Əlavə sübuta ehtiyacı olmayan fakt - İran rejimi terrorçudur

31 Mart 2023 15:07 (UTC+04:00)

İran hakimiyyətinin ayaqda qalması üçün yalan və böhtan əsas vasitədir. O, 40 ildən çoxdur bu vasitə ilə ölkə ictimaiyyətini aldadır. Din, Allah, 12-ci imam adından spekulyasiya edən Tehran rejimi İran əhalisini zombi, manqurt kimi nəzarət altında saxlamağa çalışır. Öz vətəndaşlarına yalan danışmaqdan çəkinməyən rejimin qonşu dövlətlərin, xüsusilə son zamanlar Azərbaycan Respublikasının ünvanına daha çox yalan danışması adət halını alıb.

Düzdür, onun yalanlarına diqqət ayırmamaq da olar. Yaxşı deyiblər: “Milçək qarası kiçik də olsa, ürək bulandırır”. Odur ki, bu milçək “qaraları”na fikir bildirməmək olmur.

Tehran rejimi torpaqlar işğal altında olduğu illərdə Azərbaycan rəsmilərinin üzünə gülsə də, səhnə arxasında, bir qayda olaraq, Ermənistanın və onun havadarlarının mövqeyindən çıxış edirdi. İran hakimiyyəti bu saxtakarlığını “İslam dini”, “müsəlman qardaşlığı”, “müsəlman torpaqları” kimi ifadələrlə maskalamağa səy göstərirdi. 44 günlük müharibə Azərbaycanın əsl dostlarını bir daha tanıtdığı kimi, dost-qardaş cildində olanların da maskasını yırtıb əsl sifətini göstərdi. Həmin günlərdə İran hakimiyyəti Azərbaycana qarşı təbliğata ara vermirdi. Bu kampaniyada Tehran rejiminin informasiya vasitələrindən, adi siyasi şərhçilərindən tutmuş ölkənin o vaxtkı prezidenti Həsən Ruhaniyə və ali rəhbəri ayətullah Seyid Əli Xameneiyədək hamısı qatılmışdı. Rejimin təbliğat maşını Fransa, terrorçu PKK, Rusiya KİV-lərinin və siyasilərinin bir qrupu guya Azərbaycan ərazisində hansısa terrorçu qrupların nümayəndələrinin (onda iddia edirdilər ki, Suriyadakı türkmənlər) döyüşdüyünə dair şayiələr yayırdılar. Rəsmi Bakı bu çirkin kampaniyanı aparanlardan fakt istədikdə isə əllərində heç bir dəlil-sübut olmadığından susurdular.

Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra Xameneinin saxta fətvası ətrafında yalan çıxışlar mərhələsi başladı. Bunun da saxtakarlıq olduğu müəyyənləşəndən sonra Tehran rejimi yenə əvvəlki əməlinə, Azərbaycana qarşı qarayaxma işinə döndü.

Bu dəfə Azərbaycanın Ermənistan ərazisi ilə bağlı məchul iddialarından bəhs etməyə başladılar. Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi müəyyənləşməyib. Azərbaycan belə bir şəraitdə Ermənistanın hansı ərazisinə nəzarəti ələ keçirə bilər? Digər tərəfdən, sərhəd məlum olmadığı halda Tehran rejimi niyə Qafanda, sərhədyanı bölgədə konsulluq açıb?

Ötən gün İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunlarının komandanı Kiomərş Heydəri Azərbaycana qarşı yenidən şər-böhtan dolu çıxış edib. O, respublika ərazisində guya “sionist qüvvələr”in olmasından, 44 günlük müharibə zamanı Azərbaycana Suriyadan İŞİD terrorçularının gətirilməsi kimi əxlaqdan uzaq (ifadəyə görə üzr istəyirəm), həyasız açıqlama verib. O da rəhbərinin iddia etdiyi sərhəd dəyişikliyi ilə bağlı çürük fikirləri bir daha təkrarlayıb.

Azərbaycan Müdafiə Nazirliyi onun və ona bənzərlərin çıxışını cavablandırıb: “Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil”. Nazirlik işğal dövründə İran hakimiyyətinin susqunluğunu, Ermənistanı müdafiə etməsini qeyd edərək bildirib ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə İran-Ermənistan qardaşlığı daha da güclənmişdi. Nazirlik bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. Qurumu Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair iddialara cavab olaraq bildirib: “Şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır”.

Müdafiə Nazirliyi Heydəri kimilərin iddialarının cəfəng ittiham və iftiradan başqa bir şey olmadığını qeyd edib: “Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur".

Qeyd edək ki, K.Heydərinin xidmət etdiyi Sepahın əsası terrorçu fəaliyyətlə qoyulub. 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinin əməkdaşlarını girov saxlayanlar bu silahlı birləşməni yaradıblar. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn artıq bu qurumu terrorçu təşkilatlar siyahısına daxil edib. Böyük Britaniya və Avropa İttifaqı bu istiqamətdə müzakirələr aparır. Sepahın bir sıra rəsmilərinə qarşı artıq sanksiya tətbiq edilib. Adı daha çox terror aktlarında hallanan Sepahın yüksək rütbəli zabitləri, o cümlədən onun Qüds qoşunun komandanı general Qasım Süleymani, general Hüseyn Həmədani, general-mayor Fərşad Xasunizadə, briqada generalı Həmid Möhtərbənd, “Fatemiyun” diviziyasının briqada generalı Rza Xavərinin Suriya ərazisində zərərsizləşdirilməsi kimi faktlar Sepahın başqa dövlətlərin daxili işinə qarışmasını və terror fəaliyyəti ilə məşğul olmasını təsdiqləyən faktlardır. Bu hərbi birləşmə ölkə vətəndaşlarına qarşı da amansız davranır. Ötən ilin payızında başlayan etiraz aksiyalarının Sepahın və onun yarımhərbi qolu sayılan Bəsicin iştirakı ilə 70-ə yaxını uşaq olmaqla 500-dən çox dinc aksiyaçı qətlə yetirilib.

Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Qlobal Terrorla Mübarizə Forumunun iştirakçıları İran hakimiyyətinin “dünyada həyasız terror planları”nı, o cümlədən Qüds qoşunu vasitəsilə törətdiyi terror hadisələrini müzakirə ediblər. Tədbir iştirakçıları İranın Yaxın Şərqdə və ondan kənarda davranışının sabitliyi, qanunsuz fəaliyyətinin beynəlxalq maliyyə sistemini və hüquq normalarının bütövlüyünü pozduğunu vurğulayıblar.

Bu, beynəlxalq ictimaiyyətin İrandakı rejim haqqında rəyidir. Bu, elə bir rejimdir ölkə ərazisində diplomatik missiyaların binasına terror hücumu təşkil edir. Odur ki, beynəlxalq ictimaiyyətin İrandakı mürtəce hakimiyyətin başlıca dayağı olan Sepahın terrorçu təşkilat olaraq tanınması prosesinin yarımçıq qalması yenə dünyada fəsadlara yol açar.

Sədrəddin Soltan