Dığaların Dığ təxribatı

12 Aprel 2023 02:17 (UTC+04:00)

Laçında yerli şəraitə az-çox bələdəm.

Ona görə də dəfələrlə yazmışam ki, bu istiqamətdə rəsmi dəqiqləşməmiş sərhəd xəttində ciddi problemlər var.

Belə ki, Laçın işğalda olduğu dövrdə Ermənistan öz "sərhəd"lərini sovet dövründə açıq olan və 1991-ci ildə öz maraqlarına uyğun tərtib etdikləri saxta xəritələrdəki "son variant"dan belə xeyli qabağa çəkib.

Qabağa çəkilən hissələrdə Gorusun Laçınla sərhəd kəndlərinin əhalisi mal-qara saxlayıb, münasib yerlərdə əkin əkiblər.

İndi biz bu əraziləri GPS-lə onlardan tələb etdikcə hay-həşir salırlar və salacaqlar. Ona görə də sərhədlərin demarkasiya və delimitasiyası üçün İrəvan Azərbaycanın təkliflərindən boyun qaçırır.

Laçında digər mühüm məsələ dəhlizin başlanğıc nöqtəsində Nəzarət-Keçid Məntəqəsinin quraşdırılmasıdır. Bu məsələdə Ermənistan heç kimdir, əsas problemi Rusiya yaradır.

Nəhayət, Ermənistanın son təxribatında barmağı açıq görünür. Bəzi məlumatlara görə, SEPAH dünən PUA-larla kəşfiyyat aparıb. Əgər PUA-lar doğrudan da qaldırılıbsa, demək, ordumuzun hərəkətini müəyyən edib məlumatları İrəvana ötürmək istəyiblər. 44 günlük müharibədə də İran bu cür davranıb.

Bundan başqa, İranın Azərbaycanın daxilində vəziyyəti gərginləşdirmək taktikası qarşısında Dığdakı təxribatdan əlavə vasitə kimi istifadə etməsi də aydındır.

Bir çox müşahidədiçələr haqlı olaraq qeyd edirlər ki, döyüş xəbərləri gündəmə gəldikdən dərhal sonra sosial şəbəkələrin Azərbaycan seqmentində təxribatçı profillər peyda olub.

Bu profillərin ən azı yarısının İrandan idarə edildiyi şübhəsizdir.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 11 aprel döyüşlərində şəhid və yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyərəm. Bu məsələyə son qoymağın vaxtı çatıb.

Hazırda bütün istiqamətlərdə strateji yüksəkliklər bizdədir. Qarabağda da, Zəngəzurda da. Ermənilər bircə piston partlatdıqları təqdirdə hərbi bazaları yerlə yeksan edilməlidir. Həm də əks-hücum bir neçə saat ərzində yox, günlərlə davam etməlidir.

Erməni ordusunun günlərlə davam edəcək atəş qarşısında davam gətirməyə gücü olmadığı kimi, erməni cəmiyyətinin də səfərbərlik potensialı yoxdur.