Livan ordusu İsrailə qarşı raketlərin atıldığı platformanı ələ keçirib

7 Aprel 2023 12:37 (UTC+04:00)

Livan ordusu ölkənin cənubundan İsrailə qarşı raketlərin atıldığı platformanın və bir neçə raketin ələ keçirildiyini açıqlayıb.

Ordunun dünən İsrail sərhədində başlayan hücumlarla bağlı bəyanatı Livanın rəsmi agentliyi NNA-da dərc olunub.

Açıqlamada bildirilib ki, ordu mənsublarının bölgədə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində Sur şəhərinin Zibkin və Əl Kaylala qəsəbələri ətrafında raketlərin atıldığı platforma və bir neçə istifadəyə hazır raket ələ keçirilib.

Ordu qüvvələrinin cənubdakı Marcayun rayonunun kənd ərazisində də atılmağa hazır bir neçə raket aşkar etdiyi bildirilib.