Fransanın növbəti qərəzli mövqeyi

13 Aprel 2023 16:52 (UTC+04:00)

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin aprelin 11-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanatı reallığı əks etdirmir. Bu mövqe 25 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən Fransanın Ermənistanı dəstəkləməklə yanaşı, birbaşa Azərbaycanı ittiham etməsi deməkdir. Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Parisin ard-arda ölkəmizlə bağlı həqiqəti əks etdirməyən, absurd və bütün bəndləri yalanlardan ibarət qətnamələrinin davamıdır. Emmanuel Makronun ən çox güvəndiyi Frankofoniya təşkilatı belə qətnaməni qərəzli adlandırdı. Nəticə etibarilə, Azərbaycana yönəlik əsassız ittihamlar qətnamədən çıxarıldı. Fransa Azərbaycan və Türkiyəyə düşmən mövqeyində olan Ermənistanı dəstəkləməklə özü də düşmənçiliyini bildirir. Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdırsa, digər səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemoniya qurmaq istəyi və bu marağının İngiltərə, ABŞ-ın yanı sıra, həm də Türkiyə ilə toqquşmasıdır. Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Şarl De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı ərəb ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Makronun siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Əərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görürük. Makron əslində Fransa xalqına deyil, qlobal kapitalizmə xidmət edir. 7 may 2017-ci il seçkilərində, Makronun qlobal kapitalizmin dəstəyi ilə prezident seçildiyini hamı bilir. Dolayısı ilə, Makronun bu həmlələri bir yandan qlobal kapitalistlərə borcunu ödəmək məqsədi daşıyır. Bu münasibətlərin indiki durumunun təməli həm də Makronun 2019-cu ildə Putinə ”bölgəni birlikdə dizayn edək" təklifi olmuşdur. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada oyundan kənara atdı, Liviya da istədiyini vermədi, İraqda heç cürə varlığı yoxdur, Tunisdə çevriliş planı boşa çıxdı. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu. Qısacası, beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Türkiyəyə qarşı düşmən mövqeyi və erməni lobbisinin təsiri ilə Makron Qarabağ məsələsinin həlli ilə bağlı açıq-aşkar ermənipərəst mövqe sərgiləyərək Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi