonrakı münasibətlərdə Azərbaycan ordusunun bu yüksəklikləri əldə etməsi nəticədə Xankəndi-Laçın yoluna silahlı qüvvələrimizin nəzarət etməsinə gətirib çıxardı”.

Müsahibimiz söyləyib ki, yol yenə də humanitar məqsədlər üçün açıqdır, o yoldan yenə də istifadə edə bilərlər:

“Bütün hallarda isə bu yoldan hərbi məqsədlər üçün istifadə qəti qadağandır. Çünki istənilən halda Azərbaycan ordusu bu ərazilərə nəzarət edir. Bundan sonrakı mərhələdə isə əsas məsələ Laçın rayonu ərazisindən keçən Laçın-Xankəndi yolunda buraxılış məntəqəsinin qoyulmasıdır”.

“Hesab edirəm ki, bu istiqamətdə ciddi işlər gedir. Biz yaxın gələcəkdə sərhəd-keçid məntəqəsinin olmasını görəcəyik. Bu da imkan verəcək ki, Azərbaycana daxil olan qeyri-qanuni daşımaların ala bilək. Beləliklə, regionda təhlükəsizliyi və sülhü təmin etmiş olacağıq”, – tamamlayıb.