4 gün bundan öncə çeşidli elmi titullarının arxasında gizlənən Cəmil Həsənli siyasi məzmunlu uzun bir status paylaşdı. Məsələ burasındadır ki, imzasına əlavə olaraq göstərdiyi titulların siyahısı tam deyildi. London Universitetinin dəvətli araşdırmaçısı, Türkiyənin bölünməsi və “Böyük Ermənistan” ideyasının əsas müəlliflərindən olan Vudro Vilsonun adını daşıyan ABŞ-dakı bir mərkəzin mükafatçısı, Türk Tarix Qurumunun fəxri üzvü olduğunu vurğulayan Həsənli məşhur NED təşkilatının qrantları ilə apardığı tədqiqatlardan da, çox güman, “təvazökarlıq” edib söz açmamışdı. Ən qəribəsi isə budur ki, o, nədənsə Rusiyanın təlimatı ilə yaradılmış Milli Şuranın sədri olduğunu da yada salmamışdı. Məqalə nə elmi idi, nə tarixi, nə də hüquqi. Bütün mülahizələr Cəmil Həsənlinin Azərbaycanda İranın agentura şəbəkəsinin çökdürülməsinə qarşı sərgilədiyi anti-milli reflekslərin ifadəsi idi.
Cəmil Həsənlinin siyasi keçmişindən agah olanlar onun maddi və siyasi çıxarlar qarşısında nə qədər zəif iradəli və qeyri-sabit olduğunu yaxşı bilirlər. 1992-ci ilin prezident seçkilərində əvvəlcə AMİP-in namizədi Etibar Məmmədovu dəstəklədiyi halda, aldığı vəzifə vədi ilə hakimiyyət komandasına transfer etmişdi. Sədr müavini olduğu AXCP-ni deputat mandatına dəyişərək parlamentə getmiş, bir müddət oliqarx nazirlərdən yaxşıca bəhrələnmiş, ancaq keçmiş nazir Fərhad Əliyevin qələmi qırıldıqdan sonra yenidən deputat ola bilmədiyindən “daha bir kruq vurub” müxalifət düşərgəsinə qayıtmışdı. Cəmil Həsənlinin siyasi prinsisizliyinin və xaraktersizliyinin zirvəsi isə, 2013-cu ildə Rusiyadakı müəyyən dairələrin təlimatı ilə yaradılmış Milli Şuranın sədri seçilməsi və prezidentliyə namizədinə çevrilməsi oldu. Bu olaylar silsiləsindən baxdıqda onun günün birinci yarısında Məmməd Əmin Rəsulzadəni, ikinci yarısında isə, Nəriman Nərimanovu tarixin bütün prinsip və metodlarını ayaq altına alıb dəstəkləməsi təəccüblü deyil, bir sosial şəbəkə istifadəçisinin çox sərrast ifadə etdiyi kimi, yıxıldığı yerə saman təpişdirmək cəhdidir. İndi isə Əbülfəz Elçibəyə “DTK agenti” deyən, Əlikram Hümbətovun timsalında Azərbaycanda separatizmi dəstəkləmiş Leyla Yunusun üzvü olduğu Milli Şuranın sədri İranın Azərbaycanda yaratmış olduğu palçıqlığa saman qatmaqla məşğuldur. Hacı Taleh Bağırzadənin də 2020-ci ilin yayına qədər Milli Şurada təmsil olunduğunu və qurumdan istefa verərkən heç də ciddi əsaslar göstərmədiyini yada salanda Həsənlinin başında dayandığı qeyri-rəsmi təşkilatın İrana bağlı qüvvələrə qahmar çıxması sual yaratmır.
