İsrail baş naziri Netanyahuya qarşı etirazlara maraqlı olan əsas tərəf Bayden administrasiyasıdır. Ümumiyyətlə, Bibi ilə demokratların münasibətləri heç bir zaman yaxşı olmayıb. Hələ Obama administrasiyası dövründə Obama Netanyahunu devirmək üçün əlindən gələn hər şeyi etsə də, Netanyahu yenidən seçilməyi bacarmışdır.
Netanyahunun reytinqi ilə bağlı WSJ, Foreign Affairs kimi liberal medialarda məqalələr, onun seçilməsinin İsraildə demokratiyanın sonu kimi qələmə verilməsi, onun oğlu Yairin atası ilə bağlı səs yazılarının 2015-ci il seçkilərində yayılması məhz ABŞ kəşfiyyatının Netanyahuya qarşı əməliyyatı idi. Lakin “Bibi”ni devirmək mümkün olmadı. Obama İranla nüvə anlaşmasına qarşı əsas maneə olan Netanyahunu zərərsizləşdirmək istəyirdi. Netanyahu İranla nüvə anlaşmasının qarşısını almaq üçün ABŞ-da özünə yaxın olan bütün dairələri hərəkətə keçirtmişdi. 2015-ci ildə hətta Netanyahuya 120-dən çox general, admiral, kəşfiyyatçı etiraz məktubu da yazmışdı. Maraqlıdır ki, Bayden administrasiyasında təmsil olunan bir çox şəxs milliyətçə yəhudidir. ABŞ Dövlət Katibi Entoni Blinken, Maliyyə Naziri Jannet Yellen, Daxili Təhlükəsizlik Naziri, CİA direktorunun müavini, baş prokuror, Milli Kəşfiyyat direktoru yəhudidir. Lakin onlar İsrailin indiki hökümətinə qarşıdırlar. Bütün bunların çox önəmli sosioloji və demoqrafik bir səbəbi var. ABŞ yəhudiləri sürətlə sola doğru istiqamətlənir, İsrail yəhudiləri isə sürətlə “din”ləşir, bu isə ABŞ və İsrail yəhudiləri arasında sosial uçurum yaradır. ABŞ-da yəhudilərin böyük qismi demokratlara səs verir, onların da bir çoxu İran mədəniyyətinə dərin rəğbət bəsləyir, İran şahı Kiri Yəhudi xalqının tarixi xilaskarı kimi qəbul edir, İranla nüvə anlaşması, İrana qarşı bu qədər strateji səbrin əsas səbəbkarları onlardır.
Eyni zamanda Tramp Netanyahunun ən böyük dəstəkçisi olsa da, lakin seçici nüvəsində böyük antisementist qruplar var. Bunlara Kukululsklan kimi ağ protestant irqçi qruplar daxildir. Onlar Amerikada bütün problemlərin səbəbi kimi yəhudiləri görürlər. Trampın İsrailə dəstəyində əsas rolu xristian baptistlər və Yevangelistlər oynayıb. Bu iki düşüncə qrupunun dəstəyinə səbəb də ideoloji fikirləridir. Onlara görə İncildə deyilir ki, “İsrail birləşməli, bütün yəhudilər orada toplanmalı, Əl Aqsa yıxılıb yerində Davudun məbədi inşa edilməlidir. Bu zaman isə İsa peyğəmbər zühr edəcək.” Qüdsün İsrailin paytaxtı kimi tanınmasında bu amilin böyük təsiri var idi. Bu da əslində ilk dəfə olaraq teosiyasət anlayışının müasir beynəlxalq münasibətlərdə təsirini göstərir. Trampçıların İrana qarşı uzun müddət birbaşa müdaxiləsinə mane olan məhz demokratlar ətrafında olan yəhudilər olmuşdur. Bu baş verənlər həm İsrail-ABŞ münasibətlərinin, “Bibi”-Demokratlar şəxsi münasibətlərinin, İsrail daxilində sekulyarlarla dindarların böhranıdır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi