Xankəndinin deputatı: "Ermənistana hesabat verəsi deyilik" - AÇIQLAMA

31 Mart 2023 16:23 (UTC+04:00)

Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Köhnə yolun bir hissəsindən aprelin 1-nə qədər ermənilərin istifadə etməsinə Azərbaycan icazə verirdi. Artıq vaxt bitib və Azərbaycan həmin razılaşmaya uyğun olaraq öz torpaqlarında mövqelərini möhkəmləndirir. Ermənistan nəyə və niyə etiraz edir? Bu vəziyyət Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulmasına necə təsir edəcək?

Suallarımızı cavablaması üçün Milli Məclisin deputatı Tural Gəncəliyevə müraciət etdik.

Millət vəkili bildirdi ki, Ermənistan Azərbaycan Ordusunun öz suveren ərazilərində hansısa yerdəyişməsinə ajiotaj yaratmaq əvəzinə öz 10.000 terrorçusunu Azərbaycanın Qarabağ bölgəsindən çıxartmaq öhdəliyini yerinə yetirsin. O həmçinin hərbi bölmələrimizin Azərbaycanın suveren torpaqlarında, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz mövqelərini dəyişdirdiyini vurğuladı:

“Bununla bağlı erməni təbliğat maşınında, KİV-lərində başlamış ajiotajı, səs-küyü, ümumiyyətlə, başa düşmək mümkün deyil. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində olan bir mövqe dəyişikliyinin nəyə görə Ermənistan tərəfindən səs-küyə səbəb olmasının səbəbini sual etdikdə yalnız bir nəticə hasil olur. Bu nəticə də ondan ibarətdir ki, birincisi Ermənistan hələ də Azərbaycanın suveren torpaqlarını tanımaqdan imtina edir. Azərbaycanın öz suveren ərazisində hansısa bir addım atmasını qəbul edə bilmir. İkincisi isə odur ki, Ermənistan hələ də yekun sülh sazişinin imzalanmasında və münasibətlərin normallaşmasında maraqlı deyil. Çünki əgər belə olsaydı, Azərbaycanın öz suveren ərazilərində hansısa bir dəyişiklik olmasına bu qədər qıcıqlanmazdı, reaksiya verməzdi”.

T.Gəncəliyev qeyd etdi ki, Azərbaycan suveren ölkə olaraq öz torpaqlarını işğaldan azad etdikdən sonra yerdə qalan bütün diplomatik məsələlərin məhz sülh və diplomatiya yolu ilə tənzimlənməsi üçün öz sülh sazişi layihəsini Ermənistan tərəfinə təqdim edib:

“Əgər Ermənistan post-münaqişə dövründə normallaşma prosesində həqiqətən maraqlı olsaydı, bizim bu təklifimizə konstruktiv şəkildə cavab vermiş olardı. Bu təklifi bir elektron poçt, yazışma diplomatiyasına çevirməzdi. Müxtəlif bəhanələrlə Ermənistan prosesin normallaşmasını uzadır, sülh sazişini imzalamaqdan boyun qaçırır, Azərbaycanın suveren ərazisində ordusunun hansısa hansısa yer dəyişikliyini bəhanə gətirir. Ermənistan özü ətrafında bir qurban imicini yaratmaq, bütün dünya ictimaiyyətinə özünü Azərbaycan tərəfindən "təcavüzə məruz qalmış Ermənistan" imicini təlqin etmək istəyir. Məsələnin arxasındakı hədəf ondan ibarətdir ki, Azərbaycanın sülh sazişi təklifinə razılıq verməsin. Təbii ki, bunun arxasında həm dünya erməni diasporu, həm Ermənistanın revanşist qüvvələri, həm demarkasiya edilməmiş sərhədlərdə yerləşdirilən Avropa ittifaqının missiyası dayanır. Ümumiyyətlə, Ermənistanın son zamanlar atdığı addımlar heç bir sülhə maraqlı olmadığını göstərir. Biz Ermənistan tərəfindən belə bir mənasız, məntiqsiz, qeyri-adekvat reaksiyanı anlaya bilmirik. Ermənistan 10 noyabr 2022-ci il bəyanatında üzərinə düşən öhdəliklərə əməl etməyib, ona görə də bizim haqqımız var ki, Ermənistanın bu hərəkətini pisləmək üçün ajiotaj yaradaq. Biz bunu etmədiyimiz üçün bu gün Ermənistan təcavüzkar ola-ola, başqa bir ölkənin ərazisində qanunsuz on min nəfərdən ibarət silahlı dəstə saxlayaraq başqalarında təqsir axtarır”.

Millət vəkili sonda Nikol Paşinyanın Azərbaycanın Ermənistan ərazilərinə daxil olmadığını etiraf etdiyini, ancaq buna baxmayaraq Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin və digər erməni nümayəndələrinin cəfəng bəyanatlar verməsinin regionda onsuz da həssas vəziyyəti daha da gərginləşdirmək, yeni təxribatlar yaratmaq məqsədinə xidmət etdiyini dedi:

“Biz qeyd etməliyik ki, Ermənistan tərəfinin hansısa bir təxribat xarakterli bəyanatları Azərbaycanla yekun sülhün əldə olunmasına maneələr törətməyə hesablanıb. İran və Ermənistana havadarlıq edən digər qüvvələrin təhdid dolu mesajları, bəyanatları Azərbaycana qarşı bir kampaniyadır. Bunlar təzyiq göstərmək üçün nəzərdə tutulub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra biz anlayırıq ki, bir çox qüvvələr bunu həzm edə bilmir. Təəssüflər olsun ki, artıq biz dünyada heç kimin beynəlxalq hüququ, beynəlxalq münasibətlərdə formalaşmış ədaləti tanımaq istəmədiyinin şahidi oluruq. Bu da bir daha sübut edir ki, hər bir ölkə yalnız öz gücünə, ordusuna, milli liderinə, dövlət başçısına güvənməlidir. Öz torpaqlarımızda suverenliyimizi, beynəlxalq hüququ bərpa ediriksə, bundan ötrü heç kimə hesabat verəsi deyilik və heç kim də bizim daxili işlərimizə qarışmaq hüququna malik deyil”.

Rəşid QARAYEV,

AzNews.az