Əgər diqqət edirsinizsə, sanki bir yerlərdən düyməyə basılıb və İranın uzun illər ərzində ideoloji iş aparmaqla, üzdə xeyriyyəçilik, altda narkoticarət şəbəkəsi yaratmaqla formalaşdırdığı kəriməçilər Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən ifşa olunduqca xaricdəki söyüşkənlər daha da aqressivləşir, buna paralel olaraq Əkrəm Əylisli kimi psevdo-ziyalılar və onların sosial şəbəkə uzantıları yuyulmamış çömçə kimi ortaya düşürlər. Əkrəm Əylisli bəlli: o zavallı istedaddır. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyinə iman etməyən, sekulyar respublika kimi dayanıqlılığına şübhə ilə yanaşan, xalqımızın azadlıq fəlsəfəsinə və dövlətçilik identifikasiyasına ağız büzənlərin hamısı zavallı, natamamlıq kompleksindən əziyyət çəkən ipiqırıq kuklalardırlar. Bu natamamlıq kompleksinin üç əsas simptomu isə rusiyapərəstlik, iranpərəstlik və ermənipərəstlikdir. “Bahadır və Sona”dan “Daş yuxular”a, Əkrəm Əylislidən Rüstəm İbrahimbəyova, Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə uzanan TARİX ŞÜURSUZLUĞUnun məntiqi sonluğu kolloborasiyadır. Elə İbrahimbəyovu, Əylislini və Həsənlini bir araya gətirən “Ziyalılar Forumu” da tipik kolloborasiya nümunəsi idi..
Əkrəm Əylisli deyir:
"Əgər İran bizə qarşı terrora başlayıbsa, bunu araşdırıb aydınlaşdırmaq lazımdır. Çoxlu sayda insanı birdən-birə təqsirləndirmək bu da ədalətli məsələ deyil. Birdən birə yüzlərlə insanı agent kimi həbs edirsən. Əlbəttə onların içində agentlər var, amma kütləvi şəkildə bu proses aparılmamalıdır".
Daha öncə isə Cəmil Həsənli yazırdı:
“Azərbaycan hakimiyyəti İranla münasibətlərin gərginləşməsi fonunda öz vətəndaşlarını cəzalandırır, onların kütləvi həbsini həyata keçirir. İstintaqsız-məhkəməsiz tanınmış din xadimlərinin üzərinə “casus” damğası vurulur. Məsələ hüquqi müstəvidən çıxaraq siyasi məzmun kəsb etməyə başlayır”.
Bu iki baxış arasındakı kolloborativ nüansları dəyərləndirməyi, əziz oxucular, sizin öhdənizə buraxıb məsələyə sırf hüquqi aspektdən yanaşacam. Cəmil Həsənli və Əkrəm Əylisli hüquqşünas olmasalar da, parlament üzvü olublar, qanunlar qəbul ediblər. Odur ki, məsələnin hüquqi tərəflərindən məntiqlə xəbərləri var. İlk növbədə bir məsələni aydınlaşdırmaq üçün Cəmil Həsənlindən soruşaq: tanınmış din xadimlərinin üzərinə “casus” damğasını kim vurur? Prokurorluq, DTX və DİN İran xüsusi xidmət orqanları ilə əlaqədə, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilərək saxladığı şəxslərin hansı birinə məhkəmənin hökmü olmadan “casus”, yaxud “cinayətkar” damğası vurub? Cəmil Həsənli Baş prokurorluğun, DTX-nın, DİN-in yaydığı açıqlamalarda belə bir halı altından qırmızı xətt çəkib cəmiyyətə təqdim edə bilərmi? Edə bilməz o sadə səbəbə görə ki, yoxdur belə hal!
Hüquq-mühafizə orqanları istənilən vətəndaşı əmllərində cinayət əlaməti olduğu üçün saxlayır. Bu cür əlamətlər olmadan heç bir hüquq-mühafizə orqanı öz professional reputasiyasını, heç bir əməliyyatçı öz kareyerasını şübhə altında qoyub vətəndaşları kütləvi şəkildə tuta bilməz. Bəlkə də hansısa xırda insidentlərdə, lokal kriminal olaylarda hadisəyə birbaşa dəxli olmayan şəxslər tədbir gərəyi, lap elə səhvən sorğulanmaya alına bilərlər. Amma söhbət dövlət təhlükəsizliyini, ictimai asayişi, siyasi xadimlərin həyatını təhdid edən mütəşəkkil bir şəbəkədən gedirsə, əməliyyat-axtarış tədbirləri, heç şübhəsiz, kompleks şəkildə aparılır, ən müxtəlif informasiyalardan və onları təhlil edə bilən peşəkarlardan istifadə olunur. Əkrəm Əylisli və Cəmil Həsənli nə bilir, haradan bilir ki, Azərbaycanda İranın xüsusi xidmət orqanları tərəfindən ələ alınmış, həmçinin ələ alınmış həmin şəxslərin birbaşa agentura fəaliyyətinə cəlb etmədən təsirində saxladığı, ancaq müxtəlif cinayətlərin törədilməsində istifadə etdiyi adamların sayı nə qədərdir: onlarladır, yüzlərlədir, yoxsa minlərlə? Keçmiş deputatlar hüquqi baxımdan hansı arqumentlə müəyyən ediblər ki, cinayətdə şübhəli bilinənlərin heç də hamısını yox, ancaq bir qismini tutmaq lazımdır?
