Mediasiya təlimləri dayanıbmı? - ARAŞDIRMA

12 Aprel 2023 13:00 (UTC+04:00)

Artıq 3 ildir ki, Nazirlər Kabinetinin sərəncamı ilə Mediasiya Şurası fəaliyyət göstərir. Ölkədə boşanmaların sayını nəzərə alsaq, mediatorların cəmiyyətdə rolunun əhəmiyyətini aydın şəkildə görərik. Mediatorların fəaliyyəti üçün təlim necə keçirilir? Bakıya nisbətən bir çox regionlarda da mediatorların sayında kəskin şəkildə fərq var. Buna səbəb nədir? Bəs, nəyə görə daha çox mediatorlar yetişdirilmir, təlimlər keçirilmir?

“Mediasiya Şurası ilk dəfə yarananda bu sahədə daha çox çətinliklər müşahidə olunurdu. Lakin zamanla bu sahədə Şuraya müraciət edənlərin sayında artım var. Həmçinin insanlar arasında da inam yaranıb”.

Bu sözləri AzNews.az-a mövzu ilə bağlı açıqlamasında deputat Naqif Həmzəyev deyib .

“Reallıq ondan ibarətdir ki, Mediasiya Şurasının regionlardakı fəaliyyəti müəyyən dərəcədə çətinliklərlə üzləşib. Buna səbəb də mediator tapmaqda çətinliyin yaranması idi. Ancaq bu problemin aradan qaldırılması üçün müəyyən işlər görülür. Gələcək üçün bu sahəni inkişaf etdirmək üçün mütləq tədbirlər görüləcək. Müəyyən sahələrin inkişafı və moderatorlara imtiyazların verilməsi üçün layihələr hazırlaya bilərik”.

Deputat qeyd edib ki, təkcə boşanma deyil, digər məsələlərdə də insanlar mediatorlara müraciət edirlər:

“Düşünürəm ki, yaxşı mediatorlar sayəsində bu iş öz həllini tapacaq. Biz yeni yaranmış bu qurumun öz mövqeyini daha da gücləndirməsinin şahidi olacağıq”.

Vəkil, mediator Fərhad Mehdiyev isə bildirib ki, müraciət edən kifayət qədər olsa da, keyfiyyətli namizədlərin sayı çox deyil:

“Ədliyyə Akademiyası müraciətləri qəbul edir. Namizədlər mütəmadi qaydada təlimə cəlb olunur. Mediasiya xidməti müəyyən qədər sosial işdir. Moderatorlar yüksək qazanc əldə edə bilmirlər. Bakıdakı mediatorların maddi təminatı daha yaxşıdır. Onların bir çoxu həm də vəkildirlər. Bu da onlara keyfiyyətli mediasiya xidməti verməyə imkan verir. Mediator məsuliyyətli vəzifədir. Burada insanlar həm də psixoloq olmalıdır. Mediatorluqla məşğul olanlar hüquqi biliklərə sahib olmalı, öz işlərinə can yandırmalıdırlar. Buna görə də keyfiyyətli namizədlər həmişə seçilir və təlimlərə cəlb olunur”.

O vurğulayıb ki, təlimlər daim davam edir və nəticədə mövcud mediatorların ixtisası artırılır:

“Hazırda bu sahədə təlimlər keçirəm. Təxmin edə bilirəm ki, kim mediator ola bilər. Bəzən elə adamlar olur ki, mediator ola bilməz. Çünki mediatorluq hökmranlıq tələb etmir. Bu sahə iki şəxs arasında müsbət əlaqə yarada bilməklə bağlıdır”.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib ki, bu, yeni yaradılmış sahədir və təbii ki, nə qədər çox mediator olsa, bir o qədər yaxşıdır:

“Biz də istəyirik ki, rayonlarda bir yox, bir neçə mediator olsun. İnsanlar daha çox mediatora müraciət edə bilsinlər. Hansı rayonlarda mediator yoxdursa, biz sosial şəbəkələr vasitəsilə həmin rayonlar üçün elanlar veririk”.

İH sədri vurğulayıb ki, ixtisasların artırılması üçün təlimlər həmişə davam edir:

“Növbəti təlimlər may ayında baş tutacaq. Əmək, ailə, istehlakçıların hüquqları üzrə təlimlər keçirilir. Medaitorların ixtisas artımları ilə bağlı kurslar davam edir. Pandemiyaya görə bəzi dayanmalar olsa da, hazırda bu təlimlər davam edir. Biz Mətbuat Şurası ilə anlaşma imzaladıq. Çox istəyərdik ki, media sektorundan da mediatorlar yetişdirə bilək”.

Mediasiya Şurasının sədri sonda qeyd edib ki, bəzi məsələlər var ki, orada ən yaxşı mediatorlar elə media sektorunun nümayəndələri olur.

Ayan Rzayeva,

AzNews.az

QEYD: Məqalə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.