Avropa İttifaqının sərhəddəki “baş revizoru”ndan absurd açıqlama

31 Mart 2023 12:22 (UTC+04:00)

Avropalı müşahidəçilərin Ermənistandakı “missiyası” erməni təxribatlarını ört-basdır edib, qınaqları Azərbaycana yönəltməkdir?
Ermənistanda Avropa İttifaqının missiyası ətrafında vəziyyət getdikcə daha qalmaqallı xarakter alır. Avropa İttifaqının müşahidəçilərinin əvvəlki missiyası oktyabr ayında Ermənistana 2 ay müddətinə gəlmiş və missiya dekabrın 20-də başa çatmışdı.

Ümumiyyətlə, Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi heç bir razılıq verməyib. Missiyanın göndərilməsinin məqsədi haqda indi daha “aydın” danışmaq mümkündür. Belə ki, missiyanın rəhbəri Markus Ritter bugünlərdə Almaniyanın “DW” kanalına müsahibə verib. Jurnalist Ritterdən sitat gəlir: “Bir çox erməni Azərbaycanın yazda hücuma keçəcəyini gözləyir. Əgər bu baş verməsə, bu, bizim missiyamızın uğuru sayıla bilər”.

Ritterin açıqlamasından belə çıxır ki, “əgər hücum yoxdursa, bu, Azərbaycanın Ermənistan ərazisində hərbi hədəflərinin olmaması deyil, yalnız Avropa missiyasının mövcudluğuna görədir”.

Bəs Ritter “Azərbaycanın yazda hücuma keçəcəyi” məlumatını haradan alır? Yerli ermənilər buna əmindirlərmi? Nəhayət, avropalı müşahidəçilər sərhəddə silahlı təxribatlar təşkil edən, Azərbaycan torpaqlarının, o cümlədən Kəlbəcər rayonunun yenidən işğalı planları quran Ermənistan tərəfdən qoşunların hərəkətini görmür? Maraqlıdır ki, Ritter davam edən gərginliyin əsas səbəbini - Ermənistanın hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə real işdən yayınması faktını dilə gətirmir. Avromüşahidəçilərin bundan xəbəri yoxdurmu? Onların lideri Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası çağırışlarının səsləndiyi danışıqlarla tanış olmaqdan belə çəkinməyib? Avropalı müşahidəçilərin Ermənistandakı “missiyası” erməni təxribatlarını ört-basdır edib, qınaqları Azərbaycana yönəltməkdir? Amma belədirsə, onda bu missiya, ilk növbədə, Brüsselin sülh missiyası üçün ciddi problemlər yaradacaq. Ən əsası, belə bəyanatlar, şübhəsiz ki, Ermənistanı növbəti təxribatlara sövq edəcək/

