Azərbaycanda Nobelə alternativ mükafatın təsis edilməsi təklif edilib

4 Aprel 2023 13:32 (UTC+04:00)

“Bir dəfə Türkiyədə Çingiz Aytmatova həsr edilmiş məclisdə niyə Aytmatovun Nobel mükafatı almaması müzakirə olundu. Mən dedim ki, bu mükafatın fondu əslində qədim Bakı pullarının əsasında qurulub”.

Aznews.az xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasında deyib.

“Çingiz məni çağırdı, dedi ki, Nobel mükafatı məsələsində məni aldatdılar və mənə Nobel mükfatına alternativ bir mükafat yaratmağın mümkünlüyü barədə ideya verdi. Aytmatov bildirdi ki, dünya tarixində incəsənətə, ədəbiyyata, sənətkara qiymət baxımından Heydər Əliyev ilə müqayisə olunacaq adam azdır, bəlkə də yoxdur. O qeyd etdi ki, Azərbaycan Nobel mükafatına alternativ mükafat təsis etsin və mükafatın adını “Heydər Əliyev beynəlxalq mükafatı” qoysun. Bundan sonra düşündüm ki, mükafatın məbləğini Nobel mükafatından artıq qoysaq Nobel üçün sıraya düzülənlər Bakıya sıraya düzüləcək və ədəbiyyata, sənətə qiymət vermək imtiyazı Azərbaycanın əlinə keçəcək. Bu fikri indi burada səsləndirməyi özümə borc bilirəm. Hesab edirəm ki, bu fikirlər Prezident İlham Əliyevə çatar və ola bilsin bu mükafatın yaradılması barəsində düşünər”, - deyə deputat vurğulayıb.