Premyer Liqa: "Qəbələ" "Zirə"yə qalib gələrək 4-cü pilləyə yüksəlib

7 Aprel 2023 21:06 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Aznews.az xəbər verir ki, açılış oyununda "Qəbələ" "Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 58-ci dəqiqədə "qırmızı-qaralar"dan Ramon Maçado açıb. "Qartallar" 69-cu dəqiqədə Eldar Quliyevin qolu ilə tarazlığı bərpa ediblər. Lakin cəmi 10 dəqiqə sonra fərqlənən Ruan Renato əyalət təmsilçisinə vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Qəbələ" "Zirə"ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə aprelin 9-da olacaq.