Özbəkistan parlamenti Azərbaycanla hərbi əməkdaşlığa dair razılaşmanı təsdiqləyib

6 Aprel 2023 19:12 (UTC+04:00)

Özbəkistan Ali Məclisinin deputatları 39-cu plenar iclasda Azərbaycan hökuməti ilə hərbi və hərbi-texniki əməkdaşlıq haqqında Sazişin təsdiq olunması barədə qanunu təsdiqləyiblər.

Aznews.az bu barədə parlamentin mətbuat xidmətinə istinadən xəbər verir.

İclasda senatorlar "Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair Sazişin təsdiqlənməsi barədə" (Daşkənd, 21 iyun 2022-ci il) və "Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında hərbi-texniki sahədə əməkdaşlığa dair Sazişin təsdiqlənməsi barədə" (Daşkənd, 21 iyun 2022-ci il) qanunları təsdiqləyiblər.

Parlamentin Beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici sərmayələr və turizm komitəsinin üzvü Ənvər Tuyçiyevin sözlərinə görə, sazişlər müddətinin uzadılması imkanı ilə 5 il müddətinə qüvvədədir.

"Hərbi-texniki əməkdaşlıq haqqında saziş hərbi təyinatlı məhsulların, silah-sursatın, hərbi texnikanın qarşılıqlı tədarükü, eləcə də hərbi kadrların hazırlanmasını nəzərdə tutur. Hərbi sahədə əməkdaşlıq haqqında saziş çərçivəsində iki ölkənin müdafiə idarələri illik əməkdaşlıq planları hazırlayacaqlar”, - Tuyçiyev bildirib.

Xatırladaq ki, bu sazişlər Azərbaycan və Özbəkistan hökumətləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2022-ci il tarixində Özbəkistana səfəri zamanı imzalanıb.

Qeyd edək ki, Özbəkistan parlamentinin 39-cu plenar iclası 6-7 aprel 2023-cü il tarixlərində keçirilir.