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bu gün də Avropa İttifaqının Ermənistanı dəstəklədiyini söylədi:“Avropa İttifaqı "müşahidəçi missiya" təşəbbüsü ilə birmənalı şəkildə Ermənistanın tərəfində olduğunu nümayiş etdirdi. Bu təşəbbüs ortaya çıxan vaxt ittifaq formal da olsa Azərbaycanın razılığını almadı. Bu da o demək idi ki , onlar “yalqız” qalmış Ermənistana tərəf çıxmaq məqsədi güdürdülər. Bu gün də həmin siyasəti davam etdirirlər. Əslində bu missiyanın heç bir real əhəmiyyəti, təsir imkanları yoxdur. Əhəmiyyətsiz bir “missiya”nın “başçısı” bu cür mətbuata çıxmaqla “əhəmiyyəti”ni göstərməyə çalışır. Guya onlar olmasaydılar, Azərbaycan hücuma keçib Ermənistanı işğal edəcəkdi. Məsələnin bu tərəfini qabartmağa çalışırlar. Amma özləri də başa düşürlər ki, gülünc arqumentlərdir. Azərbaycan Şərqi Zəngəzurda mövqelərini möhkəmləndirib, Qərbi Zəngəzura doğru isə qanuni haqlarını bərpa etməkdədir. Gərəkli mövqeləri nəzarətə götürüb və bu istiqamətdə geri çəkilmək fikrində deyil. Hansısa “missiya” bu prosesin qarşısını almaq gücündə deyil. Avropa İttifaqının digər niyyəti bölgədəki Rusiya hərbi mövcudluğuna alternativ güc formalaşdırmaqdır. Lakin bunu da bacara bilmirlər. Ermənistan tərəfdə oturmaqla regiondakı proseslərə təsir etmək mümkün deyil. Təbii ki, “missiya rəhbəri”nin bu cür açıqlamaları sülh prosesinə xidmət etmir və daha çox Ermənistanı yeni təxribatlara həvəsləndirə bilər. Onlar fərqində deyillər ki, onların qızışdırdıqları ermənilər hər dəfə təxribat törətdikcə, bir az da geri oturmalı olurlar. Ümumiyyətlə, Aİ-nin bu cür təşəbbüsləri ilə Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesi arasında ziddiyyət müşahidə olunur. Bunu anlamaq da çətindir. Belə təsəvvür yaranır ki, Aİ-da kimlərsə Brüssel prosesini pozmağa çalışır. Qəribə səslənsə də, bu, belə görünür. Ona görə də, biz bu prosesləri nəzərə almalı, amma o qədər də fikir verməməliyik. Özümüzün “Yol Xəritəsi”nə uyğun hərəkətimizi davam etdirməliyik".

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda yaşamaq istəyir: “Avropa İttifaqının Ermənistana göndərdiyi müşahidə missiyası çox yanlış bir qərardır. Və bunu Ermənistanı müdafiə etdikləri üçün ediblər. Açıq şəkildə Ermənistanı dəstəkləyirlər. Münaqişə 30 ildir ki, iki dövlət arasında gedir. Ancaq Azərbaycanın razılığını almadan Avropa İttifaqı bu cür addımlar atır. Ermənistana nümayəndələr gələndən sonra qəsdən Azərbaycana qarşı təxribatlara yol verilir. Gizli yollarla Ermənistandan Xankəndinə silah-sursat daşınır. Azərbaycan Ordusuna atəş açılır. Və təbii ki, Azərbaycan haqlı olaraq Ermənistana adekvat cavablar verir. Avropa İttifaqı niyə başa düşmək istəmir ki, ermənilər bütün bunları Azərbaycanın ərazisində edir. Həmin ərazilər Azərbaycan 1992-ci ildə BMT-yə qəbul olunanda məhz Azərbaycanın suveren ərazisi kimi qəbul edilib və dünya dövlətləri buna səs verib. Bu gün Qərb Paşinyanın vasitəsilə özünün Cənubi Qafqazda mövcudluğunu həyata keçirir. Sanki ermənilərə göstərmək istəyirlər ki, biz burada olmasaq, Azərbaycan hücum edir. Sizin burada yaşamağınızın qarantı bizik. Onlar, əlbəttə, ermənilərin Kəlbəcərdə və digər ərazilərdə törətdikləri bütün təxribatları görürlər. Ancaq məqsədli şəkildə özlərini görməməzliyə vururlar. Azərbaycan Qarabağda tam suverenliyini bərpa etməyib. Müəyyən ərazilərimiz hələ də ermənilərin və Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir. Biz heç zaman imkan verməyəcəyik ki, bu ərazilər uzun müddət belə vəziyyətdə qalsın. Avropa İttifaqına üzv olan ölkələr razı olar ki, öz ölkələrinin bir sıra şəhərləri Rusiyanın nəzarətində qalsın? Çox təəssüf ki, bu gün də həm Avropa İttifaqı, həm də Rusiya Qafqazda sülhün təmin olunmasında maraqlı deyillər. Əvvəllər yalnız Ermənistandan Rusiya istifadə edirdi, indi isə Ermənistandan istifadə edənlərin sayı çoxalıb. Dəqiq bilən odur ki, Azərbaycan baş vermiş istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və tarixi bir şəraitdə öz ərazi bütövlüyünü tam təmin edəcək”.

Aznews.az