Ekspert: Eyni qayda bu avtomobillər üçün də tətbiq olunacaq

31 Mart 2023 16:36 (UTC+04:00)

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Mövzu ilə bağlı suallarımızı nəqliyyat eksperti Fərhad Hüseynova ünvanladıq:

- Cənab Hüseynov, bu qərarı liberal bazar iqtisadiyyatı baxımından nə qədər düzgün hesab edirsiniz?

- Azərbaycanda 5-6 il bundan əvvəl avro 4, avro 5 standartlarına uyğun nəqliyyat vasitələrinin gətirilməsi nəzərdə tutulmuşdu. İllər keçdikdən sonra başa düşdük ki, elə nəqliyyat vasitələri var ki, həmin standartlara cavab versə də, yaşları çoxdur. Yəni başqa texniki göstəricilər var ki, avtomobilin köhnə olduğuna işarədir. Daha doğrusu, nəqliyyat vasitələri həmin konstruktiv qaydalara cavab vermir. Ona görə də yeni qərarəsasən 10 ildən artıq yaşı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi məhdudlaşdırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu çox yaxşı qərardır. Hətta mən istərdim ki, yaşı 5 ilə qədər olan avtomobillər üçün də eyni qayda tətbiq olunsun. İnanıram ki bu da olacaq. Hətta bir şey deyim ki, bizdə hazırda yaşı 20-30 ildən artıq olan avtomobillər var ki, onlar çıxdaş olunmalıdır. Onların çıxdaş olunması ilə bağlı fikir yürütməliyik. Çünki yol hərəkətinin təhlükəsizliyinə aid dövlət proqramı var. Bu proqramın 2023-cü ildə yekunlaşması gözlənilir. Orda da qeyd olunub ki, ölkəmizdə olan köhnə, yararsız, tələbata uyğun olmayan nəqliyyat vasitələrini çıxdaş etmək lazımdır. Bu qərarın icra mexanizmi hələ ki qalıb. Bu proqram da tətbiq olunsa, daha yaxşı olar. Bunun üçün də bütün xərclər qarşılanmalıdır. Çünki bizdə həddindən artıq köhnə, istifadəyə yararsız, təhlükəsizliyinin təminatı olmayan nəqliyyat vasitələri var.

- Bu qadağa Azərbaycanda avtomobil parkının vəziyyətinə necə təsir edəcək?

- Azərbaycanın avtomobil parkları bir neçə yerə ayrılır: dövlət əhəmiyyətli, idarə tabeliyində olan, ümumi təyinatlı. Bu qərar ən çox şəxsi istifadədə olan nəqliyyat vasitələrinə təsir edir. Qərarda həmçinin dövlət əhəmiyyətli, şəxsi şirkətlərə məxsus nəqliyyat vasitələri də xüsusi yer alır. Çünki o nəqliyyat vasitələri müəyyən bir büdcə vasitəsilə ödənilir. Gələcəkdə mənfəətin əldə olunması üçün həmin nəqliyyat vasitəsi müəyyən texniki tələbata cavab verməlidir. Şəxsi avtomobillər, yararsız avtomobillər, təhlükəsizliyi təmin olunmayan avtomobillər alınmamalıdır. Baha olsa da, standartlara uyğun nəqliyyat vasitələrinə üstünlük verilməlidir. Bir daha qeyd edirəm ki, Azərbaycanda avtomobillərin 60-70%-i şəxsidir. Bu maşınlara ciddi yanaşmaq, yaşı çox olan avtomobillərin təhlükəsizliyini təmin etmək üçün çıxdaş etmək lazımdır.

- Bu qərar daxili bazarlarda qiymətlərə necə təsir göstərəcək? Çünki artıq mesajlar var ki, avtomobillərin qiyməti kəskin şəkildə artır.

- Xeyr, inanmıram kəskin dərəcədə artım olsun. Belə də ki, artırsa artsın. Bilirsiniz, hər bir nəqliyyat vasitəsinin qiyməti öz tələbatına və keyfiyyətinə uyğun olaraq yerinə yetirilməlidir. Biz də nəqliyyat bazarında qiymətlə ucuz olsun deyib, köhnə tipli, yararsız avtomobilləri niyə gətirməliyik? Birinci növbədə nəqliyyat vasitəsi alanda onun ucuzluğuna yox, təhlükəsizliyin nə dərəcədə təmin olunmasına, komfortuna, avtomobil yollarında hərəkət zamanı başqa nəqliyyat vasitələrinə mane olmaması kimi amillərə fikir vermək lazımdır. Ucuz, təhlükəsizliyi təmin olmayan avtomobilləri alaraq müəyyən sürətli yollara çıxmaqla təhlükəsizliyi təmin etmək olarmı? Əlbəttə, xeyr.

