Qafqazın fəlakət mənbəyi “Metsamor”: "Çernobıl faciəsi unudulmamalıdır" - Ekoloq

11 Aprel 2023 14:52 (UTC+04:00)

İllərdir ki, Ermənistanda fəaliyyət göstərən "Metsamor" Atom Elektrik Stansiyasının durumu dünya ölkələrini narahat edir. Bu, ən çox da Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilir. Bu problemin ikinci Çernobıl hadisəsinə çevrilməməsi üçün hansı addımlar atılmalıdır? "Metsamor" AES-in fəaliyyəti hansı problemlərə səbəb olur?

Məsələ ilə bağlı AzNews.az-a danışan ekoloq Ənvər Əliyev açıqlamasında bildirib ki, bu, dünya üçün ciddi problemdir.

""Metsamor" AES tikilərkən problemlər nəzərə alınmayıb. SSRİ vaxtında Azərbaycanın Hacıqabul bölgəsində də Atom Elektrik Stansiyası tikiləcəkdi. Sonradan SSRİ dağıldı, bu, baş tutmadı. Yaxşı ki, belə də oldu. Ora həm də seysmik zonadır. AES buna uyğun qaydada tikilməlidir. Ancaq belə tikilib-tikilməməsi ilə bağlı məlumatım yoxdur. Ermənistanın Metsamor şəhərində yerləşən AES tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır”.

Ekoloqun sözlərinə görə, bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər:

“Burada qəza baş versə, ciddi mənada insan itkisi yaşana bilər. Bu təşəbbüs Ermənistanın hakimiyyət orqanlarının diqqətini təkcə stansiyanın ağır texniki vəziyyətinə cəlb etməməlidir. Metsamor AES ümumiyyətlə radioaktiv təhlükə mənbəyidir. Bu stansiyanın istifadəyə verilməsindən xeyli ötüb. Stansiyanın yararsız olması barədə kifayət qədər faktlar var. Bu il stansiyanın bağlanması ilə bağlı müzakirələrin açılacağı gözlənilirdi. Amma təəssüf ki, Ermənistan tərəfi yenə də bundan imtina edir və regionumuz üçün təhlükə olaraq qalmaqda davam edir. Heç kim Çernobıl faciəsini unutmamalıdır. AES-dən ziyan çəkə biləcək qonşu dövlətlər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən orada cari yoxlamaların aparılmasını tələb etsinlər. Onlar texniki təchizatın normal olması barədə AEBA-dan təminat almalıdırlar. Ola bilər ki, ermənilər iqtisadi imkanlarının azlığına, enerji təchizatındakı problemlərə görə reallığı gizlətsinlər. Ona görə beynəlxalq təşkilatlar bu işlə məşğul olmalıdırlar”.

Ayan Rzayeva,

AzNews.az