İran 7 ildən sonra BƏƏ-yə səfir təyin edib.
AzNews.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyi Rza Əmirini Əbu-Dabiyə səfir təyin edib.
Xarici İşlər Nazirliyinin xaricdəki iranlıların baş direktoru Rza Əmiri bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılıb.
Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehran səfiri vəzifəsində çalışmış Seyf Məhəmməd Ubeyd əz-Zəbini ölkəsinə geri çağırıb.
İki ölkə arasında aparılan danışıqlar nəticəsində Seyf Muhammed Ubeyd ez-Zeabi təxminən 7 illik fasilədən sonra 9 sentyabr 2022-ci ildə keçmiş vəzifəsinə davam etmək üçün İrana qayıdıb.