- Xarici ölkələrdə istifadəsi məhdudlaşdırılmış avtomobillər bu günə qədər Azərbaycana kimlər tərəfindən və necə gətirilirdi ?

- Bəziləri xarici ölkələrdən, bəziləri isə müəyyən sifarişlə gətirir. Bu sahədə çox sayda mütəxəssis fəaliyyət göstərir. Amma danmaq olmaz ki, təcrübəsi olan da, olmayan da azca gəliri olan kimi bu sahəyə axışır. Yəni hansı yollarla, kimlər tərəfindən gətirilməsi ilə bağlı birmənalı fikir bildirmək olmaz. Kimin həmin sahədə imkanı varsa, bu istiqamətdə addımlayır. Eləsi var, elə bilir ki, orada gəlir var və elə birinci, ikinci, üçüncü dəfədən həmin sahəyə əl atır. Görür ki, o sahənin bəzi göstəriciləri zəifdir və beləliklə əlini çəkir. Təbii ki, müxtəlif formalarda müxtəlif yanaşmalar mövcuddur. Nəqliyyat parkının keyfiyyətli olması üçün bazamıza daxil olan nəqliyyat vasitələri keyfiyyətli olmalıdır. Bütün standartlara cavab verməli, ekoloji cəhətdən təhlükəsizlik təmin olunmalıdır. Bunu da analiz edəndə görürük ki, bir tərəfdən elə insanlar var ki, qiymət və ya digər məsələlərə görə narazılıq edirlər. Amma bu o demək deyil ki, müəyyən sayda insanların narazılığına görə ucuz, təhlükəsizliyi təmin olunmayan avtomobillər bazarda olmalıdır. Bu da dövlət tərəfindən qayda-qanun çərçivəsində həll olunan bir məsələdir.

- Köhnə avtomobillər ekoloji duruma, havanın çirklənməsinə necə təsir göstərir?

- Əlbəttə, çox mənfi təsir göstərir. Onlardan atmosferə atılan zərərli qazlar standartlardan xeyli yüksəkdir. Avro-4, Avro-5 standartında tutaq ki, karbon oksidi bir milliqram suya atılırsa, bunlarda 3,4,5,6-dır. Yəni bu göstərici normadan artıqdır. Ümumiyyətlə, göstəricilərin xüsusi standartları var. Ona görə də müqayisə etmək lazımdır. Həmin müqayisə zamanı da hiss olunur ki, çox istifadə olunan, müəyyən qədər standartlara uyğun gəlməyən avtomobillər mənəvi və fiziki cəhətdən köhnədirlər. Ümumiyyətlə nəqliyyat vasitələrinin istifadə edən zaman onların səmərəliliyinə göstəricilərinə diqqət etməliyik. Ümumiyyətlə 10 ildən artıq nəqliyyat vasitəsinin istifadə etmək yarasız hesab olunur. Xarici ölkələrdə 10 ildən artıq nəqliyyat vasitələrini çıxdaş edirlər və yaxud da təyinatı üzrə olan yeri dəyişirlər. Bizdə isə qərarda 10 il nəzərdə tutulub. Ümid edirəm ki, bu il 5-ə qədər düşəcək.

- Fikrinizcə, köhnə avtomobillərin qəzaların baş verməsində rolu nə qədərdir?

- Qəzaların baş verməsi sürücülərdən daha çox asıldır. Çünki avtomobili idarə edən sürücülərdir. Onlar bilməlidirlər ki köhnə nəqliyyat vasitələrini ehtiyatlı şəkildə, ara məsafəsini düzgün nizamlamalayaraq idarə etməlidirlər. Sürətli yollarda hiss etməlidirlər ki, köhnə nəqliyyat vasitələri asan işlərini çətinləşdirə bilər. Ona görə də birmənalı olaraq deyə bilərik ki, köhnə nəqliyyat vasitələrinin idarəsi zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı daha yüksəkdir. Bu hal birmənalıdır. Analiz etməyin heç bir əsası yoxdur.

Aynur HÖKMÜRƏVAN