Bundan savayı, Azərbaycan qanunları hüquq-mühafizə orqanlarından tələb edir ki, saxladıqları şəxslər və tutulmanın səbəbləri barədə ən qısa zamanda ailələrə və cəmiyyətə məlumat versinlər. Elə bu tələbə riayət edərək istər Baş prokurorluq, istər DİN, istərsə də DTX mütəmadi olaraq həyata keçirdikləri əməliyyatlarla bağlı cəmiyyətə bilgi verir, kimi nədə şübhəli bilərək saxladıqlarını açıqlayırlar. İstisnasız olaraq bu açıqlamaların hər birində saxlanılan şəxslər barəsində “əsaslı şübhələr olduğu” vurğulanır, həmin şübhələr qısaca təsvir edilir. Keçmiş deputatlar niyə hesab edirlər ki, hüquq-mühafizə orqanları qanunların tələbini pozub saxlanılan şəxslər barəsində cəmiyyətə məlumat verməməlidirlər? Yaxud onlar haradan bilirlər ki, hüquq-mühafizə orqanlarının hər hansı vətəndaşdan şübhəsi əsassızdır? Bu şübhəyə düşmək üçün DTX-nın, DİN-in əlində böyük bir məlumat toplama mexanizmi var, Əkrəm Əylislinin, Cəmil Həsənlinin əlində klaviaturadan başqa nə var?
Nəhayət, daha bir məsələni də hüquqi baxımdan dəqiqləşdirmək lazımdır. Tutulma, həbs qətimkan tədbiri, azadlıqdan məhrum etmə fərqli anlayışlardır. Vətəndaş əməlində cinayət əlaməti varsa tutulur. Böyük ictimai təhlükə törətməyən cinayətlərlə bağlı məhkəməyəqədərki sadələşdirilmiş icraat şəklində aparılan təhqiqatlar istisna olmaqla, qalan bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. İbtidai istintaqın aparılması üçün vətəndaş barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilir. Bu zaman vətəndaş təqsirləndirilən şəxs statusunda olur. Onun təqsirkar olub- olmaması, cinayət tərədib-törətməməsi məhkəmədə üzə çıxır. Adamdan soruşarlar, ibtidai istintaq materialları ilə tanış olmadan, məhkəmə keçirilmədən, hakim hökm çıxarmadan Cəmil Həsənli və Əkrəm Əylisli haradan bilirlər ki, hansı vətəndaş düzgün təqsirləndirilir, ya yox?
Bəli, məhkəmənin barəsində çıxardığı hökm qanuni qüvvəyə minənə qədər heç kim cinayətkar sayıla bilməz. Bu, hüququn əsas anlayışlarından və prinsiplərindən olan təqsirsizlik prezumpsiyasının tələbidir. Təqsirsizlik prezumpsiyası o deməkdir ki, hər kəs ƏKSİ qanunla müəyyən olunmuş qaydada sübut olunana qədər suçsuz hesab olunur. İran təbliğatçılarının indiki halda hüquq-mühafizə orqanlarına basqısı ona yönəlib ki, aparılan ibtidai istintaqlarda, bax, məhzu bu günahsızlığın ƏKSİNİ SÜBUT EDƏCƏK- İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq, İrandan ötürülən narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak barədə dəlillər toplana bilməsin, yaxud toplanacaq sübutlar və çıxarılacaq məhkəmə hökmləri cəmiyyətin nəzərində bəribaşdan etibarsızlaşdırılsın. İranı başa düşürük, soğan yeyib, içi göynəyir. Bəs, Əkrəm Əylislini, Cəmil Həsənlini göynədən nədir? Yox, bu təbii korafəhmlik deyil, məqsədyönlü, ağıllı, şüurlu korluqdur!
Taleh ŞAHSUVARLI